8 il həbs alan hüquq müdafiəçisi: "İstəyirəm anam desin ki, Rüfəti haqsızların qarşısında dursun deyə doğmuşam"
Rüfət Səfərov kimdir
Azərbaycanlı hüquq müdafiəçisi, “Müdafiə Xətti” insan haqqları təşkilatının həmtəsisçisi, 8 il müddətinə azadlıqdan məhrum edilən Rüfət Səfərov məhkəmədəki son sözündə deyir ki, ABŞ Dövlət Departamentinin “İnsan Hüquqları Müdafiəçisi Mükafatı” üçün bu ölkəyə çağırılmasaydı, həbs edilməyəcəkdi.
“Camnyus”a göndərilən son söz mətnində o deyir:
“Azərbaycan ictimaiyyətini inandırmaq istəyirəm ki, əgər 2024-cü ilin avqustunda Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri “Müdafiə Xətti”nin insan haqları sahəsindəki fəaliyyətini qiymətləndirib, beynəlxalq mükafata namizəd kimi təqdim etməsəydi, ABŞ-nin dünya ölkələrindəki bütün səfirləri təqdimata müsbət rəy verməsəydilər və Dövlət Katibi təmin etməsəydi, 10 dekabr Vaşinqtonda baş tutacaq mükafatlandırma mərasiminə dəvət olunmasaydım, səfər çərçivəsində ABŞ-nin senator və konqresmenləri, Ağ Evin, Dövlət Departamentinin yüksəkçinli vəzifəli şəxsləri ilə təmaslarım gözlənilməsəydi, Azərbaycan höküməti, daha konkret desək, dövlət başçısı İlham Əliyev həbsimə rəvac verməyəcəkdi. Çünki həbsimdən əvvəl bir ay ərzində iki dəfə ölkəni sərbəst surətdə tərk edib, geri dönmüşdüm”.
Rüfət Səfərov kimdir?
Rüfət Eldar oğlu Səfərov 1981‑ci il 11 oktyabrda Ermənistan SSR‑in Zəngibasar rayonunun Zəhmət qəsəbəsində dünyaya gəlib. Binəqədi rayonu 135 saylı məktəbdə oxuyub və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 2004-2011‑ci illərdə Kənd Təsərrüfatı Nazirliyində hüquqşünas və “Aqrolizinq” ASC‑nin Müşahidə Şurasında işləyib. 2011‑ci ildə prokurorluq orqanlarına qəbul olunub və Zərdab Rayon Prokurorluğunun müstəntiqi təyin edilib.
Səfərov 2015‑ci ilin dekabrında mətbuatda yaydığı bəyanatla ölkədə insanların hüquqlarının tapdanmasını tənqid edərək müstəntiq vəzifəsini tərk edib. O, atası Eldar Sabiroğlunun Prezident Administrasiyasının rəhbərini tənqid etməsi səbəbilə mənəvi təzyiqlərə məruz qaldığını və “bu rejimlə baxışlarının üst‑üstə düşmədiyini” bildirib. Elə həmin ay prokurorluq onun barəsində rüşvət alma maddəsi ilə cinayət işi açıb və evində axtarış aparılıb.
Azadlığa çıxdıqdan sonra Səfərov insan hüquqları sahəsində işləməyə başlayıb və 2020‑ci ildə “Müdafiə Xətti” hüquq müdafiə təşkilatını təsis edib, icraçı direktoru olub.
Atası Eldar Sabiroğlu kimdir?
Eldar Sabir oğlu Səfərov Azərbaycanın tanınmış ictimai və hərbi xadimidir. O, parlamentin I çağırış deputatı olub, Yeni Azərbaycan Partiyasının Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri (1993-2000) və 1998‑ci il prezident seçkilərində prezidentliyə namizəd Heydər Əliyevin mətbuat katibi kimi çalışıb. 2007-2013‑cü illərdə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi və polkovnik rütbəsində xidmət edib.
Saxlanılması və irəli sürülən ittihamlar
3 dekabr 2024‑cü ildə Səfərov mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri üzrə ittiham irəli sürülüb. Atası Eldar Sabiroğlu oğlunun heç bir əsas olmadan, siyasi motivlərlə saxlandığını, ABŞ Dövlət katibi Entoni Blinkenin ona mükafat təqdim edəcəyi günlərdə həbs olunduğunu deyirdi.
Səfərov ittihamların böhtan olduğunu və həbsin hüquq müdafiəçisi kimi fəaliyyəti ilə bağlı olduğunu bildirib.
Daxili İşlər Nazirliyi “Amerikanın Səsi”nə verdiyi açıqlamada Səfərovun torpaq alqı‑satqısı ilə bağlı bir nəfərlə münaqişə nəticəsində saxlanıldığını bildirib.
İstintaq materiallarında Səfərovun Natiq İmanquliyevdən torpaq satacağı vədi ilə 60 min manat aldığı, lakin torpağı təqdim etmədiyi və pulu geri qaytarmadığı iddia olunurdu. İttihama görə, 3 dekabr 2024‑də İmanquliyev pulları tələb etmək üçün Səfərovun qarajına gedəndə tərəflər arasında dava olub, Səfərov ona xəsarət yetirib. Hüquq müdafiəçisi bu iddiaları rədd edib. O, Natiq İmanquliyevi tanımadığını, əksinə həmin gün özü hücuma məruz qaldığını deyib.
Məhkəməsi və çıxarılan hökm
Bakı Ağır Cinayətlər Məhkəməsində proses 2026‑cı il 12 iyunda yekunlaşıb. Hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən iclasda Səfərov son sözündə heç bir cinayət törətmədiyini və bu məhkəmənin hüquqla əlaqəsi olmadığını bildirib.
Məhkəmə hökmünə əsasən Rüfət Səfərov Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri üzrə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib; xuliqanlıq maddəsi üzrə işə xitam verilib. Səfərovun vəkilləri hökmü siyasi sifariş adlandıraraq apellyasiya şikayəti verəcəklərini bildiriblər.
2016‑cı ildəki korrupsiya işi
Müstəntiq vəzifəsindən istefa verdikdən bir müddət ay sonra – 2016‑cı il yanvarın 15‑də Rüfət Səfərov barəsində rüşvət alma (Cinayət Məcəlləsinin 311.3.2‑ci maddəsi) ittihamı ilə cinayət işi açılıb və o, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə ilkin həbs qətimkan tədbiri ilə saxlanılıb. Səfərov ittihamı absurd adlandırdı və qərəzli hesab etdi.
8 sentyabr 2016‑cı ildə Lənkəran Ağır Cinayətlər Məhkəməsi onu təkrar rüşvət alma maddəsi ilə 9 il azadlıqdan məhrum edib; o, məhkəmə zalında həbs olunub. Yerli və beynəlxalq təşkilatlar onu siyasi məhbus kimi tanıyıb. Rüfət Səfərov həbsdə 2 il 6 ay qaldıqdan sonra 16 mart 2019‑cu il əfv sərəncamı ilə azad edilib.
Rüfət Səfərovun son sözündən bir hissəni təqdim edirik:
[…]Hörmətli məhkəmə!
Diqqətinizə çatdırıram ki, hüquq müdafiə fəaliyyətini rəsmiləşdirdikdən dərhal sonra Baş Prokurorluğa dəvət olundum. Təhdid dolu xəbərdarlıq edildim. Üstəlik, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin rəsmi feysbuk səhifəsində YAP-çı gənclər dəyərli həmkarım Oqtay Güləliyevin aqibətini xatırlatdılar. Bir neçə dəfə polis əməkdaşları tərəfindən zorakılıqla saxlanılıb, sərt xəbərdarlıqlara məruz qaldım. Bir aylıq inzibati həbs həyatı yaşadım. Lakin bütün bu təqib və təyziqləri, məhrumiyyət və maneələri ruhən, əqlən yolun davamı bildim.
Azərbaycan ictimaiyyətini inandırmaq istəyirəm ki, əgər 2024-cü ilin avqustunda Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri “Müdafiə Xətti”nin insan haqları sahəsindəki fəaliyyətini qiymətləndirib, beynəlxalq mükafata namizəd kimi təqdim etməsəydi, ABŞ-ın dünya ölkələrindəki bütün səfirləri təqdimata müsbət rəy verməsəydilər və Dövlət Katibi təmin etməsəydi, 10 dekabr Vaşinqtonda baş tutacaq mükafatlandırma mərasiminə dəvət olunmasaydım, səfər çərçivəsində ABŞ-ın senator və konqresmenləri, Ağ Evin, Dövlət Departamentinin yüksəkçinli vəzifəli şəxsləri ilə təmaslarım gözlənilməsəydi, Azərbaycan höküməti, daha konkret desək, dövlət başçısı İlham Əliyev həbsimə rəvac verməyəcəkdi. Çünki həbsimdən əvvəl bir ay ərzində iki dəfə ölkəni sərbəst surətdə tərk edib, geri dönmüşdüm.
[…]Hörmətli məhkəmə!
Mən sizdən heç nə xahiş etmirəm, bir istəyim yoxdur. Çünki yəqin bilirəm ki, xüsusilə, siyasi ağırlığa malik proseslərdə Azərbaycan hakimləri hüquqi iradələrini repressiv icra hakimiyyəti orqanlarına kirayəyə verirlər.
Bu gün Prezident Administrasiyasının hansısa vəzifəli şəxsinin, ya da hüquq mühafizə orqanlarının hansısa generallarının əmri ilə əsassız ittiham irəli sürə, saxta məhkəmə istintaqı apara, az sonrasa barəmdə 8-9 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxara bilərsiniz. Lakin hüquqi təbiətiniz elədir ki, mənə və məsləkdaşlarıma münasibətdə vicdansız əmrləri verən vəzifəli şəxsin özünü günün birində “uf” demədən dörd divar arasına göndərə bilərsiniz. Azərbaycan məhkəmə-hüquq təcrübəsi belə nümunələrlə zəngindir. Hazırkı fikirlərimi ölkəmizin hüquqla bir araya sığmayan kəskin və sərt siyasi ab-havası diqtə edir və bu boz mühit 30-cu illərin stalinizminin “troykası”nın iş üslubunu xatırladır. Lakin, deyəsən, biz azərbaycanlıların durumu daha ümidsizdir. Ötən məhkəmə iclaslarının birində indi deyəcəyim hissəyə ötəri toxunmuşdum.
Baxın, bütün dövrlərin ən amansız diktatoru Stalinin hüquq sistemində xidmət edən müstəntiqlər, hərbi prokurorlar tapılıblar ki, qanunsuz təlimatları, insan ömrünü məhv edən siyasi əmrləri icra etməkdən yayınsınlar. Bunun bədəlini öz həyatları ilə ödəsələr belə… O müstəntiqlər, hərbi prokurorlar vicdanlarının, daxili inamlarının səsinə “edam zəngi”nin cingiltiləri altında qulaq asıblar.
Azərbaycanın cinayət qanunvericiliyində cəza növləri arasında ölüm hökmü olmasa da çox təəsüf ki, bir müstəntiq, bir prokuror, bir hakim adını burada qeyd edə bilmirəm ki, o, qanunsuz göstərişi icra etməkdən yayınsın, vicdanının səsinə qulaq versin. Qulaq demişkən, Makedoniyalı İsgəndər bir nəfərə qarşı ittihamı dinləyərkən bir qulağını əli ilə qapayır və ondan nə üçün belə etdiyini soruşanda deyir: “Bu qulağımı müttəhim üçün saxlayıram”. 11 ildir ki, Azərbaycanın polis idarələrinə, müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına, cəzaçəkmə müəssisəslərinə aparılıb-gətirilirəm, saysız-hesabsız müstəntiqin, prokurorun, hakimin qarşısına çıxarılıram, pozulan hüquqlarımı qorumağa çalışıram, gərəkirsə yüksək səslə ədalət istəyirəm, amma eşidilmirəm, qulaq asmırlar. Vicdansızlıq və Allahsızlıq edirlər. Əvəzində, səsimi ölkədışındakı Avropa İnsan Haqları Məhkəməsinin adil hakimləri eşidirlər, ədalətli qərarlar verirlər.
Bu ağır, lakin dözülməz şərtlər altında mübarizə aparırıq, danışırıq, düşünürük və deyirik: nə yaxşı ki, istibdad rejimləri insan zəkasını buxarlaya biləcək zəncirləri hələ də ixtira edə bilməyiblər. Lakin bu istiqamətdə də bir pis xəbər var. Bu günlərdə dünya şöhrətli azərbaycanlı alim Rafiq Əliyevin çıxışını dinləyirdim. Rafiq müəllim deyir ki, texnologiyanın hazırkı inkişaf tempi 5-10 ildən sonra insan qəlbini oxuyub öyrənəcək maşınları ortaya qoyacaq. Belə olan halda Corc Oruellin “1984” romanından bizə tanış olan “Fikir Polisi” praktik olaraq Azərbaycan Daxili İşlər Nazirliyinin struktur bölməsinə çevriləcək. 10 milyonluq həbsxanalar inşa etməyə çalışacaqlar, çünki qorxan və nifrət edən ürəklər asanlıqla oxunacaq. Bəli, hazırkı hakimiyyət, sistem öz ömrünü uzatmaqdan ötrü bütöv xalqı da dörd divar arasına göndərmək istəyər. Buna nail olarmı? Qərarı Azərbaycan xalqı verəcək!
Bəri başdan bir insan haqları fəalı olaraq Azərbaycan hakimiyyətinə böyük mütəfəkkir Didronun xəbərdarlığını xatırladıram: “Xalqa tənqid və şikayət etmək ixtiyarı verilməlidir. Gizli nifrət aşıq nifrətdən təhlükəlidir”.
“Müdafiə Xətti” insan haqları təşkilatının həmtəsisçilərindən biri, mövcud hakimiyyətin fəaliyyət üsullarını davamlı və haqlı olaraq tənqid edən vətəndaş kimi ümid etmək istəyirəm ki, Azərbaycanda xalq suverenliyi, hüququn üstünlüyü, qanunun aliliyi uğrunda mübarizə ocağı sönməyəcək, közərəcək. Bir nəfər də olsa, azərbaycanlı tapılacaq ki, o közü sönməyə imkan verməsin. Mən saxlanıldığım kamerada o bir nəfər azərbaycanlı barədə düşünərkən yadıma 5 iyun 1989-cu ildə Pekində demokratik dəyişikliklər tələbi ilə keçirilən mitinqləri dağıtmaq üçün Tyananmın meydanına göndərilmiş 17 tanka qarşı əliyalın və tək çıxan çinli tələbə düşür.
Fürsətdən istifadə edib, keçmiş həmkarlarımı, prokurorluq orqanlarında xidmət edən əməkdaşları ədalətsizliyin dibinə yuvarlanmamağa dəvət edirəm, “Lüsifer effekti” kitabının məhşur müəllifi Filip Zimbardodan bir sitat gətirmək istəyirəm. Stenford həbsxana təcrübəsinin müəllifi Zimbardo qeyd edir ki, “tək adamın etiraz etməsini sistem sayıqlama və ya dəlilik elan edə bilər. İki nəfəri sistem maniyanın qurbanı adlandıra bilər, lakin üç nəfər olanda sizi ciddi qəbul edəcəklər”. Bu iqtibasdan sonra qeyd edirəm ki, 11 il qabaq təkbaşına qərar verib, prokurorluq orqanlarından ayrılanda Baş Prokurorluğun kabinetlərində gedən söz-söhbətlər qulağıma gəlib çatmışdı ki: “Səfərova fikir vermək lazım deyil. O, dəlidir, ruhi problemləri var”.
Yeri gəlmişkən, sovetlər dövründə də hakim idarələri, rəsmi ideologiyanı tənqid etdiklərinə görə saysız-hesabsız dissidenti ruhi-əsəb diaspanserlərinə, dəlixanalara təcrid edirdilər. Amma niyə uzağa getdim?! Elə günümüzdə də oxşar təcrübələr yaşanır. Azərbaycan məhkəmələri sifariş əsasında siyasi tənqidçiləri bəzi hallarda “dəli” elan edib, ruhi-əsəb diaspanserinə göndərirlər. Bu mənada, mən deyəsən şükür etməliyəm ki, hazırkı məhkəmə prosesinə dəlixanadan deyil, istintaq təcridxanasından etap olunmuşam.
Yekunda Mart Tulli Siseronun “Teskulan söhbətləri” adlı əsərindən bir sitat gətirmək istəyirəm.
Oğlunu döyüşə göndərəndən sonra onun ölüm xəbərini alan lakoniyalı qadın demişdi: “Onu elə ona görə doğmuşdum ki, qorxmadan vətəni uğrunda ölümə gedə bilsin.”
Mən çox istəyirəm ki, əziz anam Tahirə Səfərova hökmdən sonra sual verən insanlara həm də bunları desin: “Mən Rüfəti ona görə doğmuşam ki, haqqı pozulanların müdafiəsində, haqsızların qarşısında dursun. Qorxmasın!”
Yaşasın azad, demokratik və hüquqi Azərbaycan!
Rüfət Səfərov kimdir