“Qoy xalq qərar versin” – Ermənistanın baş naziri növbədənkənar parlament seçkiləri təklif edib
Ermənistanın baş naziri siyasi böhrandan çıxış yolu kimi 2021-ci ildə növbədənkənar parlament seçkiləri təklif edib.
“Mən xalqın tələbi ilə vəzifədən getməyə hazıram, amma yalnız insanlar özləri qərar qəbul edəndən sonra”, – Nikol Paşinyan Facebook səhifəsində yazıb.
Noyabrın 10-dan, Qarabağda hərbi əməliyyatların dayandırılması haqda üçtərəfli razılaşma imzalanandan sonra 17 müxalifət partiyası küçə etirazları keçirir və baş nazirin istefasını tələb edir. Müxalifət liderləri bildirirlər ki, Nikol Paşinyan “xəyanətkar sövdələşməyə” gedib və Qarabağda əraziləri könüllü şəkildə təhvil verib.
Müxalifətin baş nazirliyə namizədi Vazgen Manukyan ordunu və polisi müxalif hərəkata qoşulmağa və Nikol Paşinyanın istefasına nail olmağa çağırıb
Baş nazir dəfələrlə istefaya getmək niyyətində olmadığını bildirib, çünki bu vəzifəni xalqın iradəsi ifadə etməsi nəticəsində əldə edib və yalnız eyni əsasla vəzifəsindən vaz keçə bilər.
Sosial şəbəkədəki paylaşımında Paşinyan yazıb ki, müxalifətin onun istefası tələbilə həyata keçirdiyi etiraz hərəkatı xalqın böyük hissəsi tərəfindən dəstəklənmir – baxmayaraq ki, onun fikrində, müxalifətin “mitinqlərin və etiraz aksiyalarının təşkili üçün böyük maliyyə, media və təşkilati resursları var”.
“Mən baş nazir vəzifəsindən yapışmamışam, amma xalqın mənə verdiyi baş nazir vəzifəsinə məsuliyyətsizcə yanaşa bilmərəm”, – Paşinyan yazıb və vurğulayıb ki, xalqın tələbi ilə vəzifədən getməyə hazırdır, amma yenidən etimad səslərini qazansam işimə davam etməyə də hazıram.