Kiyevin nəzarəti altında olmayan ərazilərdə yaşayan təqaüdçülər pensiyalarını ancaq “o biri tərəfə” keçməklə ala bilirlər " />

Şərqi Ukrayna: cəbhə xəttində pensiya növbəsində ölənlər

Kiyevin nəzarəti altında olmayan ərazilərdə yaşayan təqaüdçülər pensiyalarını ancaq “o biri tərəfə” keçməklə ala bilirlər

Cəbhənin o biri tərəfində qaçqınlar üçün pulsuz yeməkxana. Slavyansk, Ukrayna, fevral 2015-ci il. REUTERS/Gleb Garanich

2018-ci ildə qondarma Donetsk və Luqansk xalq respublikaları ilə Kiyevin nəzarəti altında olan Ukrayna ərazilərində nəzarət məntəqələrində əlli nəfər ölüb. 2019-cu ilin əvvəlində isə daha səkkiz nəfər düyasını dəyişib. Onların əksəriyyəti təqaüdçüdür. Vaxtaşırı Ukraynada pensiyasını almaq üçün cəbhə xəttini keçmək çoxları üçün yeganə ayaqda qalmaq yoludur. Bunun səbəblərini Ukraynanın “Hromadske” teleşirkəti izah edir.

İnsanlar niyə cəbhə xəttini belə tez-tez keçməyə məcburdular?

Mərkəzi hakimiyyətlə Rusiya tərəfindən dəstəklənən Şərqi Ukraynadakı separatçılar arasında hərbi münaqişə 2014-cü ilin yazında başlayıb. Hərbi əməliyyatlar nəticəsində on mindən çox insan həlak olub. 2014-cü ildə Şərqi Ukraynada öz müstəqilliyini elan edən Donetsk və Luqansk Xalq Respublikalarının (DXR və LXR) müstəqilliyini dünyada heç bir dövlət tanımır. Ukrayna Rusiyanı təcavüzdə ittiham edir.  

Qondarma respublikaların ərazisində yaşayan təqaüdçülərə Ukrayna pensiyası düşmür. Pensiyanı almaq üçün onlar Kiyevin nəzarəti altında olmayan ərazini tərk edib, məcburi köçkün statusu almalıdır. Və bu statusu mütəmadi olaraq təsdiqlətmək lazımdır.

Ukrayna qanununa görə, təqaüdçülər nəzarət altında olmayan ərazilərdə 60 gündən artıq qala bilməz, buna görə onlar öz faktiki yaşayış ünvanlarından qeydiyyatda olduqları cəbhəətrafı yaşayış məntəqələrinə keçməli olurlar. İnsanlar adətən böyük növbələrin yarandığı buraxılış məntələrini keçməyə məcburdurlar.  

Ukrayna və Rusiya arasında “Nəqliyyat müharibəsi” davam edir. Nə baş verir və nə gözləməli?  

Rusiya, Cənubi Osetiya üzərindən müharibənin getdiyi Şərqi Ukraynanı necə maliyyələşdirir

Krımda ukraynalı turistlər: “Qiymətlərdən başqa heç nə dəyişməyib”

Bəziləri pul verib, keçir, bəziləri də gözləyə-gözləyə ölür

Yanvarın 16-da tanınmamış DXR-nın (“Donetsk Xalq Respublikası”) nəzarət buraxılış məntəqəsində ukraynalı rəssam Alevtina Kaxidzenin anası vəfat edib, qadının ürəyi dayanıb. Qızı deyir ki, anası pensiya almaq üçün hakimiyyətin nəzarəti altında olan əraziyə “qeydiyyata düşmək” üçün gedib.

Anasının telefonundan zəng vuran və özünü məntəqənin əməkdaşı kimi təqdim edən adamın  sözlərinə görə, qadın avtobusda özünü pis hiss edib, təcili tibbi yardım gələndə isə artıq nəbzi hiss olunmurmuş, Alevtina Kaxidze deyir.  

«Onun nəşini gətirən adamın sözlərinə görə “DXR” postunda bəzi təqaüdçülər və ya təmas xəttini tez keçmək istəyənlər növbəsiz keçmək üçün pul verir, mənim anam kimi kasıblar isə gözləyir», – Alevtina Kaxidze deyir.

Rəssam danışıb ki, anası ilə birlikdə təqaüdçülərin müvəqqəti işğal olunmuş ərazilərdə nələrdən keçdiyini göstərmək üçün “pensiya turizmi”nə həsr olunmuş bir sıra rəsmlər çəkib.  

«De-fakto nəzarət olunmayan ərazidə olan təqaüdçülər Ukrayna hakimiyyəti tərəfindən atılıb, onlar təqaüd almır. Nəzarətdə olmayan ərazilərdəki təqaüdçülərin “mən köçkünəm” deməmiş yaşamaq hüququ yoxdur. Başqa sözlə, ordakıların hamısı yalan danışmağa məcbur olub. Mənim anam da həmçinin», – rəssam deyir.

Qadağalar işləyirmi?

Ukrayna hökumətinin məlumatına görə, qondarma respublikalarda 1,2 milyon təqaüdçü yaşayır. Onların 700 min nəfərinə, yəni məcburi köçkün kimi qeydiyyatdan keçən insanlara mütəmadi təqaüd verilir. Ümumilikdə 1,1 milyon insan mütəmadi təqaüd alıb, başqa sözlə, 2014-cü ildən, silahlı münaqişədən bu yana ən azı bir dəfə təqaüd alıb.  

Ukraynanın sosial siyasət nazirinin müavini Nikolay Şambirin sözlərinə görə, təmsil etdiyi qurumun məlumatına görə, əlində pensiya almaq imkanı verən məcburi köçkün arayışı olan bir çoxları Kiyevin nəzarəti altındakı ərazilərdə qeydiyyatdan keçib, amma faktiki olaraq orada yaşamır.

«Biz bilərəkdən bu statusa məhəl qoymamaq qərarını verdik, əslində qeydiyyat təqaüd alma mexanizmidir», — Şambir deyib.

Təmas xəttindəki buraxılış məntəqələrində monitorinq aparan “Müdafiə olunmaq hüququ” Xeyriyyə Fondunun kordinatoru Darya Tolkaç deyir ki,  faktiki olaraq təmas xəttində baş verən bütün miqrasiya daimi nəzarətsiz ərazidə olan insanlardan ibarətdir.

«Bundan əlavə, statistika göstərir ki, nəzarət məntəqələrini keçənlərin 60 faizdən çoxu 60 yaşdan yuxarı şəxslərdir. Buna görə aydın olur ki, insanlar, Ukrayna konstitusiyası və qanunları ilə nəzərdə tutulan  haqlarını həyata keçirmək üçün nəzarət məntəqələrini keçir», – Tolkaç əlavə edib. 

Hüquq müdafiəçiləri hökumətə təqaüd verilmə məsələsini məcburi köçkün statusuna bağlamamağı təklif edir. Həmçinin nəzarət altında olmayan ərazilərdə yaşayan təqaüdçülərə də başqaları ilə eyni qaydada təqaüd verməyi təklif edir.

Sosial Siyasət Nazirliyində isə hesab edirlər ki, ödənişlər faktiki qeydiyyat ünvanında həyata keçirilir, hökumətin nəzarəti altında olmayan ərazilərdə isə bunu etmək mümkün deyil.   

 
Facebook Comments

More on JAMnews