Salome necə sağ qalmaq, mübarizə aparmaq və yaşamaq barədə danışır " />

Zorlanmadan sonra həyat. 22 yaşlı Salome Zandukelinin həyat hekayəsi

Salome necə sağ qalmaq, mübarizə aparmaq və yaşamaq barədə danışır

“Gürcüstanlı qadınlar” layihəsində müxtəlif şəhərlərdən və regionlardan olan qadınlar öz həyat hekayələrini danışır. Bu zaman da cəmiyyətin adətən susaraq keçməyi üstün tutduğu mövzulara toxunurlar. Onların öz özgürlüyü, ailələri, övladları barədə səmimi söhbətləri bu gün Gürcüstanda qadınların hansı sosial və başqa problemlərlə üzləşdiyini əyani şəkildə göstərir.

22 yaşlı Salome Zandukeli layihə çərçivəsində öz həyat hekayəsini bölüşənlərdən biridir. İki il əvvəl Salome zorlama qurbanı olub. O, nələrdən keçməli olduğu, həyata yenidən başlamaq üçün necə mübarizə aparmalı olduğu barədə danışır.   

Bu, küçədə baş verib

Faciə iki il əvvəl, 20 fevral 2016-cı il tarixində baş verib. Yenicə işləməyə başlamışdım, paralel olaraq əlavə qazanc mənbəyi tapmışdım, uşaqlara riyaziyyat və ingilis dili fənlərini keçirdim, buna görə də axşamlar Kavtaradzedən Sololakiyə, evə də Diğomi massivindən getməli olurdum, evə artıq çox gec, adətən gecə 12-yə yaxın gəlib çıxırdım. Həmin axşam pula qənaət etmək qərarına gəldim, taksi ilə deyil, Didube metrosundan evə piyada getdim. Qorxmurdum, axı bu şəhərdə doğulub, böyümüşəm.

Yolda bir nəfər arxamca düşüb, tanış olmaq istəyirdi. Təbii ki, onun suallarına cavab vermirdim, Tbilisidə bu, nadir hal deyil. Amma adam əl çəkmirdi, rayon qamqeobası (administrasiyası) binasının yanında isə təhqirlərə keçdi. Mən də artıq dözməyib, ona cavab qaytardım. Bir neçə dəqiqə sonra gördüm ki, artıq arxamca tək o yox, onunla birlikdə daha iki nəfər düşüb. Biri lap uşağıydı, o birisi 15-16 yaşlarında yeniyetməydi, məni yaxaladılar. Qışqırtılarımı həmin gecə heç kim eşitmədi. Məni qamqeoba binasının arxasına apardılar, orada kiçik küknarlıq var. Zorladılar. Bir an əlimə daş keçdi, vurmağa çalışdım. Sonra məlum oldu ki, dəymədim. Bundan sonra o məni boğmağa başladı. Hisslərimi xatırlayıram – sanki diri-diri basdırılmışdım, torpaqla nəfəs alırdım, torpaq gözlərimə, ağzıma dolmuşdu… bütün həyatım gözlərimin önündən keçdi – deyərlər ki, bu, ölümdən qabaq olur, öləcəyimi düşünürdüm. Möcüzə baş verəcəyinə, sağ qalacağıma ümid də etmirdim… Bütün bunlar da balaca oğlanın gözlərinin qarısında baş verirdi. Sonra da onlar pullarımı götürüb, getdilər.

Bir az özümə gələndən sonra dərhal polisə müraciət etdim. Bölmə yaxınlıqda yerləşirdi. Ora cırılmış paltarda, çox dəhşətli vəziyyətdə gəldim. Polislər əvvəlcə mənə inanmadılar, sərsəri olduğumu düşündülər. Qışqırmağa başladım. Hadisə yerinə getdik. Orada artıq hər şeyin mənim danışdığım kimi baş verdiyinə əmin oldular – əşyalarım yerə dağılmışdı, alt paltarım da ordaydı… Bütün bunları görəndən sonra polislərdən biri mənə səs-küy salmamağı məsləhət görməyə başladı, dedi, cavansan, ömrünün axırına qədər həyatını zəhərləyəcəksən. Mən yenə qışqırmağa başladım. Qəribədir ki, ağlamırdım. Qəzəb məni boğurdu.

Nəhayət iş açdılar. Onları tezliklə tapdılar. Düzdür, on yaşlı uşağı tutmadılar, amma qalan ikisini tutdular. Yetkinlik yaşına çatmayan 6, o birisi 13 il iş aldı. Məhkəmə prosesini təbii ki, qadın aparırdı.   

Məhkəmə

Sonra cinayətkarlar haqqında məlumat aldım. 15 yaşlı peşəkar dilənçiydi, böyüyü isə ailəli, üç uşaq atasıydı. Sonuna qədər günahını boynuna almırdı, çox fəal vəkili varıydı, yeri gəlmişkən, qadınıydı, heç bir həmrəylik və şəfqət hissi də göstərmədi. Yetkinlik yaşına çatmayan oğlana nəsə yazığım gəldi. Yazıb-oxumağı belə bacarmırdı, doğum tarixini də bilmirdi. İmza əvəzinə xaç şəkli qoyurdu. Onunla nədən danışaydın axı. Buna görə də düşünürəm ki, tək azadlıqdan məhrumetmə deyil, həm də hansısa qabaqlayıcı tədbirlər də olmalıdır. Deyək ki, bu altı ili həbsxanada keçirdi, azadlığa çıxdı, bəs sonra? Bəs birdən intiqam almaq istədi? Bu qərarı versə, mən harada gizlənməliyəm? Məhkəmə prosesində eyni zamanda həm şahid, həm də zərərçəkən olmaq çox ağırıydı.

Başqa bir məqam da var ki, penetrasiya baş verməyibsə, məhkəmə bunu zorlama hesab etmir. Buna görə də məhkəmədə bu məsələni yad adamlarla az qala daxil olmanın santimetrlərinə qədər müzakirə etməli olduğum tragikomik bir vəziyyət yarandı. Həm də mən məhkəmənin bütün iclaslarında iştirak etmək istəyirdim, amma onları növbəti günə keçirəndə və ya keçirilmə vaxtını dəyişəndə, məni adətən bu haqda məlumatlandıran olmurdu. Yetkinlik yaşına çatmayan uşağın prosesinə buraxılmadım. İkincinin ailəsi başıma dolanırdı, ərizəmi geri almağım üçün məni dilə tuturdular, söz verirdilər ki, oğlan mənimlə evlənəcək. Təbii ki, heç bir kompromisə getmədim. Məhkəmə cəza müddətinin 13 il olduğunu elan edəndə onun həyat yoldaşı mənim saçımdan yapışıb, döymək istəyirdi.     

Hamiləlik

Bir ay sonra birdən iştaham artdı. Hamilə qaldığım məlum oldu. Bu, mənim üçün şok oldu. Uşağı saxlamaq barədə düşünmürdüm, amma bu haqda düşünsəydim belə, ətrafdakıların təzyiqinə çətin ki, tab gətirərdim. Yaşlı bir qohumumun necə kəskin şəkildə: “Oğraş doğub, böyütmək fikrin var?” – dediyini xatırlayıram. Abort elətdirdim. Ağırıydı. Həmin gündən bütün bank kartlarımın polisdə olması vəziyyəti bir az da ağırlaşdırırdı. Yeməyə heç nəyin olmadığı vaxtlarım da olub. Arada bir, az-çox pul verən bir qohumum olmasaydı, vəziyyətdən necə çıxacağımı bilmirəm. Buna görə də zorlanmış qadının abort elətdirməyə məcbur olduğu hallarda dövlətin ona maddi yardım göstərməsi yəqin ki, doğru olardı.  

Ana

Bütün bunlar baş verəndə anamla ikimiz yaşayırdıq. Anam artıq beş iliydi ki, Alsqeymer xəstəliyindən əziyyət çəkirdi. Amma ona bu diaqnoz qoyulana qədər, həmişə mübahisə edirdik, çünki özünü çox qeyri-adekvat aparırdı, mənsə nəyin baş verdiyini anlamırdım. Məsələn, televizor ekranının qarşısından keçmək olmazdı, çünki guya oradan bizə kimsə baxır. Guya fotoşəkillər onunla söhbət edirdi, atamın çəkdiyi ikonalar isə guya bizdən nəsə oğurlamışdı. Bəzən güzgüylə, yəni öz əksiylə söhbət edirdi. Bir dəfə mən evdə olmayanda, qonşulara su axıtdı, onda da onu psixiatriya xəstəxanasına apardılar. Orada da Alsqeymer xəstəliyinə tutulduğu məlum oldu. Vaxt keçdikcə, davranışı bir az da məntiqsiz olurdu, amma onu evdə tək qoymaq mümkünüydü, çünki heç kimə mane olmurdu. Bütün xarakterik keyfiyyətlərini itirmişdi, amma onu bu cür bir az da çox sevdim.  

Zorlandığım gecə evə qayıdandan sonra birinci növbədə çimmək üçün hamama getdim. Anam arxamca gəldi, bədənimdəki qançırları görəndə nəyin baş verdiyini soruşdu. Ona hər şeyi danışdım. Çox ağladı. Bir saat sonra isə yenidən nəyin baş verdiyini, bəlkə də küçədə yıxıldığımı xəbər aldı. Anam bu yaxınlarda komaya düşüb, iki ay xəstəxanada qaldı. Bir həftə əvvəl dünyasını dəyişib.   

İnsanlar

Heç kimdən başıma gələnləri gizlətmirdim. Hamıya danışdım. Dəhşətə düşdüm – demə, çox sayda qadın bunu yaşayıb, amma bunu gizli saxlayıb və ya onları zorlayan adama ərə getməyi üstün tutublar. Bu da o adamlarla ki,… bir sözlə, bir anlıq belə təsəvvürümə gətirə bilməzdim.  Cəmiyyətin baş verənlərə münasibəti birmənalı olmadı – rəfiqələrim həmişə yanımda oldu, hər cür dəstək verdi, bəzən elə olurdu ki, faciəmdən xəbər tutub, ağlayırdılar, mən də onları sakitləşdirirdim. İşimi davam etdirdim, iş yoldaşlarım qeyri-adi adamlardı, iş mənə pis fikirləri unutmağa kömək edirdi. O vaxtlar sevgilim varıydı. Dedi ki, mənim yerimdə olsaydı, özünü öldürərdi. Bu, mənim üçün ən dəhşətliydi. Buna da mənə özünümüdafiə üçün pnevmatik silah alıb, özümdə saxlamağı məsləhət verdiyini xatırlatmağı əlavə olundu. Bəzi qohumlarım susmağı, heç kimə olanlar barədə danışmamağı, bununla da özümü tənhalığa düçar etməməyi məsləhət görürdü.

Bu cür məsləhətçilər məni çox əsəbiləşdirirdi, onlarla söhbətim qısa olurdu. Təsəvvür edin  ki, demə, günahkarlıq hissi ilə yaşamalısan, utanmalısan! Belə çıxır ki, baş verənlərdə özüm günahkaram? Ədəbiyyatda, mədəniyyətdə zorlanmış qadını elə tez-tez həyasız hesab ediblər ki, sanki onu zorlayan şəxsin deyil, onun vicdanı yoxdur. Zorlamadan sonra ayaqda duran qadın “modeli” də ədəbiyyatda yoxdur. Onların hamısı ya intihar edir, ya da həyatları alt-üst olur. Amma artıq öz təcrübəmdən çıxış edərək, bilirəm ki, buna sinə gərmək, mübarizə aparmaq, ayaqda qalmaq mümkündür. Hələ bu gün də depressiya, yuxusuzluq, qorxulu yuxularla mübarizə aparıram. Amma yenə də düşünürəm ki, qurban deyiləm, faciədən sağ çıxanam.

Layihə “Gürcüstanlı qadınlar” qadın təşəbbüs qrupu tərəfindən həyata keçirilir. (müəlliflər: Maiko Çitaia, İda Baxturidze, Nino Qamisoniya. Foto: Nina Baidauri, Salome Tsopuraşvili).

Platforma Milli Demokratiya İnstitutunun (NDI) dəstəyi və İsveçin İnkişaf Agentliyinin (SIDA) maliyyə dəstəyi ilə realizə olunur. Hazırda yeni müsahibələrin yazılışı, məqalələrin bir hissəsinin hazırlanması Şərq-Qərb (EWMI) – ACCESS İdarəçilik İnstitutu layihəsi çərçivəsində, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyəsi ilə həyata keçirilir.


More on JAMnews