Saakaşvilinin təyinatından sonra Gürcüstan Ukraynadakı səfirini geri çağırıb
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin Ukraynanın Milli İslahatlar Şurasının İcra Komitəsinə rəhbər təyin edilməsi ilə əlaqədar olaraq Gürcüstanın Ukraynadakı səfiri Teymuraz Şaraşenidze geri çağırılıb.
Bu haqda Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib. Zalkalianinin sözlərinə görə, Gürcüstan məhkəməsinin mühakimə etdiyi və haqqında axtarış elan olunan bir şəxsin Gürcüstanın strateji tərəfdaşı olan ölkədə vəzifəyə təyin edilməsi “suallar doğurur”.
- Şərh: Saakaşvilinin Ukraynaya üçüncü gəlişi
- “Gürcü” Saakaşvilinin “ukraynalıdan” dörd fərqi
- Ukraynalılar hakimiyyətlə zarafat edib. Ukraynada komik aktyorun necə prezident ola bildiyi və onunla bağlı gözləntilər haqda reportaj
Nazir qeyd edib ki, iki ölkə arasında “müəyyən problemlər” yarandığı və səfirlə məsləhətləşmələr aparmağa ehtiyac duyulduğu zaman səfirin çağırılması diplomatik təcrübədə qəbul olunmuş bir addımdır.
Nazir bildirib ki, Gürcüstan səfirin çağırılmasını Ukrayna ilə diplomatik münasibətlərin kəsilməsi kimi nəzərdən keçirmir.
Mixail Saakaşvili prezident Zelenskinin 7 may sərəncamı ilə Ukrayna prezidenti yanında Milli İslahatlar Şurası İcra Komitəsinin sədri vəzifəsinə təyin edilib.
Aprelin 22-də Mixail Saakaşvili elan etmişdi ki, Ukrayna prezidenti Vladimir Zelenski ona baş nazirin islahatlar üzrə müavini vəzifəsini təklif edib. Bu bəyanata cavab olaraq Gürcüstan hökuməti öz etirazını bildirmişdi.
“Biabırçı qərardır” – Gürcüstanın siyasi müxalifəti Gürcüstan hökumətinin səfiri Ukraynadan çağırması haqda qərarını belə dəyərləndirib. Bəzi müxalifətçilərin sözlərinə görə, Ukraynaya münasibətdə atdığı addımları ilə “Gürcüstan hökuməti Gürcüstanın maraqlarına zidd hərəkət edir”.