Moskvada hamı üçün özünütəcrid tətbiq olunub – xüsusi ehtiyac olmadan evdən çıxmaq qadağan edilib
Koronavirusun yayılması səbəbilə Rusiya paytaxtının bütün sakinləri üçün yeni məhdudiyyətlər tətbiq olunub. “Novaya qazeta”nın verdiyi məlumata əsasən, sabahdan etibarən yalnız işə və təcili vəziyyətlərdə xəstəxanaya getmək, həmçinin yemək almaq, zibil atmaq və ya evin 100 metrliyində itləri gəzdirmək üçün evdən çıxmaq mümkün olacaq.
Şəhər meri tərəfindən imzalanan məhdudiyyətlərlə bağlı sərəncam bir neçə gün ərzində xüsusi buraxılış vərəqələrinin tətbiq edilməsini də nəzərdə tutur, bu buraxılış vərəqələri olmadan küçəyə çıxmaq mümkün olmayacaq.
Şəhər sakinləri ictimai yerlərdə və nəqliyyatda bir-biri ilə metryarım məsafəni gözləməli olacaqlar – taksi və fərdi avtomobillərdə hərəkətə məhdudiyyət tətbiq olunmur.
- Rusiya pandemiya piki astanasında
- İranda koronavirus: dünyanın ən böyük epidemiya ocaqlarından biri və hakimiyyətin yalanı
- Ölüm, sökülən oturacaqlar və qocaların məcburi dezinfeksiyası – koronavirus Türkiyədə
Bundan başqa Moskva meri karantin üzündən işini itirəcək şəhər sakinlərinə – 19,5 min rubl (250 dollara yaxın) həcmində maddi yardım da təyin edib.
Martın 29-a olan statistika
Rusiyada son sutka ərzində 220 yeni koronavirusa yoluxma halı qeydə alınıb, xəstələnənlərin ümumi sayı 1535 nəfərə çatıb.
Ölənlər 8 nəfərdir.
Rusiya patriarxı insanları kilsəyə gəlməməyə çağırıb
Rusiya Pravoslav Kilsəsinin rəhbəri Kirill insanlara müraciət edərək Rusiyada koronavirus infeksiyasının yayılması fonunda onları kilsədə dini mərasimlərə qatılmamağa çağırıb.
“Novaya qazeta”nın verdiyi məlumata görə, patriarx bu haqda Moskvada Xilasedici İsa Məsih məbədində 150 nəfərə yaxın insanın iştirak etdiyi möizə zamanı bildirib. Onların yarısından çoxu kilsəyə maskada gəlib və bir-biri ilə aralarında məsafə saxlayıblar.
“Məbədləri ziyarət etməkdən çəkinin… o cümlədən də bəzən şüursuz din xadimlərindən gələn bütün digər möizələri dinləməyin – bu gün sizə patriarxın dediyini dinləyin!” – patriarx deyib.