Hazırkı prezident Pyotr Poroşenko artıq məğlubiyyətini qəbul edib, amma deyib ki, siyasətdən getməyəcək" />

Ukraynanın yeni prezidenti Vladimir Zelenski nə edə bilər və nəyi bacarmaz?

Hazırkı prezident Pyotr Poroşenko artıq məğlubiyyətini qəbul edib, amma deyib ki, siyasətdən getməyəcək

Aprelin 21-də axşam Ukraynanın cari prezidenti Pyotr Poroşenko dövlət başçısı seçkilərində məğlubiyyətini qəbul edib. O, rəqibi Vladimir Zelenskidən iki dəfədən çox geri qalıb.

• Vladimir Zelenski – 73,2 %

• Pyotr Poroşenko – 25,3 %

Ukraynanın «Hromadske» telekanalının qrafikası

Misilsiz rəqabət

Ukrayna hələ belə seçki görməmişdi. Nə iştirakçıların sayına görə – 43 namizəd. Nə rəqabətin qızğınlığına görə. Kulminasiya isə Pyotr Poroşenko və Vladimir Zelenskinin Kiyevdə stadionda 40 min tamaşaçının gözü qarşısında təkbətək debatı oldu.

Ukrayna və Rusiya: müharibədə rəqib, yoxsa ticarətdə tərəfdaş?

İkinci tura çıxan namizədlər arasında əsas polemika mövzuları: Donbasda müharibə, Krımın ilhaqı – Rusiya və prezident Vladimir Putinlə münasibətlər.

Korrupsiya, bahalaşma, oliqarxların təzyiqi – seçkiqabağı kampaniya zamanı bu mövzulara da hər iki namizəd fəal şəkildə toxunub, amma bu məsələlər ikinci dərəcəli olub.

İndi diskussiya bitib, Vladimir Zelenskinin təklifləri daha populyar olub.

Vladimir Zelenski haqda qısaca

Vladimir Zelenskinin 41 yaşı var, şou-biznesdə xeyli təcrübəsi olsa da, siyasətdə tamam naşıdır.

O, ölkədə populyar olan “Xalq qulluqçusu” teleserialından geniş tanınır. Zelenski orada taleyin hökmü ilə prezident seçilən tarix müəllimi Vasili Qoloborodkonu oynayır. Serialın nümayiş haqqını Netflix şirkəti artıq alıb.

Zelenski həmçinin Ukrayna tele-məkanında ən baxımlı, milyonlarla tamaşaçı toplayan “Axşam məhəlləsi” və “Kiyev axşamı” tele-şoularındakı iştirakı ilə də məşhurlaşıb.

Çoxları hesab edir ki, Zelenskinin namizədliyinin arxasında ukraynalı oliqarx İqor Kolomoyski dayanır və indi o bilavasitə ölkə siyasətinə təsir edə biləcək.

Reuters jurnalistləri bu yöndə araşdırma apararaq, belə nəticəyə gəliblər ki, Zelenski və Kolomoyski arasında ortaq çox şey var.

Zelenski Kolomoyski ilə əlaqələrini həmişə qəti şəkildə inkar edib.

Zelenskinin Rusiya kino şirkətlərinin kapitalında iştirakı ilə bağlı da ona qarşı ittihamlar irəli sürülmüşdü.

Poroşenko və Zelenski haqqında — onlar nə ilə məşhurdur, nədə bənzəyir və nədə fərqlənirlər?

Vladimir Zelenski. REUTERS/Valentin Oqirenko

Ukraynada hadisələrin hansı yöndə inkişafını gözləyə bilərik?

Pessimistlərin baxışı

Vladimir Zelenskinin əleyhdarları bildirirlər ki, indən belə ölkəni fəlakət gözləyir. Ümumilikdə üç arqument var:

•Hakimiyyətə dövlət idarəçiliyi ilə bağlı heç bir təcrübəsi olmayan aktyor və şoumen gəlib.

•Onun biznesi Rusiya ilə bağlıdır – təcavüzkar ölkəyə qarşı barışdırıcı tonu və “müharibəni bitirmək üçün hər şeyi etməyə” hazır olduğu ilə bağlı bəyanatı da buradan qaynaqlanır.

•Onun milyarder Kolomoyski ilə ehtimal olunan yaxınlığı, bu da yeni prezidenti oliqarxın əlində marionetə çevirə bilər.

Optimistlərin baxışı

Vladimir Zelenskinin tərəfdarları yeni prezidentin Ukraynanın bütün regionlarında dəstəklənməsinə diqqət çəkirlər. Ən çox ölkənin şərqində olsa da, qərbində və mərkəzində də Zelenski Poroşenkonu əhəmiyyətli dərəcədə qabaqlayıb.

Qısaca desək, onun qələbəsi bütün Ukrayna cəmiyyətinin dəyişikliklərə olan tələbatından doğub.

Zelenskiylə bağlı ümidlərin başqa bir mənbəyi gənclərin reaksiyasıdır. Gənclər kütləvi şəkildə Vladimir Zelenskini dəstəkləyib və sovet partiya nomenklaturasından çıxan Poroşenkonu rədd edib.

Realistlərin baxışı

Ukraynanın nüfuzlu politoloqları iki mühüm duruma diqqət çəkirlər.

•Seçkilərdə namizədin nə dərəcədə dəstəklənməsindən asılı olmayaraq, qələbədən dərhal sonra bu dəstək sürətlə əriməyə başlayır. Cəmiyyət ənənəvi olaraq siyasətçinin istənilən addımına münasibətdə tənqidə köklənib.

•Ukrayna prezident respublikası deyil. İstənilən dövlət başçısı öz fəaliyyəti zamanı parlamentin dəstəyini almağa məcburdur. Bu yaxınlarda parlament ölkənin Avropa İttifaqı və NATO-ya doğru istiqamətləndiyini qanunvericiliklə təsbit edib. 2019-cu ilin sentyabrında Ukraynanı parlament seçkiləri gözləyir və Zelenskinin əleyhdarları revanş əldə etməyə çalışacaq (və buna imkanları da var).


More on JAMnews