Cavabı olanlarla video-müsahibə " />

Abxaziyada ailədaxili zorakılıq – varmı, yoxmu?

Cavabı olanlarla video-müsahibə

Əvvəlcə ekspert, parlament üzvü və ya psixoloq olmayan, müxtəlif həcmdə əməkhaqqı ilə dolanan, müxtəlif peşə sahibləri olan sadə insanların fikrini eşitmək istəyirdik. “Abxaziyada ailədaxili zorakılıq dərhal müdaxilə tələb edən ciddi problemdirmi?” sualına geniş cəmiyyətin cavabını dinləmək arzusunda idik.

Amma heç kim kamera qarşısında danışmaq istəmədi. Hətta diktafona da anonimliyin qorunması şərtilə razılaşdılar.

Bundan sonra məlum sualla ekspertlərə, parlament üzvlərinə və psixoloqlara müraciət etməli olduq. Amma küçədə sorğu edilənlərin bu suala cavab vermək istəməməsi özü-özlüyündə çox şeydən xəbər verir.

Respublikada məişət zorakılığı məsələsi ilə hamıdan çox Abxaziya Qadınları Assosiasiyası məşğul olur. Bu problemlə məşğul olmaq onlar üçün çox çətindir, çünki heç bir statistika yoxdur.

Maraqlıdır ki, bu görüşlərə ancaq qadınlar gəlib, dəvət olunan kişilərdən heç biri bircə dəfə də iştirak etməyib.  

Bu yaxınlarda onlar fəaliyyət sahəsi baxımından həm qurbanlarla, həm də təcavüzkarlarla ünsiyyətdə olan peşə sahiblərindən – milislərdən, həkimlərdən, hüquqşünaslardan, hüquq müdafiəçilərindən və deputatlardan geniş müsahibələr alaraq hazırladıqları tədqiqatı başa çatdırıblar. Assosiasiya eyni zamanda ən müxtəlif insanları müzakirəyə cəlb edərək, geniş mənzərəni yaratmağa çalışıb.

Tədqiqatçılar belə nəticəyə gəliblər ki, Abxaziyada mövcud olan məişət zorakılığının miqyası cəmiyyətdə ciddi narahatlıq doğurmalıdır.

2017-ci ildə Assosiasiyanın tərkibində Krizis Mərkəzi fəaliyyətə başlayıb. Mərkəızin hüquqşünası Maya Şirokova bildirir ki, cəmiyyətin mentalitet xüsusiyyətlərinə görə, hər bir qadın üçün bura gəlib, öz hekayəsini danışmaq böyük psixoloji sarsıntıdır.

“Qadın heç cürə müdafiə olunmayıb. Qanunvericilik onun müdafiəsi üçün hazırlanmayıb – məsələn, qadın birlikdə yaşamaq istəmədiyi adamdan elə boşansın ki, bu, onun üçün fəlakət olmasın. Aliment, əmlak bölgüsü – bütün bunlara nail olmaq qadın üçün o qədər çətindir ki, o, çox vaxt nə mənəvi, nə psixoloji, nə də maddi cəhətdən bunların öhdəsindən gələ bilməyəcəyi nəticəsinə gəlir və belə bir insanla yaşamağa davam edir”.

Nə etməli?

Hüquqşünas Oleq Papaskiri deyir ki, bu problemi fəal şəkildə həll etməyə çalışan ölkələrin təcrübəsindən yararlanmaq kifayətdir. Bu təcrübə nə deyir?

Hər şeydən öncə “məişət zorakılığı” anlayışını özündə əks etdirən və reaksiya mexanizmini nəzərdə tutan xüsusi qanun qəbul edilməlidir.

Ayrıca qanun nə üçün lazımdır? Ona görə ki, məişət zorakılığı zamanı qurban da, cani də bir evin içindədir. Əgər küçədə iki nəfər münaqişə edərsə və ya dalaşarsa, sonra onların hər biri öz evinə gedəcək. Ailədaxili zorakılıq zamanı isə insidentdən sonra qurban təcavüzkarla eyni evin içində qalır. Və bu, sadəcə yeni zorakılıq riski deyil, eyni zamanda mütəmadi psixoloji təzyiqdir.

Bir çox ölkələrdə təcavüzkara qurbana müəyyən məsafədən daha artıq yaxınlaşmağa icazə verməyən qanun mövcuddur. Və bu qanun tətbiq olunduğu hər yerdə gələcək insidentlərin kəskin azalmasına səbəb olur.

“Abxaziyada belə bir qanun yoxdur, parlamentin planında da yoxdur, hətta müzakirələrdə də yoxdur, bu qanun ümumiyyətlə təsəvvür olunan gələcəkdə mövcud deyil”, – Oleq Papaskiri deyir.

Abxaziya Qadınları Assosiasiyası belə bir qanun layihəsini üç il əvvəl hazırlayıb. “Amma deputatlar belə dedilər: “Bu nəyə lazımdır ki? Bizdə “Apsuara” [ənənəvi “Şərəf Məcəlləsi”] var da””, – Assosiasiya rəhbəri Natella Akaba bildirir.

Assosiasiya yaxın zamanda parlamentdə bu mövzuya qayıtmaq niyyətindədir. Qurumun ekspertləri bildirirlər ki, dörd addım vəziyyəti kökündən dəyişə bilər:

  • Ailədaxili zorakılığa qarşı qanun layihəsi qəbul etmək;
  • Milisdə məişət zorakılığı ilə məşğul olacaq xüsusi bölmələr yaratmaq;
  • Qadın və uşaqların hüquqları üzrə xüsusi ombudsmen postu təsis etmək;
  • Nəhayət, ağır həyat vəziyyətilə üz-üzə qalmış qadın və uşaqlar üçün mümkün qədər çox sayda krizis mərkəzləri yaratmaq.
*Photo:Agneshka Zelionka
Nəşr olunan materiallardakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır

More on JAMnews