Moskva Şərqi Ukrayna sakinlərinə Rusiya vətəndaşlığını təklif edir: bunun arxasında nə dayanır?
Donbasın [Şərqi Ukrayna, burada artıq neçə ildir ki, özlərini birtərəfli qaydada müstəqil elan etmiş Luqansk və Donetsk respublikaları ətrafında silahlı qarşıdurma gedir — JAMnews] təxminən 3 milyon sakini hazırda Rusiya vətəndaşlığı ala bilərlər, özü də ərizə verdikdən sonra cəmi üç ay ərzində. Bu barədə BBC xəbər verir.
Pasportu heç yerə getmədən, elə yaşayış ünvanında almaq olar ki, bu məqsədlə ərizələrin qəbulu və pasportların verilməsi üçün xüsusi məntəqələr yaradılacaq.
Bu addım nə ilə izah olunur və Moskvada, Kiyevdə bununla əlaqədar nə deyirlər?
• Ukrayna Krımı Rusiyanın ilhaqından beş il sonra: təbliğatın beş iddiası haqqında
Rusiyanın dəlilləri
Rusiya hakimiyyəti iddia edir ki, onların məqsədləri yalnız humanitar xarakter daşıyır.
Hazırda bu ərazidə yaşayan təxminən 500 min insan Ukraynadan pensiya alır. Lakin bunun üçün onlar ən azı iki ayda bir dəfə Ukrayna ilə sərhədi keçməlidirlər.
Yerdə qalanlar isə – on minlərlə adam – heç bir pensiya və müavinət almırlar.
• Şərqi Ukrayna: cəbhə xəttində pensiya növbəsində ölənlər
Ukraynanın dəlilləri
Ukraynada belə bir fikir hakimdir ki, Rusiya vətəndaşlığının alınması prosedurunun yüngülləşdirilməsi Donbasın işğalına doğru daha bir addımdır.
Orada çox sayda Rusiya pasportu olan insanların mövcudluğu Rusiyaya lazım gələrsə hərbi gücdən istifadə etməyə səbəb yaradır – guya ki, öz vətəndaşlarının müdafiəsi üçün.
Prezidentlərin mövqeləri
Rusiya presidenti Vladimir Putin öz qərarını izah edərkən bildirib ki, bu addım Ukraynanın yeni prezidenti Zelenskiyə qarşı yönəlməyib və onunla Donbasdakı münaqişənin tənzimlənməsi yollarını müzakirə etməyə hazırdır.
Buna cavab olaraq yeni seçilmiş prezident Zelenski deyib ki, Ukrayna vətəndaşlarına Rusiya pasportlarının paylanması münaqişənin tənzimlənməsinə heç cür kömək etmir, amma danışıqlara hazırdır.
Lakin Zelenski əlavə edib ki, aydın anlamaq lazımdır: iki ölkə arasında münasibətlərin tam dəyərli tənzimlənməsi yalnız Rusiyanın Krımdan və Donbasdan getməsindən sonra mümkündür.
• Ukraynanın yeni prezidenti Vladimir Zelenski nə edə bilər və nəyi bacarmaz?
Ekspert qiyməti
Nüfuzlu rusiyalı iqtisadçı Yevgeni Qontmaxer deyir ki, onun dəyərləndirməsinə görə, Donbas sakinlərinə Rusiya vətəndaşlığının verilməsinin yüngülləşdirilmiş proseduru Rusiyanın dövlət büdcəsinə təxminən 150 milyon dollara başa gələ bilər.