Azərbaycanda təcavüzdən şikayət edəcək kimsə qalmasa necə olacaq?" />

Şərh: Ata xislətli polislər və ana xislətli müəllimələr

Azərbaycanda təcavüzdən şikayət edəcək kimsə qalmasa necə olacaq?

B

u yaxınlarda qadınların məişət zorakılığına həsr olunmuş bir tədbirdə vətəndaş cəmiyyəti nümayəndisi olaraq iştirak edirdim. Tədbir zamanı bütün qadınlar polisdən şikayət edirdi. Baxmayaraq ki, onlar ərləri, ataları tərəfindən döyüldüklərinə görə polisə müraciət edirlər, polis onları evlərinə yollayıb qeyrət-namus dərsi keçirmiş.

O an başa düşdüm ki, Azərbaycanda polis özünü orta statistik ata kimi aparır.

Həmin o ata ki, atalığı ancaq ailənin namusunu qeyrətini çəkmək, kişiliyin də məhlənin namusunu qeyrətini çəkməkdən ibarət olduğunu düşünür. Yəni, “səsini çıxarma, özünü biabır etmə, sənə söz gəlməsin, yoxsa mənə də söz gələr” deyən orta statistik ata.

Necə ki, Lerikdə yaşayan bir ata 13 yaşlı qızının zorlandığını bilə-bilə, namusunu təmizləmək üçün cinayətkarla əl-bir olub, olanları inkar edir, və həmin cinayətkara qızını ərə verməyə hazırlaşır, elə də polis hüquq keşikçisi olmaqdan namus keşikçisi olub məsələni ört-basdır edir.

Qızlarının nə hiss etdiyi ataların vecinə olmadığı kimi, xanımlarının nə hiss etdiyi ərlərinin vecinə olmadığı kimi ölkədəki qadınların da nə hiss etdiyi də bu kişi cinsindən olan polislərin vecinə deyil.

Həmin tədbirdə bir millət vəkili söz alıb qadınların hüququndan danışarkən isə belə bir söz işlətdi “qadınlara azadlıq vermək lazımdır, amma bir o qədər də yox”.

Yəni kişi cinsinin hansısa nümayəndəsi mənim nə qədər azad ola biləcəyimə dair qərar verməyi, fikir bildirməyi özünə haqq bilir. Bu da qızına azadlıq verməyin namussuzluq olduğunu düşünən orta statistik ata xislətli millət vəkili idi. Həmin millət vəkili ki, biz öz qanunvericiliyimizi ona həvalə etmişik.

Q

adınlara həsr olunmuş başqa bir tədbirdə də bir xanım qızının oxuduğu məktəbdən şikayət edirdi. Dedi ki, məcbur olub gedib müəllimələri ilə danışıb ki, qızına “özünü qız kimi apar”, “sən gələcəyin gəlinisən” tipli məruzələr oxumasınlar.

O an da fərqinə vardım ki, biz həm də ana obrazlı müəllimələrin əlində qalmışıq.

Bu müəllimələrin, polislərin, millət vəkillərinin evdəki davranışlarını işə gətirmələri təbiidir.

Övladlarına əxlaq anlayışının ancaq susmaqdan, geyinməkdən, ərə gedib ana olmaqdan ibarət olduğunu yeridən, övladlarının yaşından asılı olmayaraq azadlıqlarını əlindən alan, onları daima döyən valideyinlər, uşaq bağçasında, polis bölməsində xalxın uşağını döyməkdə də problem görmürlər.

Onlar peşəkar sahələrində də müəllim olaraq, polis olaraq camaata savad vermək, hüququnu qorumaqla yox məhz namus-qeyrət dərsi keçməyi düzgün sayırlar.

Nəticədə ölkədə savadsız, hüququnu bilməyən, öz azadlıqları haqqında susub amma camaatın geyiminə davranışına müdaxilə etməyi doğru sayan, bir-birini susduran, zorlanmış qızını cinayətkara verib namusunu təmizləyən insanlar yetişir, məktəblərdə dərs deyir, polis işləyir, hakim, vəkil, prokuror, millət vakilləri olur.

A

mma onlarla bərabər cəmiyyətin hər bir fərdinin dərdini çəkən, müdafiə edən vətəndaş cəmiyyəti nümayəndələri də var.

Vətəndaş cəmiyyəti ona görə lazımdır ki, dövlət yaranan problemlərin qarşısını özü ala bilmədikdə, hər bir fərdə zaman və resurs xərcləyə bilmədikdə vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edib onların köməyindən istifadə etsin. Vətəndaş cəmiyyəti isə həm dövlət institutlarının inkişafı üçün nəzarət mexanizmini yerinə yetirir, həm dövlətin üstünə yük düşməsin deyə alternativ çıxış yolları təqdim edir.

Amma bizim dövlət nəyinki əməkdaşlıq etmir, ümumiyyətlə vətəndaş cəmiyyətinə düşmən kəsilib.

Vətəndaş cəmiyyəti məcbur fəaliyyətini dayandırıb köçüb sosial şəbəkələrə, kafelərə, çayxanalara. Artıq nəzarət mexanimimi yerinə yetirən, alternativ həll yolları təqdim edən kimsə yoxdur.

Əgər vəziyyət dəyişməz olaraq belə davam edərsə, dərəbəylik, özbaşınalıq qaçılmaz olacaq. Cinayət törədməkdə, kiminsə hüququnu pozmaqda günahkar insanların məhkəməsiz döyülməsi və öldürülməsi baş verəcək.

Mən özümə sual verirəm: mənə qarşı kimsə zorakılıq tətbiq etsə polisə gedəcəyəmmi? Və yaxud mənim qızım olsa, onu bağçada döyən, ona məktəbdə “gələcəyin gəlini” olmağı öyrədən müəllimələri şikayət edəcəyəmmi? Edəcəyəmsə, kimə şikayət edəcəyəm? Eyni ana –ata xislətli polisə, təhsil nazirliyinin işçilərinə? Yoxsa məcbur olub ədaləti öz gücümlə, zorakı vasitələrlə alacağam? Mənə ya da övladıma zorakılıq törədən insanı özüm döyəcəyəm?

Artıq bu sualı özümə verməyim təhlükəlidir. Çünki ikinci seçim-mənim ədaləti özüm bərqərar etməyim – ən azından ehtimal kimi üfüqdən görünməyə başlayır. Və mənim kimi minlərlə insanın bu vasitəyə əl atma ehtimalı çoxalır. Hələki bu sadəcə ehtimaldır, amma təhlükə siqnalı artıq yanmağa başlayıb.


More on JAMnews