Sıfırdan aşağı – neft qiymətləri o dərəcədə düşüb ki, təchizatçılar məhsullarını alsınlar deyə özləri pul verməyə hazırdırlar
Əsas mənbə The Economist
Tarixdə ilk dəfədir ki, Amerikanın WTI neftinin qiyməti sıfırdan aşağı düşüb. 2020-ci ilin mayında təchizatçılar məhsulun daşınması üçün neftin bir barrelinə görə alıcılara əlavə 40 dollar ödəməyə hazırdır.
Aprelin 20-də may satışları bağlanan zaman olan duruma görə Şimali Amerika bazarında mayda neftə ümumiyyətlə ehtiyac yoxdur, anbarlar artıq doludur.
İyun fyuçersləri (təchizat haqda müqavilələr) də sürətlə ucuzlaşır, bir barrelin qiyməti 20 dollara enib.
Etalon sayılan Brent markası və Rusiyanın Urals markasına aid neft də kədərli proqnozlar üzrə ucuzlaşmaqda davam edir.
2020-ci il yanvarın əvvəlində Brent neftinin bir barreli 70 dollar idi. Aprelin 20-də bu markanın qiyməti 25 dollardan bir qədər artıqdır.
2020-ci il yanvarın əvvəlində Brent neftinin bir barreli 70 dollar idi. Aprelin 20-də bu markanın qiyməti 25 dollardan bir qədər artıqdır.
Səbəb – koronavirus
Neft bazarında əsas fəlakət səbəbi dünyada koronavirus pandemiyası üzündən neftdən istifadənin kəskin azalması və bütün bunların iqtisadi böhranla müşayiət olunmasıdır.
İnsanlar artıq işə getmirlər. Bütün dünyada irili-xırdalı çox sayda müəssisələr dayanıb. Təyyarələr artıq uçmur.
Neft hasil edən ölkələrin az əvvəl sutkalıq neft hasilatının 10 milyon barrelə qədər azaldılması (bu isə dünya neft təchizatının 10 faizinə yaxındır) haqda bağladıqları saziş xammalın qiymətinin qaldırılması üçün yetərli olmadı.
Dünya neft anbarlarında yer tükənir, nefti tankerlərdə və dəmiryolu sisternlərində saxlamağa başlayıblar.
Niyə neftin qiymətinin ucuzlaşması dünyanın bütün ölkələrinin bütün sakinləri üçün zərbədir?
Neft qiymətləri büdcənin doldurulmasına, yəni bütün qövlət ödəmələrinə – pensiyalara, büdcə təşkilatları əməkdaşlarının maaşlarına ciddi təsir edir.
Dövlət büdcəsindən maliyyələşən bütün sosial layihələr zərbə altına düşə bilər – məktəblər, səhiyyə sistemi, şəhərlərin və kəndlərin abadlaşdırılması.
Əgər neft böhranı uzun sürərsə, bu, neft hasil edən ölkələrə xüsusi zərbə vuracaq, çünki onların büdcələrinin böyük hissəsi neft satışından əldə olunan gəlirlər hesabına formalaşır.
Rusiya və Azərbaycan bu ölkələr sırasındadır.
“Azərbaycanın valyuta ehtiyatlarında da, ölkəyə valyuta axışında da problemlər olacaq. Apreldən biz ÜDM-nin davamlı azalmasını müşahidə edəcəyik”, – iqtisadçı Toğrul Vəliyev deyir.
Xilas yolları – Tramp neftə görə ödəniş etməyi, amma hasilatı dayandırmağı təklif edir
Ekspertlər 2020-ci ilin iyununa qədər qiymətlərin bir qədər qalxacağını, amma yenə də hədsiz aşağı səviyyədə – bir barrel 22 dollara yaxın qalacağını ehtimal edirlər.
ABŞ prezidenti Donald Tramp nefti real pulla almağı, amma hasilatı dayandırmağı, fiziki neftə yenidən tələbat yaranana qədər yataqlarda saxlamağı təklif edib.
Amma ekspertlər hesab edirlər ki, Konqres bu təklifi çətin qəbul edər.
Bundan başqa, neft hasilatının dayandırılması istehsalçılara neftin dəyərdən düşməsindən daha çox ziyan vuracaq. Əməliyyatların bərpası çox bahalı və hətta mümkünsüz ola bilər, çünki bəzi qapalı rezervuarların geriyə dönüşü olmayacaq tərzdə zədələnməsi mümkündür.