Əsas stereotiplər və bunlarla nə etməli " />

Qadınlar nə uğrunda mübarizə aparırlar? Feminizmin əlifbası

Əsas stereotiplər və bunlarla nə etməli

Foto: Yana Korbezaşvili/ JAMnews

Martın 8-i dünya Beynəlxalq Qadınlar Gününü qeyd edir.

Əlbəttə son əsr ərzində qadınlar öz hüquqlarını müdafiə edərək, çox şeyə nail olublar. Məsələn, artıq onlar da seçkilərdə iştirak edir, uşaq dünyaya gətirməklə və ya neçə uşaq dünyaya gətirməklə bağlı da özləri qərar verir.

Buna baxmayaraq, tam bərabərhüquqluluğa nail olmağa hələ uzun yol var. Bu yolu birinci gedənlər feminist adlanır. JAMnews onların kim olduğunu və nəyə nail olmaq istədiyini araşdırmağa qərar verib. Ən geniş yayılmış stereotipləri müzakirə edərək, danışacağıq.

_____________________________________________

Feminizmin qələbəsi qadınlar kişiləri əvəz edib, bütün sahələrdə aparıcı rolları tutanda baş verəcək?

Yox, bu, feminizm deyil, matriarxat olacaq.

Feminizm kiminsə dominantlığına qarşı çıxır. Hərəkatın tərəfdarları əksinə, həm qadınlar, həm də kişilər üçün bərabər hüquq və imkanların olmasını tələb edir. Hərəkatın üzvləri qadın diskriminasiyasına və gender mənsubiyyətinə görə kiminsə hüquqlarının pozulmasına qarşı çıxır. Qanuna görə, qadın da kişi kimi yaşadığı ölkənin vətəndaşıdır. Deməli, onun da kişinin sahib olduğu siyasi, iqtisadi və vətəndaş hüquqları olmalıdır.

Feministlər kişilərə nifrət edir, ailə institutuna qarşıdır, qollarının altını qırxmır və ümumiyyətlə onlar lesbiyandır

Feminizm kişilərə deyil, patriarxata qarşı mübarizədir. Bu, ictimai həyatın istənilən sahəsində – siyasətdə, ailədə, biznesdə hakimiyyətin kişilərin əlində cəmləşdiyi sistemə qarşı mübarizədir.

Feminizm seksual oriyentasiya və ya uşaqların sayı ilə ölçülmür. Evdar xanımlar, çoxuşaqlı qadınlar arasında da feministlər var. Feministlər arasında plastik əməliyyat edən və qlamur jurnalların üz qabığında poz verənlər də var.

Aktrisa Emma Uotson

Bəs biologiya necə olsun? Feministlər qadınlarla kişilərin eyni olduğunu düşünür

Ağlı başında olan heç bir feminist bunu sübut etməyə cəhd belə etməz. Əlbəttə, qadınlar və kişilər bioloji cəhətdən bir-birindən fərqlənirlər. Amma təkcə bioloji cəhətdən – vətəndaş hüququ baxımından qadınlar və kişilər arasında fərq olmamalıdır.

Dünyada ümumiyyətlə eyni adamlar yoxdur. Fiziki göstəricilər və müxtəlif bacarıqlarına görə bütün insanlar fərqlənir – ağ və qara, hündür və alçaq boylu, arıq və kök, kiminsə gözəl eşitmə qabiliyyəti, kiminsə gücü var, kimsə riyazi məsələlərin öhdəsindən asanlıqla gəlir. Amma qanun qarşısında onların hamısı bərabərdir.

Bundan əlavə, məgər kişi rəhbər vəzifəyə götürüləndə onun fiziki göstəriciləri nəzərdən keçirilir? İşə qəbul zamanı bioloji fərqlər bu qədər vacib olsaydı, onda şirkət direktoru vəzifəsinə müsahibə ilə deyil, armrestlinq turnirinin nəticələrinə görə təyin edərdilər.

Əslində, biologiyanın ictimai həyatda belə vacib olması lap uşaqlıqdan insanlara aşılanan stereotiplərlə bağlıdır. Uşaq bağçasında, məktəbdə, küçədə, evdə – hər yerdə eşidirik ki, kişi cəsarətli, qətiyyətli və güclü, qadın isə zəif, qayğıkeş, dürüst və tərbiyəli olmalıdır.

Gürcü və pravoslav ənənələrinə görə qadın kişiyə tabe olmalıdır. Və ümumiyyətlə din və feminizm bir-birinə zidd anlayışlardır

Dindən başlayaq və bu anlayış altında nəyin nəzərdə tutulduğunu müəyyən edək: inamın, yəni fövqəltəbiiyə bizim şəxsi münasibətimizin, bizim şəxsi fərdi axtarışımızın, yoxsa kilsə, təşkilatlanmış institutun.

Birinci halda feminizm və din bir-birinə tam uyğundur. Axı inanclı insan üçün Allah adildir və bütün insanlar bərabərhüquqludur. Feminizmin də əsas məqsədi məhz budur – bütün insanların bərabərhüquqluluğunu təmin etmək.

Yox, kilsədirsə, onda kilsə dərin patriarxal bir institutdur. O, XX əsrdə qismən islahatlar etdi və müasir düşüncələrə uyğunlaşdı. Amma kilsənin başqa qolları, məsələn pravoslav qolu ənənəvi, mühafizəkar qaldılar. Dini ehkamlara görə qeyri-bərabərlik yolverilməz olsa da, pravoslav kilsəsi öz patriarxal təbiətini və qadın üzərində nəzarətini qorumağa çalışır.   

Gürcü ənənələrinə gəldikdə isə nə üçün kişilər işə ənənəvi çuxa və xəncərlə getmirlər? Dünya dəyişib və burada bir çox geridə qalmış ənənələrə yer qalmayıb. Xüsusən də kiminsə azadlığını məhdudlaşdıran ənənələrə.

Söhbət dahi bəstəkarlar və rəssamlardan düşəndə, niyə onların arasında qadınlar yoxdur?

Əslində, yaxşı qadın bəstəkarların sayı az deyil. Amma sualın qoyuluşu səhvdir, səbəbi də budur:

Bəli, musiqidə də, rəssamlıqda da, elmdə və başqa sahələrdə də dahi kişilər qadınlara nisbətdə daha çox xatırlanır. Amma gəlin tarixə yenidən nəzər salaq – məgər qadınlarla kişilərin inkişaf şəraiti eyniydi? Minilliklər ərzində qadınlar istənilən intellektual fəaliyyətdən uzaq tutulur, onların nəinki öz bacarıqlarını tətbiq və inkişaf etdirmək, təhsil almaq imkanları belə yoxuydu.  

Bəlkə də qadınlar arasında “Leonardo da Vinçi” və “Rafael”lər olub və bəşəriyyət  onları itirib – sadəcə ona görə ki, onlara fırçaya yaxın durmağa belə icazə verməyiblər.

Tarixdə qadınların özünü reallaşdırmağın yeganə yolu kimi kişi təxəllüsündən istifadə etdiyi çox sayda misal var.

Amerikada qadınlar 1920-ci ilədək, Böyük Britaniyada isə 1928-ci ilədək seçkilərdə iştirak edə bilmirdilər. Səudiyyə Ərəbistanında isə qadınlara səsvermə hüququ yalnız 2015-ci ildə verildi.

Nə üçün feministlər bütün qadınların adından danışır? Axı heç də hamı bərabərlik tələb etmir və istəmir

Adətən qadınlar stereotiplərin əsiri olur və “bütün qadınlar axmaq”dır ifadəsi ilə razılaşır. Bu cür qadınlar əksər dostlarının kişi olduğunu vurğulamağı sevir. Bununla da onlar sanki “axmaq”lardan uzaq olur və özlərində “kişi ağlının” olduğunu isbatlayırlar.

Bərabərhüquqluluq ideyasını tanıyan, amma feminist kimi qəbul edilməsini istəməyən qadınlar var. Bu, feminizm anlayışının tez-tez  marqinallaşdırılması, feminist qadınların şəxsi həyatda bəxti gətirməyən aqressiv qadın kimi təqdim olunması səbəbindən baş verir.

Heç kim qadınlardan ailədən imtina etməyi və plitədən uzaqlaşmağı tələb etmir və heç kim demir ki, belə yaşamağa dəyməz. Məsələ ümumiyyətlə  bunda deyil.  Əsası azad seçim imkanıdır. Feministlər qadının doğub- doğmamaq, ailə qurub-qurmamaq, futbol oynayıb- oynamamaq, plastik əməliyyat etmək və ya öz təbii görünüşü saxlamaqla bağlı özünün qərra verməsi uğrunda mübarizə aparırlar.

Amma uşaqlıqdan beyinlərə yeridilirsə ki, qadının həyatında iki önəmli hadisə var, bu da toy və uşaq dünyaya gətirməkdir, azad seçim etmək çox çətin olur.

Köhnəlmiş təhsil sistemi də kömək etmir, bu, özünü tematik televiziya tok-şoularında da xüsusilə göstərir.

Qadınların bərabərhüquqluluq haqqında düşünmək istəməməsinin səbəblərindən biri də məhdud maliyyə imkanlarıdır. Adətən onlar kişilərdən tam asılı olur və öz “maliyyəçi”lərinin ssenarisi ilə yaşayırlar.

Kişilər feminist ola bilərmi?

Dünya üzrə milyonlarla kişi feminist baxışlarını qəbul edib. Bu da onlardan biri:

Aktyor Benedikt Kamberbetç

Əslində dünyanın patriarxal quruluşu kişilərin özlərinə də zərər verib və əslində bərabərhüquqluluq onlara da sərf etməlidir.

Bir tərəfdən, gender stereotipləri qadınları “qəfəsə salıb”. Amma kişiləri də cəmiyyətdə qəbul olunmuş modelə uyğun “əsl kişi” obrazına uyğunlaşmağa məcbur edib. O, ailəni təmin etməli, zəiflik göstərməməlidir. İki yaşından gələcək kişilərə ağlamağı qadağan edirlər,  axı sən kişisən! – deyirlər.   

Cəmiyyət kişi “qadın” işləri görəndə – mətbəxdə məşğul olanda, uşaqlara baxanda tərs-tərs baxır. Məsələn, qadın ezamiyyətdə olarkən uşaqlarla qalan kişini “qəhrəman” adlandırırlar. Bəs uşağın “pampers”ini dəyişən qadını kim “qəhrəman” adlandıracaq?

Sinxron üzgüçülüklə məşğul olan və ya toxumağı sevən kişilərə şübhə ilə baxırlar. Yadınızdadır, “Facebook”da Gürcüstan prezidentinin əlində ilmə ilə şəkli hansı şərhlərlə yayıldı?

Feminizmin əsas ideyası budur ki, heç kim heç kimi hansısa rola uyğunlaşmağa məcbur etməməlidir. Hər bir insan ona zövq verən işlə məşğul olmalı və həyat yoldaşının, xalanın, qonşunun və ya qardaşoğlunun qayınanasının deyil, öz istədiyi kimi yaşamalıdır.

Feministlərlə razılaşıb, bu hərəkatın fəalı olmamaq mümkündürmü?

Əlbəttə, mümkündür. Amma adətən feministlər sakit olmur. Axı onlar hər addımbaşı ədalətsizliklə üzləşir – sükan arxasına oturanda belə istehzalı təbəssüm sezə və ya hansısa irad eşidə bilərlər. Yeri gəlmişkən, statistikaya görə, qadınlar yol hərəkəti qaydalarını kişilərə nisbətdə xeyli daha az pozurlar.

Feminizm istənilən halda fəal mövqeni nəzərdə tutur. Amma bu mövqenin ifadə üsul və vasitələrini hər kəs özü seçə bilər. İşdəsənsə küçə aksiyalarına getməyə bilərsən. Amma səni sadəcə qadın olduğuna görə işə götürməyiblərsə, məhkəməyə müraciət edə bilərsən.

Bütün bunlar qeyri-hökumət təşkilatlarının qrant almaq üçün qaldırdığı boş ajiotajdır. Əslində Gürcüstanda bərabərhüquqluluq çoxdan bərqərar olub – hələ XII əsrdə çariça Tamara rəsmi olaraq çar titulu daşıyırdı

Həqiqətən də Gürcüstan qanunvericiliyi yaş və cinsi əlamətlərə görə ayrı-seçkiliyi qadağan edir. Əslində mənzərə tam fərqlidir. Bunun üçün iş elanı saytlarına baxmaq kifayət edir. Əksər şirkətlər indiyə qədər də müdir vəzifəsinə kişiləri, qadınları isə aşpaz, xadimə, ofisiant vəzifəsinə dəvət edir. Qadınlara elmdə də nailiyyət əldə etmək daha çətindir. Əmək haqlarında da ciddi diskriminasiya müşahidə olunur.  

Bundan əlavə, belə bir fikir yayılıb ki, qadın üçün karyera yüksəlişi önəmli deyil, əslində ona “qadın xoşbəxtliyi” – ailə, onu qoruyacaq, sevəcək, və hər şeylə təmin edəcək ər lazımdır.

Qadının karyera yüksəlişi imkanlarının xeyli az olmasını aparılan bu araşdırma ilə də təsdiq olunur:

2016-cı ildə sosioloqlar 217 ölkədən alınan məlumatlara əsasən aşağıdakı nəticəyə gəlib:   

Evdə təmizlik işləri, yeməyin hazırlanması, uşaqlara və yaşlı valideynlərə qulluq qadınların orta hesabla həyatının 23 ilini alır. Kişilər isə adətən bu öhdəliklərdən azaddır. Qadınlar kişilərə nisbətdə ev işləri ilə iki dəfə artıq məşğul olur və adətən məhz evdə  bu cür məşğulluq karyera və təhsildən imtinaya səbəb olur.  

Feministlər sadəcə özlərinə diqqət cəlb edir, arxalarında isə bir dənə də olsun real iş durmur

Feministlər olmasaydı, bu gün qadınların seçki, ali təhsil almaq, siyasətdə iştirak etmək, futbol oynamaq, rəhbər vəzifədə işləmək hüquqları olmazdı. Bütün bu hüquqları qadınlar öz hüquqları uğrunda mübarizədə əldə ediblər

Qadınların ictimai fəallığı və onların biznesdə iştirakı iqtisadiyyat üçün çox sərfəlidir. 2016-cı ilə 91 ölkədə aparılmış araşdırma göstərir ki, qadınların şirkətin idarəetməsində iştirakı biznesi daha gəlirli edir. Bunu BMT-nin məlumatları da təsdiq edir – ölkədə təhsil alan və işləyən qadınlar nə qədər çox olsa, həmin dövlətlərin iqtisadi artımı da o qədər gözə görünən olacaq.

Bundan əlavə, ölkədə təhsilli qadınlar nə qədər çox olsa, uşaq ölümlərinin sayı da o bir o qədər az olacaq.

Belə çıxır ki, feministlər artıq hər şeyə nail olublar? Bəs bu gün onlar nəyin uğrunda mübarizə aparır?

Təəssüf ki, hələ hər şeyə nail olmayıblar.  

Kişi və qadının eyni əməyin ödənilməsində əhəmiyyətli fərq qalır. Maaş məsələsində qadınların diskriminasiyası müxtəlif ölkələrdə yaşdan asılı olaraq 0.5 faizdən 52.9 faizə qədər dəyişir.  

Ailə zorakılığı da böyük problem olaraq qalır. Özü də heç də hamı ailə zorakılığını cinayət saymır. Zorlama zamanı isə adətən qurbanın özü ittiham olunur.  

Bu günə qədər qadınlara qarşı patriarxal cəmiyyətin ənənə hesab etdiyi cinayətlər mövcuddur. Məsələn, zorla ərə vermək; qadınların qaçırılması; “namus üstündə qətllər”; qadınların cinsi orqanlarında əməliyyatlar; abort qadağası; qadınların cinsi istismarı.   

Bütün bunlar bu günkü Gürcüstanda da var.

2016-cı il Ümumdünya iqtisadi forumunun yaydığı məlumata görə, qadınlar üçün ən geniş hüquqlara olmuş ölkələr İrlandiya, Finlandiya və Norveçdir. Ən acınacaqlı vəziyyət 92 faiz qadının stabil şəxsi gəliri olmayan Səudiyyə Ərəbistanı, Suriya, Pakistan və Yəməndədir.

Facebook Comments

More on JAMnews