Rusiya: koronavirus: yoluxmaların kəskin artması halında ölənlərin sayı təəccüblü dərəcədə azdır və ölənlərin çoxu tibb işçiləridir. Niyə?
Koronavirus Rusiya ərazisində sürətlə yayılır. Son bir həftədə hər gün yeni yoluxanların sayı ilə bağlı növbəti rekord qeyd olunur.
Son gün ərzində Rusiyada 11 232 nəfər xəstələnib. Mayın 8-ə qədər ölkə yoluxanların sayına görə artıq dünyada beşinci yerə yüksəlib – burada ümumilikdə 177 160 yoluxma halı təsdiqlənib.
Amma mütəxəssislər ölüm hallarının kəskin artan yoluxma hallarına uyğun gəlmədiyinə təəccüblənirlər.
Rəsmi məlumata əsasən, mayın 8-ə qədər 1625 nəfər ölüb. Bu o deməkdir ki, bir milyonluq əhaliyə təxminən 11 nəfər düşür.
Halbuki, pandemiyanın belə güclü təsir etdiyi digər ölkələrdə bu rəqəm müqayisəyə gəlməyəcək dərəcədə yüksəkdir: ABŞ-da bu rəqəm bir milyonluq əhaliyə 228, İtaliyada 495, İspaniyada 558-dir.
- Koronavirus Şimali Qafqazda: qurbanların və hakimiyyətə etimadsızlığın kəskin yüksəlişi
- Türkiyə mayın sonunda artıq turizm mövsümünü açmağa hazırlaşır. Bu, necə təşkil olunacaq? Foto
- Koronavirus, Qafqaz və dünya üzrə xronika
Başqa anormal rəqəm də var – tibb işçiləri arasında ölüm halı çox yüksəkdir.
Pandemiya başlayandan ümumilikdə ölən 1625 nəfərdən 113 nəfəri tibb işçiləridir.
Böyük Britaniyada və İtaliyada koronavirusdan ümumilikdə ölənlərin sayı 30 mindən çox olduğu halda tibb işçiləri arasında 100 nəfərdən bir qədər çox ölən olub.
Rusiyalı həkimlər “Anım siyahısı” yaradıblar və ölən həmkarlarının adını ora daxil edirlər.
Koronavirusla mübarizəyə qaynaqçı maskası ilə
Əsas infeksiya ocağı olan Moskvanın meri xəbərdarlıq edib ki, 15 milyona yaxın əhalisi olan şəhər sakinlərinin iki faizinə yaxını yoluxmuş ola bilər.
Rusiyada koronavirusun əsas yayılma mənbələri bunlar olub: kilsə, hərbi hissəslər, ayrı-ayrı neft və qaz mədənlərində yataqxana fəhlələri və …xəstəxanalar.
“Bu, həyatımdakı ən uzun iki ay oldu”, – Sankt Peterburqdan olan tibb bacısı danışır. – “Mən həmin müddəti həmkarmın evində yaşadım ki, xəstələnsəm, ərimi və oğlumu yoluxdurmayım. Müəyyən məqamda bizim xəstəxanada maskalar qurtardı və rəhbərlik xahiş etdi ki, evdən özümüzünkünü gətirək”.
Sankt Peterburqun yalnız bir xəstəxanasında 115 nəfər karantindədir. Bir neçə iri şəhərlərdən də analoji xəbərlər gəlir.
Hər yanda müdafiə avadanlıqları çatışmadığı üçün xəstəxanalar infeksiya yayılan ocağa çevrilir.
Oryol şəhərində “Deystviye” (“Əməl”) tibb işçilərinin müstəqil həmkarlar ittifaqının nümayəndəsi Dmitri Seryoqin bildirir ki, az əvvələ qədər təcili yardım briqadaları çağırışa getdikləri zaman nə maska nə əlcək taxa bilirdilər, çatışmırdı çünki.
Sonra qaçılmaz hadisə baş verib – onun yeddi həmkarı yoluxub.
“Mənim illüziyalarım yoxdur, mən özüm də yoluxacağam – bu sadəcə vaxt məsələsidir”, – Seryoqin deyir.
“Putin söz verib – qoy, o da sizə pul versin”
Bir çox tibb işçiləri bu şərtlərə tab gətirmir.
Sankt Peterburqdan olan həkim Marina Zamyatina ərinin zoruyla qaynaqçı maskasında işə çıxmalı olandan sonra istefa verməli olub.
Moskvanın “Kommunarka” əsas infeksion xəstəxanasındakı işindən istefa verən tibb bacısı danışıb:
“Biz 2-3 gün sadəcə yuxu fasiləsi ilə işləyirdik. İnfeksiya zonasında növbələr 10-12 saat davam edirdi – müdafiə avadanlıqlarını daha az dəyişmək üçün.
Bir ay belə işləyəndən sonda 23 min rubl (300 avroya yaxın) pul ödədilər. Putinin vəd etdiyi əlavə ödəniş haqda soruşanda isə mənə dedilər ki, “Putin söz verib, gedin, ondan alın”.”.
Rusiya sosial şəbəkələri koronaviruslu xəstələrlə işləyən həkimlər üçün pul toplamaq çağırışları ilə dolub-daşır. Əsas tələbat maska və müdafiə kostyumlarınadır. Bir də növbə çəkən həkimlərə yemək almaq üçün pul toplayırlar.
Məlum olub ki, tibb işçilərindən bir neçə sutka işləmək tələb olunur, amma bu zaman onlara yemək verilmir.
Sibirdə kiçik Rubtsovsk şəhərində həkimlər yerli hakimiyyətə ümumi müraciət ünvanlayıblar və onlar üçün qidalanma təşkil olunmasını xahiş ediblər. Onlara cavab veriblər ki, şəhər büdcəsində yalnız zədələnmiş kanalizasiya borularının təmiri üçün pul var.
Tibb universitetinin tələbələri qovulmaq qorxusu ilə ən təhlükəli işlərdə
Xəstəxanalarda koronaviruslu xəstələrlə işləyən tibb işçilərinin çatışmamasını hakimiyyət tibb universitetlərinin tələbələrinin hesabına kompensasiya etməyə çalışır. Moskva və Sankt Peterburqdan belə xəbərlər gəlir, həmçinin əyalətlərdə də eyni şey baş verir.
Yuxarı kurs tələbələrinə elan ediblər ki, bu yolla onlar “təcrübə keçmiş olacaqlar”, etiraz edənlər isə sonradan düzəltmək mümkün olmayan akademik borca görə təhsillərini başa vura bilməyəcəklər.
Heç də bütün tələbələr belə təcrübə ilə razılaşmır. Moskvada Birinci Tibb Akademiyasının bir qrup tələbəsi #СтудентНеРаб (#TələbəQulDeyil) heşteqi ilə kampaniya başladıb. Kampaniya iştirakçıları şantajlara son qoymağı və tələbələrin kovid-klinikalarda hüquqi qeydiyyatla işə qəbulunu təmin etməyi tələb ediblər.
Statistikaya etibar etmək olarmı?
“Azadlıq Radiosu”nun jurnalistləri Moskvanın ən böyük 52-ci xəstəxanasında tibb işçilərinə kömək edən könüllü ilə danışıblar.
İlya Kovalyov danışıb ki, “təcili yardım” yalnız faktiki olaraq özləri nəfəs ala bilməyən xəstələri xəstəxanaya gətirir.
“Bir çox xəstəxanalarda həkimlər bildirirlər ki, Rusiyada əslində hər gün koronavirusdan statistikaya qeyd olunandan 7-10 nəfər daha artıq ölür.
Yoluxma fonunda insanlarda ya xəstəliklər kəskinləşir, ya da inkişaf edir. Və bu insan öləndə səbəb kimi həmin xəstəliyi qeyd edirlər, Covid-19 yox”.
“Mənim yaxın tanışımın nənəsi vəfat etdi. Yazdılar ki, ürəkdən ölüb. Amma infarkta səbəb olan ikitərəfli pnevmoniya yaranmasaydı, ürəyi onu ümumiyyətlə narahat etməzdi. Koronavirus onun ağciyərlərini praktiki olaraq məhv etmişdi”.