Moskvadakı plakatlar: Bakı-Moskva böhranında radikal millətçilər Kremldən xəbərsiz hərəkət edirlər?
Rusiyada Azərbaycan evinin qarşısında aksiya
Avqustun 27-də Rusiyada sərbəst siyasi aksiyaların nadir hadisəyə çevrildiyi bir vaxtda bir qrup radikal millətçi Azərbaycanın Moskvadakı diplomatik nümayəndəliyi önündə aksiya keçirib. Üç plakat yerləşdirilib, video çəkilib və görüntülər qrupun on minlərlə izləyicisi olan Teleqram kanalında yayılıb.
Azərbaycanın Rusiya səfirliyinin qonaq evi qarşısında naməlum şəxslər tərəfindən Azərbaycan əleyhinə təxribatın videosu pic.twitter.com/3CkEXuYacp
— Unikal.az (@UnikalOrgPortal) August 27, 2026
Hadisə kiçikmiqyaslı olsa da, belə bir sual yaradır: Rusiyada müxalif fikrin küçədə ifadəsi sərt şəkildə məhdudlaşdırıldığı halda, radikal millətçilər Bakı-Moskva münasibətlərinə Kremldən tamamilə xəbərsiz müdaxilə edə bilərlərmi?
Bu sualın hazırda qəti cavabı yoxdur. Burada söhbət Kremlin hadisədən sonradan xəbər tutub-tutmamasından deyil, bu cür qrupların fəaliyyət sərhədlərinin hakimiyyət tərəfindən necə müəyyənləşdirilməsindən gedir.
Aksiyanın Rusiya hakimiyyəti tərəfindən sifariş edildiyini göstərən sübut mövcud deyil. Ancaq eyni qrupun Azərbaycanı ikinci dəfə hədəfə alması və ölkədə müxtəlif siyasi mövqelərə fərqli münasibət göstərilməsi onlara qarşı “müsbət ayrı-seçkilik” ehtimalını araşdırmağa əsas verir.
Üç plakatda hansı ittihamlar vardı?
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, plakatlar səfirliyin əsas binasının deyil, onun qonaq evinin qarşısında yerləşdirilib. Aksiyanı “Birbaşa fəaliyyət Z” (Прямое действие Z) adlı Teleqram kanalı işıqlandırıb. Kanal özünü Eduard Limonovun “Başqa Rusiya” partiyasının informasiya resursu kimi təqdim edir.
Plakatlarda Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti işgəncədə, İlham Əliyev isə bunu ört-basdır etməkdə ittiham olunub, “Rusların qanı sizin əllərinizdədir” və “Rusiya vətəndaşlarından əlinizi çəkin” şüarları yazılıb.
Təşkilatçıların bəyanatında Azərbaycanda həbsdə olan 8 rusiyalı, İvan Knyazev, Semyon Uralov və Aleksey Çadayev barəsində açılmış cinayət işi, Bakının Ukraynaya münasibəti və 2023-cü ildə Qarabağda rusiyalı sülhməramlıların öldürülməsi vahid “antirusiya siyasəti”nin təzahürləri kimi təqdim edilir. Azərbaycan diasporu da “kölgə biznesi” aparmaqda ittiham olunur.
Azərbaycan XİN hadisəni “qəbuledilməz təxribat” adlandırıb və bunun bəzi Rusiya media resurslarında Azərbaycana qarşı aparıldığını bildirdiyi kampaniyanın davamı ola biləcəyini qeyd edib. Bakı Moskvadan hadisəni araşdırmağı və diplomatik nümayəndəliyin təhlükəsizliyini təmin etməyi tələb edib.
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin qonaq evi qarşısında təxribatla bağlı açıqlama
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) August 27, 2026
⬇️⬇️⬇️https://t.co/YPLnFLJ4Mx
Statement on the provocation in front of the Guest House of the Embassy of the Republic of Azerbaijan in the Russian Federation… pic.twitter.com/D9TwDicyqr
Düz bir il əvvəl də eyni qrup
Hadisəni təsadüfi küçə aksiyası kimi qiymətləndirməyə mane olan detallardan biri tarixdir. 27 avqust 2025-ci ildə həmin hərəkatın üç üzvü Azərbaycanın Sankt-Peterburqdakı konsulluğu qarşısında aksiya keçirmişdi. Onlar polis tərəfindən saxlanılmışdılar.
O vaxt səslənən ittihamlar indiki plakatlardan fərqlənirdi. Onlar Bakının Ankara ilə ittifaqına, Ukraynaya dəstəyinə və Azərbaycanın enerji bazarında Rusiyaya rəqib olmasına etiraz edirdilər. Sonrakı aylarda konsulluq qarşısında “Rusofobiya xəstəlikdir” şüarı ilə təkadamlıq piketlər də keçirilib.
İkinci aksiyanın düz bir il sonra təşkil olunması əvvəlki kampaniyanın davamı təsiri bağışlayır. Lakin təşkilatçılar tarixin xüsusi seçilib-seçilmədiyini açıqlamayıblar.
Kremlə yaxın, yoxsa Kremlə qarşı?
“E.V. Limonov adına Başqa Rusiya” qeydiyyatdan keçməmiş siyasi təşkilatdır. O, 2007-ci ildə Rusiya məhkəməsinin ekstremist elan edərək qadağan etdiyi Milli-Bolşevik Partiyasının keçmiş üzvləri tərəfindən yaradılıb. Təşkilat rus millətçiliyini, “sovet nostalgiyası”nı və imperiya ideyalarını birləşdirir.
Onun üzvləri Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləyir, bəziləri Rusiya tərəfində döyüşüb. Hərəkatın “İnterbriqadalar” adlı qanadı 2014-cü ildən Donbasda fəaliyyət göstərib. Bu baxımdan qrupun xarici siyasət ritorikası Kremlin əsas xətti ilə ziddiyyət təşkil etmir.
Amma bu, təşkilatın birbaşa Kreml tərəfindən idarə olunduğunu sübut etmir. Milli-bolşeviklər Mərkəzi Bankı, “Roskomnadzor”u və digər dövlət qurumlarını da hədəfə alıblar. 2025-ci ilin oktyabrında Mərkəzi Bank qarşısında aksiya keçirən dörd üzv saxlanılıb. 2026-cı ilin fevralında isə təşkilatın fəalları “Roskomnadzor”un Moskva ofisinin qapısına qıfıl vuraraq ərazidən uzaqlaşıblar.
Rusiya XİN avqustun 18-də Knyazev, Uralov və Çadayevin bəyanatlarının Moskvanın Azərbaycana yanaşmasını əks etdirmədiyini açıqlamışdı. Azərbaycanla bağlı son bəyanatda milli-bolşeviklər buna görə XİN-i həmin şəxsləri müdafiə etməməkdə günahlandırırlar. Təşkilat bildirir ki, dövlət rusiyalıların deyil, “xarici strukturların” maraqlarını üstün tutur. Başqa sözlə, aksiya yalnız Bakıya deyil, Moskvanın “yetərincə sərt olmayan” siyasətinə də təzyiqdir.
Müsbət ayrı-seçkilik məsələsi
Milli-bolşeviklərin özləri də bəzən saxlanılır və inzibati həbsə məruz qalırlar. Buna görə onları toxunulmaz və Kremlin bütün tapşırıqlarını yerinə yetirən qrup kimi göstərmək reallığı sadələşdirərdi.
Digər tərəfdən, Rusiyada siyasi aksiyalara münasibətin bərabər olmadığı da açıqdır. “OVD-Info”nun son əlçatan hesablamasına görə, 2022-ci ilin fevralından 2025-ci ilin iyulunadək müharibə əleyhinə mövqeyin ifadəsinə görə 20 mindən çox saxlanma halı qeydə alınıb. Eyni dövrdə Ukraynadakı müharibəni dəstəkləyən, lakin hakimiyyəti daha sərt davranmağa çağıran qruplar açıq toplantılar keçirə, ianə toplaya və sosial şəbəkələrdə fəaliyyət göstərə biliblər.
Ekstremizm üzrə araşdırmalar aparan Counter Extremism Project bu münasibəti Kreml ilə milli-bolşeviklər arasında “narahat ittifaq” kimi təsvir edir: qrup hakimiyyəti tənqid edir və üzvləri vaxtaşırı həbs olunur, amma onun Ukraynadakı fəaliyyəti və müharibə tərəfdarı təşviqatı əsasən dözümlə qarşılanır.
Bu model Azərbaycanın diplomatik nümayəndəliyi qarşısındakı aksiyanın dövlət sifarişi olduğunu göstərmir. Ancaq hakimiyyətin hansı aksiyanı dərhal dayandırdığı, hansına isə mane olmadığı barədə sualı aktuallaşdırır.
Hüquq müdafiəsi, yoxsa etnik təzyiq?
Azərbaycanda həbs edilən rusiyalıların vəziyyəti ilə bağlı real və cavabsız suallar var. Onların saxlanılmasından sonra yayılan görüntülərdə bəzilərinin üzündə zorakılıq izləri görünürdü. Məhkumlardan Dmitri Fyodorovun psixoloji vəziyyətinin ağırlaşdığı və yaxınlarını tanımadığı da bildirilir.
Lakin milli-bolşeviklərin bəyanatı konkret məhbusların müdafiəsi ilə kifayətlənmir. Burada hüquq məsələsi “rus qanı”, Ukraynaya dəstək və bütöv Azərbaycan diasporuna qarşı ittihamlarla birləşdirilir.
Rusiyada Azərbaycan evinin qarşısında aksiya