Milli Məclisin deputatı: “Azərbaycan Gürcüstanın 2008-ci ildəki taleyini təkrarlaya bilər”
Azərbaycan parlamentinin deputatı Elman Məmmədovun sözlərinə görə, Rusiya sülhməramlıları Qarabağda yerləşdirildikləri ilk gündən təhlükə mənbəyidir. “Onların icazəsi, himayəsi və tapşırığı ilə erməni quldur dəstələri təxribatlar törədirlər”, – o qeyd edib.
- Ukraynada müharibə nə ilə bitəcək? – azərbaycanlı siyasətçinin proqnozu
- “Rusiyada hakimiyyət dəyişikliyi qaçılmazdır” – Bakıdan şərh
- Azərbaycan Rusiya ilə müttəfiqlik bəyannaməsi imzalayıb. Bu nə deməkdir?
Son günlərdə Qarabağın Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi hissəsində vəziyyət kəskin gərginləşib. Tərəflər vaxtaşırı atəşkəs rejiminin pozulduğu haqda məlumat verir.
Azərbaycan tərəfi sülhməramlı qüvvələrin hazırkı komandanı general-mayor Andrey Volkovu bu regionda qanunsuz silahlı dəstələri açıq dəstəkləməkdə ittiham edir. Azərbaycan hakimiyyətinə yaxınlığı ilə seçilən caliber.az saytı “Sülhməramlı-reket: general Volkova həsr olunur” başlıqlı məqalə dərc edib.
“Azərbaycan Volkovun daha adekvat və neytral fiqurla əvəz edilməsini tələb edir. RSK-nın hazırkı komandanı regionda sülhün bərqərar olmasına dəstək vermir, sadəcə aqressiv separatizmi qızışdırır”, – məqalədə deyilir.
Şərh
Qarabağda baş verənləri Milli Məclisin deputatı Elman Məmmədov şərh edib.
“2008-ci il Gürcüstan məsələləri yadınızdadır, Osetiyada Rusiya hərbçiləri sülhməramlı kimi iştirak edirdi və Gürcüstan özünün ərazi bütövlüyünə görə əməliyyat keçirmək istədi və Rusiya dedi ki, bu, bizim sülhməramlılara təhlükədir. Hücum etdi, nəticəsi də məlumdur.
Həmin o məramlılar ki, mən heç vaxt onlara sülhməramlı demirəm. Rusiya hərbi kontingenti ərazimizdə yerləşib. Yəni, bunlar yerləşdiyi gündən bizim üçün təhlükə mənbəyidir.
Onların icazəsi, himayəsi və tapşırığı ilə ermənilər o təxribatları həyata keçirir. Biz ona cavab vermək istəyirik, veririk də. Belə olanda onlar sülhməramlı kimi hərəkətə keçir və hədəfdə olurlar. Belə olan tərzdə bir gün görəcəksən ki, bu gün Ukraynaya müdaxilə edən həmin Putin deyəcək ki, mənim Azərbaycanda olan hərbi kontingentimə, sülhməramlılarıma qarşı təhlükə var və onları orada müdafiə etməliyəm. Yəni, ermənilər çox məharətlə bu məsələlərdən istifadə edə bilərlər, onlarla bizi üzbəüz qoya bilərlər və burada da çox xoşagəlməz hallar ola bilər”, – Məmmədov deyib.
Deputat həmçinin qeyd edib ki, separatçıların ərazimizdən çıxarılması üçün tədbirlər görülməlidir:
“Fevral ayının 22-də iki dövlət arasında imzalanan bəyannaməyə əsasən, biz bir-birimizin ərazi bütövlüyümüzə və sərhədlərimizin toxunulmazlığına hörmət etməliyik və eyni zamanda bizim hər birimizin ərazimizdə hansısa bir separatçı cinayətkar, qeyri-qanuni qüvvələr meydana çıxıb bizim dövlətçiliyimizə təhlükə yaradarsa, onun ləğv olunmasına biz birlikdə tədbir görməliyik.
Prezident İlham Əliyev geosiyasi, geopolitik siyasətlə bu məsələlərdə müəyyən qabaqdangəlmişik edib. Bu gün ərazimizdə mövcud olan həmin o separatçı, terrorçuların tək bizim tərəfimizdən yox, eyni zamanda bizimlə müqaviləyə imza atan dövlətin hərbçilərinin köməyi ilə onların ləğv olunması və ərazimizdən çıxarılması üçün tədbirlər görülməlidir. Əgər ikinci tərəf imzasına hörmət etsə və münasibətlərdə səmimi olsa, bunu etməlidir”.