Rusiya: cəzasız məişət zorakılığı ili
Rusiyada ailə daxilində zorakılığa görə cinayət məsuliyyətinin ləğv olunmasından bir il ötür. Human Rights Watch beynəlxalq hüquq müdafiə təşkilatı hazırladığı məruzədə bu qərarın hansı nəticələrə yol açdığını analiz edib.
Qısaca nəticələr belə səslənir:
Rusiyada məişət zorakılığından əziyyət çəkən qadınların 60-70 faizi yardım üçün müraciət etmir. Polisə müraciət edənlər arasında isə yalnız 3 faizi məsələni məhkəməyə qədər apara və təcavüzkarın cəzalandırılmasına nail ola bilir.
• Artıq bağçada qızına “yaxşı arvad” olmağı öyrədirlərsə, nə etməli?
• Abxaziyada ailə zorakılığı var, yoxsa bu, hüquq müdafiəçilərinin uydurmasıdır?
• Təcavüzdən sonrakı həyat. 22 yaşlı gürcü qızın hekayəsi
Ailə zorakılığının dekriminallaşdırılması riskləri əhəmiyyətli dərəcədə artırıb. Minlərlə qadın faktiki olaraq öz ailəsində təcavüzkarla təkbətək qalıb.
Bu mövzuda dəqiq statistikanı hesablamaq mümkün deyil – respondentlərin çoxu uzun illər boyu adi ailə zorakılığının qurbanı olduğunu etiraf etməkdən utanır və qorxur.
Məruzə müəllifləri bu cür təqribi nəticələrə gəliblər:
• Ən azı hər beş qadından biri həyatının bu və ya digər məqamında həyat yoldaşı və ya tərəf müqabili tərəfdindən fiziki zorakılığa məruz qalıb.
• Rusiyalı qadınlar üçün yad adamlardansa yaxın adamlar tərəfindən zorakılığa məruz qalmaq ehtimalı üç dəfə daha yüksəkdir.
Lizanın hekayəsi
Pskov şəhərinin 33 yaşlı sakini Liza Human Rights Watch məruzəsinin müəlliflərinin danışdıqları çox sayda qadınlardan biridir. Onun söylədikləri:
[pullquote]Rusiyada minlərlə qadın öz ailəsində təcavüzkarla təkbətək buraxılıb[/pullquote]
“O məni itələdi, mən mətbəxdə yerə yıxıldım. O yaxınlaşıb, qarnıma vurdu. Dedi ki, həyatı boyu təmiz qızla rastlaşmaq arzusunda olub, mən isə onu məyus etmişəm, təmiz çıxmamışam.
Gecələr mənimlə cansıxıcı söhbətlər aparırdı, ondan əvvəl kimlə görüşdüyümü bilmək istəyirdi, yuxudan oyadıb, tələb edirdi: “Danış görüm”. Çox arıqlamışdım, işləyə bilmirdim, yuxumu almırdım. Özümə əminliyim sıfırdaydı, tamam ruhdan düşmüşdüm.
Məni daha tez-tez döyməyə başladı, bir dəfə başımı unitaza soxdu. May bayramları gələndə qapını bağlayıb, sakitcə belə dedi: “İndi səndən həqiqəti alacam”. O vaxta qədər həmişə evdə qalın tüklü xalat geyinirdim ki, zərbələr çox ağrılı olmasın. O, kətili başıma çırptı, remenlə döydü. Sonra bıçağı götürüb ayaqlarımın altına soxmağa başladı. Sonra başımı tutub, üzümə işədi.
Oğlum ağlayırdı və deyirdi: “Ana, ona artıq həqiqəti danış!””
Polisin düşmən münasibəti və sübut tələbi
Məruzə müəllifləri bildirirlər ki, hüquq-mühafizə orqanlarında ailə zorakılığına məruz qalan qadınlar çox vaxt açıq düşmənçiliklə qarşılaşırlar, onların şikayətini qeydiyyata almaqdan və məsələni araşdırmaqdan imtina edirlər.
Zərərçəkənlərə müstəqil şəkildə sübut toplamağı və məhkəmə xərclərini özlərinin çəkməyini təklif edirlər.
Bu proses ailə zorakılığı qurbanı olanlar üçün mümkünsüz dərəcədə mürəkkəb və səmərəsiz olur, buna görə də çoxları cinayət təqibindən imtina edir.
•Feminizm – bu qədər stereotip və onunla mübarizə nə üçündür?
•Qızlara işləmək olmaz, onlar atalarını və ərlərini dinləməlidir – Qarabağdan hekayələr
Dövlət sosial xidmət müəssisələri isə sığınacaqla təmin etmək üçün çoxlu sənəd tələb edir. Hətta bir paket sənəd toplanandan sonra da həftələrlə qərarı gözləmək lazım gəlir. Üstəlik yardım və müdafiə istəyənlərin böyük hissəsi imtina ilə qarşılaşır.
Bütün bunlar növbəti zorakılıq riski varkən və ya hər gün davam edərkən baş verir.
Yekun
Human Rights Watch məruzəsinin müəllifləri hesab edirlər ki, 2017-ci ilin fevralında yaxın şəxslərə qarşı ilk döymə hallarına görə cinayət məsuliyyətinin ləğvi geriyə doğru ciddi addım olub.
Ailədə ilk zorakılıq hallarının dekriminallaşması təcavüzkarlar üçün cəzasızlıq siqnalı olub, təcavüzkarı məsuliyyətə cəlb etmək baxımından zərərçəkənlərin işini çətinləşdirib və müdafiə zəmanətini zəiflədib.