Meydan TV məhkəməsi: “Biz İlham Əliyevin şəxsi dustaqlarıyıq, bizimlə hörmətlə davranın”
Meydan TV məhkəməsində sərbəst ifadələr
Meydan TV-nin məhkəməsində hakimlər İlham Əliyevin adının çəkilməsinə etiraz ediblər.
Təqsirləndirilən 3 jurnalist – Xəyalə Ağayeva, Fatimə Mövlamlı, Ramin Deko sərbəst ifadəsini səsləndirib. Messi (Lionel Messi – tanınmış futbolçu – red.) ilə bağlı sual verdiyi üçün hakimlər tərəfindən vəkil Cavad Cavadova şifahi xəbərdarlıq edilib. Dövlət ittihamçısı təkrarlanacağı təqdirdə onun barəsində Vəkillər Kollegiyasına şikayət edəcəyini deyib. Təqsirləndirilən jurnalistlər bunu vəkilin təhdid edilməsi kimi qəbul etdiklərini bildiriblər.
Məhkəmə prosesi iyulun 24-də Zaur Hacıyevin sədrlik etdiyi, Roman Ələkbərli və Azər Tağıyevin yer aldığı hakim kollegiyası ilə keçirilib.
Prosesin əvvəlində vəkillər və təqsirləndirilən şəxslər vəsatətlər səsləndiriblər.
Rövşanə Rəhimli hüquqlarını müdafiə etdiyi Şəmşad Ağa və Nurlan Libre ilə Bakı İstintaq Təcridxanasında birlikdə görüşmək istədiyini bildirib. Vəkil qeyd edib ki, ötən prosesdə 3 qadın müvəkkili və 2 kişi müvəkkili ilə birgə görüşmək üçün vəsatət vermişdi və məhkəmə buna etirazının olmadığını bildirmişdi.
“Lakin təcridxana qanuni bir izah vermədən kişi və qadın məhbusların eyni otaqda vəkili ilə birgə görüşməyinə icazə vermir. Ümid edirəm bu, nə vaxtsa dəyişər və biz birgə görüşərik. 3 qadın müvəkkilimlə birgə görüşürəm. Ən azından bu təmin olunsun ki, 2 kişi müvəkkilimlə də birgə görüşüm”.
Məhkəmə buna etiraz etmədiklərinə dair təcridxanaya yazı göndərilməsini qərara alıb.
“Azərpoçt ilə göndərilən məktublar mənə çatdırılmır”
Nurlan Libre dostlarının “Azərpoçt” vasitəsilə göndərdiyi məktubların ona çatdırılmadığını deyib.
“Tələb edirəm ki, mənim üzərimdəki bu informasiya blokadası götürülsün. Əlimdə məktubların qəbzləri var, amma məktubların özü gəlib çatmır”.
Hakim Zaur Hacıyev məhkəmənin səlahiyyətində olmadığı üçün bu məsələyə baxılmayacağını bildirib.
Jurnalist Ülviyyə Əli özünün MRT müayinəsindən keçirilməsi ilə bağlı müraciət etdiyini, lakin məsələnin hələ də həll olunmadığını bildirib.
Zaur Hacıyev jurnalistə cavabında qeyd edib ki, bu sahə üzrə səlahiyyətli qurumlar var və o, mütəxəssis olmadığı üçün həqiqətən MRT müayinəsinə ehtiyac olub-olmadığını bilmir. Hakim bununla bağlı Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə müraciət edilməli olduğunu əlavə edib.
“Bizim öncəki müraciətimizdə məni nevropatoloq gəlib müayinə etdi. Mənim başımda mikroadenoma şişi var. Bunu nevropatoloq müayinə edə bilməz, çünki bu onun sahəsi deyil. Qurumlar məsuliyyəti bir-birinin üstünə atır. Tibb Baş İdarəsinə müraciət etdiyimiz zaman bizə cavabları bu oldu ki, məhkəmə icazə verərsə, müayinədən keçirə bilərik”, – Ülviyyə Əli deyib.
Jurnalist məhkəmədən onun müayinədən keçirilməsinə hər hansı etirazlarının olmadığına dair yazı göndərilməsini istəyib. Məhkəmə vəsatəti təmin edib.
Heydər Əliyev adına aeroport müşahidə kamerası görüntülərinin olmadığını deyir
Daha sonra hakim Zaur Hacıyev daha öncə Heydər Əliyev Beynəlxalq Hava Limanına məhkəmə tərəfindən göndərilən sorğuya cavab gəldiyini deyib. Sorğu Ramin Dekonun hava limanında olduğu və əşyalarına baxış keçirildiyi dəqiqələrin video görüntülərinin tələb etməsi ilə bağlı olub. Hava limanı müşahidə kamerasının görüntülərinin məhkəməyə təqdim olunmasının texniki səbəbdən imkanları xaricində olduğunu bildirib.
Vəkil Şəhla Hümbətova buna etiraz edərək deyib ki, hava limanının cavabı aydın deyil.
“Texniki səbəbdən imkan xaricindədir” nə deməkdir? Məhkəmə bunu başa düşdümü? Adətən belə videolar yaddaş kartına köçürülərək verilir. Onların yaddaş kartımı yoxdur? Yəni cavabları əsaslandırılmayıb. Bu səbəbdən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə sorğu göndərilməlidir”.
Vəkil Elçin Sadıqov Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə əlavə bir sorğunun da göndərilməsini istəyib.
“Heydər Əliyev Beynəlxalq Hava Limanındakı qırmızı zonanın yoxlama cihazlarındakı videolar məhkəməyə gətirilsin. Orada çamadanlar yoxlamadan keçir”, – Elçin Sadıqov vəsatətində deyib.
Şəmşad Ağa da etiraz edərək deyib ki, bu beynəlxalq hava limanıdır və müşahidə kameralarının görüntüləri yoxdursa, demək ki, bütün sərnişinlərin təhlükəsizliyi sual altındadır.
“Bu, dövlətin strateji obyektidir. Necə olur ki, məhkəmə görüntülərin gətirilməsini təmin etmir? Belə olan halda necə burada ədaləti təmin edə bilərsiniz?
Belə başa düşə bilərik ki, sabah biz burada etdiyimiz əvvəlki çıxışlarımızla bağlı nəyisə əsaslandırsaq və proseslərdən video görüntü tələb etsək mümkün olmadığını deyəcəksiniz. Yəni sizə sərf etməyəndə video gəlməyəcək məhkəməyə”.
Ramin Deko da kamera görüntülərinin məhkəməyə təqdim olunmamasına etiraz edib: “Əgər görüntülər gətirilsə, aydın görünər ki, mənim üzərimdə 38 min avro olmayıb”.
Hakim vəsatətləri baxılmamış saxlayıb və növbəti proseslərdə müzakirə edə biləcəklərini deyib.
“Təcridxanada zəng hüququma müdaxilə edilib”
Daha sonra Xəyalə Ağayeva söz alaraq, bir gün öncə Bakı İstintaq Təcridxanasında onun zəng hüququnun pozulduğunu deyib.
“23 iyulda rəfiqəm ilə telefonla danışarkən anidən zəng kəsildi və bərpa olunmadı. Dəfələrlə məsul şəxslərdən soruşsam da mənə heç bir açıqlama verilmədi. Onlar hər dəfə “özün bilmirsən ki, niyə kəsilib?” deyərək məsələni yola verməyə çalışırlar. Bizim telefon əlaqələrimiz nə üçün kəsilir və bərpa olunmur?”.
Hakim Zaur Hacıyev bu məsələyə baxılmayacağını bildirib.
Vəkil Rövşanə Rəhimli hüquqlarını müdafiə etdiyi Ülviyyə Əlinin ona məhkəmədə təmsilçiliklə bağlı etibarnamə verməsi üçün vəsatət verib. Vəkil bildirib ki, bunun üçün notariusun təcridxanaya daxil olmasına ehtiyac var. Məhkəmə buna etirazının olmadığını bildirib.
Şəmşad Ağa öncəki hakim heyəti işə baxarkən elektron sistemə 5-6 vəsatət yüklədiklərini qeyd edib: “Prosesin gedişində onlara baxacaqlarını bildirmişdilər, lakin vəsatətlərə baxılmır”.
Aynur Elgünəş həbsindən isə 6 ay öncə Dövlət Təhlükəsizliyi Xidmətinin onu izləməsi ilə bağlı vəsatət verib.
“Həbsimdən 6 ay öncə DTX-nın axtarma-güdmə üçün Səbail Rayon Məhkəməsindən aldığı qərar var. Həmin qərar məndə var və əvvəl məhkəməyə təqdim etmişəm. Qərarı təqdim edərkən mənə demişdilər ki, DTX-nin məni izləməsi ilə bağlı detalları irəlidə açıqlayacaqlar. Tələb edirəm ki, məni izləyərkən nə tapıblarsa, bu, məhkəmə işinə əlavə edilsin”.
Hakim vəsatətin baxılmamış saxlanıldığını bildirib: “Bu məsələyə sənədlərin tədqiqi mərhələsində baxıla bilər”.
“Zaldakı həmkarlarımın Milli Mətbuat Gününü təbrik edirəm”
Prosesin davamında Xəyalə Ağayeva, Fatimə Mövlamlı və Ramin Deko sərbəst ifadələrini səsləndiriblər.
İlk öncə Xəyalə Ağayeva öncəki proseslərin birində hakim heyətinin yarımçıq kəsdiyi ifadəsini səsləndirmək üçün kürsüyə gəlib. Bu dəfə də jurnalistin İlham Əliyevin adını çəkdiyi hissələrdə hakim ona xəbərdarlıqlar edib.
O, sözlərinə zaldakı həmkarlarını 22 iyul – Milli Mətbuat Günü və mətbuatın yaranmasının 151 illiyi ilə bağlı təbrik edərək başlayıb. Bu zaman zalda əyləşənlər onu alqışlayıblar. Hakim xəbərdarlıq edərək alqışın təkrar olunacağı təqdirdə məhkəmə prosesini izləyənlərin zaldan çıxarılacağını deyib.
“Biz azad insanlarıq, hərəkətlərimizi özümüz müəyyənləşdiririk”, – Xəyalə Ağayeva hakimə etiraz edərək deyib.
Jurnalistin çıxışından bəzi hissələri təqdim edirik.
“Əkinçi” qəzetinin son sayında belə bir elan verilib: “Biz xəstə olduğumuza görə ilin axırıncı nömrələri öz vaxtında çıxmayacaq və onların nə vaxt çıxacağı məlum deyil.
Elə bu saydan sonra da “Əkinçi” qapadıldı və beləcə, milli mətbuat 151 ildir ki, həmin xəstəliklə mübarizə aparır. Despotizmin yaydığı susqunluq epidemiyasına qarşı müqavimət göstərir. Bilirik ki, heç bir despotun hücumu mətbuat qarşısında öldürücü ola bilməz. İlham Əliyev də istisna deyil”.
Bu zaman hakim Xəyalə Ağayevanın çıxışına müdaxilə edib. O, son cümləsini təkrar edərək çıxışına davam etmək istəyərkən hakim yenidən onu dayandırıb.
“Mən ifadəmi səsləndirməsəm icazə verməyəcəm ki, bu məhkəmə yekunlaşsın”, – Ağayeva deyib.
“Prezidentin özünün mediaya ehtiyacı var”
Daha sonra o, ifadəsini səsləndirməyə davam edib.
“Əksinə, elə onun özünün mediaya ehtiyacı var. 4 ildir ki, sərasər Şuşada Beynəlxalq Media Forumu keçirir. İşi düşəndə jurnalistləri başına yığıb, mətbuat vasitəsilə onlardan istifadə edərək, öz fikirlərini dünyaya çatdırır. Lakin özündən başqa heç kəsə bu haqqı tanımır.
Güc strukturları düşüncə üyüdən qaranlıq dəyirmanlara çevrilib”.
Bu zaman hakim yenidən jurnalistin çıxışına müdaxilə edib.
Bu dəfə mikrofon kəsilir…
“Hətta sosial media üzərindən sistemə qarşı ən kövrək etiraz da həbslə nəticələnir. Elə bu ay “Meydan TV”də yayımlanan bir süjetdə vətəndaş deyir ki, onun atası Dövlət Sərhəd Xidmətinin əməkdaşının törətdiyi avtoqəzada ölüb, polis isə işi ört-basdır edib.
Mediada bu məlumatı görən dövlət dərhal hərəkətə keçib, danışan adamı polis bölməsinə gətirib, təhdidlə videonun silinməsini tələb edib. Məqsədinə nail ola bilmədikdə də vətəndaşı 15 sutka həbslə cəzalandırıb. Bu hadisə özlüyündə iki faktı təsdiqləyir: birincisi, biz jurnalistləri həbs etməklə hökumət bütün tənqidi səsləri boğmağı hədəfləyib. İkincisi də, bu hədəfinə sadəcə olaraq, çata bilməyib və indi də mediaya danışan vətəndaş ovuna çıxıb”.
Bu zaman isə Xəyalə Ağayevanın mikrofonu kəsilib. O, çıxışına davam etmək üçün bir qədər gözləyib.
Hakim: “Artıq məcburam müdaxilə edim”
“Müstəqil medianın fəaliyyətini sarsıtmaq üçün amansız repressiya həyata keçirilib. Lakin görülən tədbirlərin heç biri xəbər eşqimin alovunu söndürə bilməyib. Oğrun-oğrun, xısın-xısın qoparmışıq həqiqətdən parçaları və pazılın yığılmasından səbri tükənən ölkə başçısı fəaliyyətimizi həbsxana divarları arasında məhdudlaşdırıb.
O, xidmət etməyə and içdiyi 10 milyondan çox əhalinin azad mediaya çatma, danışma haqqını əlindən alıb. Qadağaların siyahısını genişləndirdikcə xalqı özünün uydurduğu qanunların məngənəsində boğub. Bir ingilis mütəfəkkiri deyir ki, “məhz fikri ifadə etmək azadlığını pozmaq insanlığa qarşı quldurluqdur”. Faktiki olaraq “Meydan TV” 2024-cü ilin 6 dekabrında quldur hücumuna məruz qalıb. Hakimiyyət son nöqtəni məhkəmənin əli ilə qoymaqla cinayətinə qanuni don geyindirmək istəyir. Lakin Əliyevin pulla aldığı sistem nökərləri daxil, kimsə bu tamaşanın ciddiliyinə inanmır. Bütün bəzəkli çıxışlarının arxasından onun özünün bir qaçaqmalçı olması həqiqəti boylanır”.
Hakim Zaur Hacıyev yenidən çıxışa müdaxilə edərək “artıq məcburam müdaxilə edim, çünki siz başqasını ittiham edirsiniz” deyib.
Jurnalist isə çıxışını davam etdirib.
“Psixologiyada bu fenomen “proyeksiya” adlanır – bir insanın mənfi xüsusiyyətlərini, istəkləri və ya səhvlərini başqasının üzərinə ataraq özünü müdafiə etməsi mexanizmi. Ancaq bu mexanizm bizə çoxdan tanışdır. Milli mətbuatımız yarandığı gündən güc sahibləri ilə savaş içindədir.
Müstəqillik savaşı Azərbaycan jurnalistikasının ürəyində yatır və mətbuat tariximiz aşılması çətin maneələrin öhdəsindən vicdanla gələn peşəkarlardan təsirlənir. Məhz onlar bu ölkədə azad mətbuat mirasını bizə qədər daşıyıb, xalq qarşısındakı məsuliyyəti çiyinlərimizə buraxıblar. Biz də öz peşəmizə möhkəmcə sarılmışıq və onu inadla müdafiə edirik
“Əkinçi” qəzeti öz dövrünün tələblərindən irəli gələrək qapanmaq məcburiyyətində qaldı. Ancaq yeni dövrün reallıqları iqtidara müstəqil medianı oyundan kənar buraxmağa imkan vermədi. Azərbaycanda azad mətbuatın varlığı yalan və manipulyasiya dənizində bir ada olaraq qaldı. Medialar fəaliyyətlərini davam etdirirlər və bunun qarşısını heç bir güc ala bilməyəcək!”
Xəyalə Ağayevanın sərbəst ifadəsi başa çatdıqdan sonra dövlət ittihamçısı Vüsal Abdullayev ona suallar ünvanlayıb. Jurnalist dövlət ittihamçısının bütün suallarına cavab verməkdən imtina etdiyini bildirib.
Dövlət ittihamçısının sualları “Həbsinizdən əvvəl harada işləmisiniz?”, “Jurnalist kimi fəaliyyət göstərdiyinizi iddia edirsiniz, dövlətin media reyestrindən keçmişdinizmi?”, “Meydan TV hansısa xarici qrantlar alıbmı?”, “Avropa Demokratiyaya yardım fondu tərəfindən Meydan TV-yə pul ayrılıbmı?”, “Beynəlxalq tədbirlərdə iştirak etmisinizmi və bu tədbirlərin maliyyəsi haradan olub?”, “Siz daha öncə sahibkarlıq fəaliyyəti ilə məşğul olmusunuzmu və bu barədə dövlət qeydiyyatınız olubmu?” və digər bu qəbildən suallar olub.
Dövlət ittihamçısının sualları başa çatdıqdan sonra Xəyalə Ağayevanın vəkili Günay İsmayılova etiraz edərək bildirib ki, birinci vəkillər, sonra dövlət ittihamçısı suallar verməli idi. Hakim bu etirazı qəbul etməyib.
“Təəssüf ki, jurnalistika Azərbaycanda həbs göstəricidir”
Xəyalə Ağayevanın digər vəkili Nazim Musayev ona “sizi nəyə görə həbs ediblər?” sualı verib.
“Məni jurnalistika fəaliyyətimə görə həbs ediblər. Təəssüf ki, Azərbaycanda həbs göstəricidir. Həbs olunmuşamsa demək ki, fəaliyyətimi ləyaqətlə yerinə yetirmişəm və hakimiyyət məni belə mükafatlandırıb”, – Ağayeva cavabında deyib.
Nazim Musayevin digər sualı “korrupsiya cinayətlərini araşdırmısınızmı?” olub.
Hakim sualın çıxarılmasına qərar verib.
Günay İsmayılovanın “həbsinizdən öncə nə vaxtsa hava limanında saxlanılmısınız” sualına jurnalist “xeyr” deyərək cavab verib.
Ülvi Tahirovun hüquqlarını müdafiə edən Bəhruz Bayramov “siz və Ülvi Tahirov ağır maddələrlə ittiham olunursunuz. Sizin hər hansı bir əlaqəniz olubmu?” sualını verib.
“Hakimiyyət də bilir ki, bizim heç bir əlaqəmiz olmayıb”, – Ağayeva cavabında deyib.
“Biz bir müsahibə üçün gedəndə sən gecikmişdin. Mən də gecikdiyin üçün səninlə kobud danışmışdım. Bunun üçün üzr istəyirəm. Qəbul edirsənmi üzrümü?”, – Natiq Cavadlı Xəyalə Ağayevaya üzünü tutaraq deyib.
“Canım Natiq müəllim, mən üzr istəyirəm gecikdiyim üçün”, – Ağayeva cavablayıb.
“Özümdən ilk dəfə onda soruşmuşdum ki, “mən necə kömək edə bilərəm?”
Daha sonra Fatimə Mövlamlı sərbəst ifadəsini səsləndirmək üçün kürsüyə gəlib. Onun ifadəsindən bəzi hissələri təqdim edirik.
“Həyatımı həmişə “mən necə kömək edə bilərəm?” sualına verdiyim cavablar istiqamətləndirib. Yaşadığım ölkədə nəyinsə qaydasında olmadığını hələ yeniyetmə ikən anlamışdım. Hər yerdə hüquqları tapdalanmış insanlar və onların gözlərinin dərinliyinə nüfuz etmiş qorxunun şahidi idim. Haqsızlığa məruz qalmış vətəndaşlar səslərini çıxarıb etiraz etməyə çəkinirdilər. Çünki narazı nidaların eşidildiyi hər yerdə polis hədəsinin də olduğunun fərqində idilər.
Özümdən ilk dəfə onda soruşmuşdum ki, “mən necə kömək edə bilərəm?”. Beləliklə, ictimai-siyasi proseslərə qoşuldum: sosial şəbəkə hesablarımda mütəmadi yazır, hökumətin qanunsuz əməllərini tənqid edir, həmvətənlərimin də yerinə danışır, onların əvəzinə də haqq tələb edirdim.
Əlbəttə, bu cür ictimai fəaliyyət heç də asan başa gəlmirdi. Günüm polis bölmələrində təhdid dinləməklə keçirdi. Amma bunun mənə təsiri hökumətin arzuladığı kimi olmurdu: rastlaşdığım hər haqsızlıq qarşısında etiraz əzmim bir az da artır, düşdüyüm hər polis bölməsindən daha qətiyyətli çıxırdım.
18 yaşımın əvvəlində mənsubu olduğum cəmiyyətlə bağlı mühüm bir şeyin fərqinə vardım: danışmaq, narazılığını dilə gətirmək istəyən insanların qarşısını heç də daima qorxu hissi deyil, “kimə danışaq?” sualı da kəsirmiş. Doğrudan da, ətraf qələmini hökumətin verdiyi mirzə payına satan, etirazçı vətəndaşdan polisə xəbərçilik edən, onları aldadan, məzmunu şikayət, yaxud siyasi tənqiddən ibarət müsahibələri yayımlamayan jurnalist və media qurumları ilə dolu olduğu halda kiminlə danışa bilərdilər?
Xalq sözünü demək üçün dürüst müxbirlər axtarırdı. Dürüst jurnalistlər isə qələmlərinə sadiq qaldıqları, prinsiplərini yaxşı güzərandan üstün tutduqlarına görə bir sıra təzyiqləri, o cümlədən azadlıqlarını itirməyi belə gözə almalı olurdular. O zaman özümdən bir daha soruşdum: “Yaxşı, bəs mən necə kömək edə bilərəm?”. Cavab məni ilk kamera və mikrofonumu almağa sövq etdi”.
“Hər gün yeni bir həbs xəbəri gəlirdi”
“Bu gün məni müttəhim kürsüsündən dinləməyinizə səbəb hansısa cinayət əməli yox, məhz o gün verdiyim qərardır. Həmin qərar nəticəsində 2018-ci ildən etibarən müstəqil jurnalist olaraq çalışmağa başladım. Peşə fəaliyyətim boyu əsasən sosial-siyasi hadisə və narazılıqları işıqlandırmaqla, insanlara danışmaq üçün müstəqil platformalar təklif eləməklə məşğul idim. Bunun müqabilində azadlığımın neçə dəfə qeyri-qanuni məhdudlaşdırıldığının, polis tərəfindən nə qədər təhdid edilib, fiziki zorakılığa məruz qaldığımın say-hesabını isə çoxdan itirmişəm.
Müstəqil mediada fəaliyyət göstərmək həmişə məhrumiyyətlərlə üz-üzə dayanmaq demək idi. 2023-cü ilin sonlarına doğru isə müstəqil jurnalistlər üçün vəziyyət bir az da qəlizləşdi. Nə mürtəce media qanunu, nə polis xofu müstəqil jurnalistləri dayandıra bilmədiyinə görə qəzəblənən siyasi hakimiyyət kütləvi həbslərə əl atdı. “Abzas Media”nın bütün komandasının həbs olunmasıyla başlayan total repressiv hücumu ayrı-ayrı jurnalistlərin, eləcə də “Toplum TV” və “Meydan TV” əməkdaşlarının həbsi müşayiət elədi.
Hər gün yeni bir həbs xəbəri gəlir, dünən yanaşı dayanıb, müsahibə aldığın həmkarın sabah “qaçaqmalçı” adı ilə şərlənirdi. Məqsəd müstəqil səsləri susdurmaqla yanaşı, həmin səsləri xalqa və dünyaya çatdıran jurnalistlərin də qarşısını almaq idi. Belə olan halda mən necə kömək edə bilərdim? Şübhəsiz ki, peşə fəaliyyətimə davam etməklə.
Haqsız həbsdən yayınmağım üçün yaxınlarımın səmimi narahatlıqla dilə gətirdiyi “ölkədən get” yaxud “fəaliyyətinə bir müddət ara ver” məsləhətlərinə qulaq asmadım. Peşəmə daha möhkəm və inadkar bir sevgiylə bağlandım. Yalnız həqiqətləri yazıb, mikrofonumu danışmaq istəyən hər kəsə uzatmağa davam elədim. Həbsimi labüd edən xüsusatlar da elə bu sadaladıqlarım oldu. Buna görədir ki, bir ildən çoxdur adına “Meydan TV işi” deyilən cinayət işində təqsirləndirilən şəxs statusu ilə həbsdə saxlanılıram”.
Fatimə Mövlamlının sərbəst ifadəsi başa çatdıqdan sonra dövlət ittihamçısı Vüsal Abdullayev ona suallar ünvanlayıb. Jurnalist dövlət ittihamçısının suallarını cavablandırmayacağını deyib. Bu zaman dövlət ittihamçısı fikrini dəyişdiyini, sualları səsləndirməyəcəyini bildirib. Vəkillər buna etiraz ediblər. Daha sonra dövlət ittihamçısı sualları səsləndirib. Onun sualları Xəyalə Ağayevaya ünvanladığı sullar ilə eyni olub.
“Biz girmədiyimiz otaqlara bizdən əvvəl polis girirdi”
Fatimə Mövlamlının vəkili Azər Rəsulov ona “həbs olunduğunuz günlərdə nə işlə məşğul olurdunuz?” sualını verib.
“26 fevralda Xocalı Soyqırımı ilə bağlı Ana Harayı abidəsinin önündən tədbiri çəkmişdim. Oradan Tofiq Yaqublunun məhkəməsinə gedib çəkiliş etmişdim. Yəni həbs olunduğum günlərdə öz peşə fəaliyyətimə davam edirdim”, – Mövlamlı deyib.
Azər Rəsulovun bir digər sualı “axtarış üçün gedildiyi zaman evinizdə kim var idi?” olub.
“Evdə bacım və azyaşlı uşağı var idi. Polislər onun telefonunu əlindən aldılar və ayrı bir otaqda gözlətdilər. Telefonu faktiki oğurlamışdılar, çünki axtarış protokolunda telefonun götürüldüyünü qeyd etməmişdilər. Bir ay yarıma – çoxlu tələblərdən sonra telefonu geri ala bildik”, – deyə jurnalist cavab verib.
Azər Rəsulovun “axtarış zamanı evdə neçə polis var idi?” sualına cavabında Mövlamlı əvvəl 6-7 polis olduğunu, sonra onların sayının davamlı artdığını deyib.
“Biz girmədiyimiz otaqlara bizdən əvvəl polis girirdi. Onlar, xüsusilə mənim yataq otağımda toplaşmışdılar. Sonra məni həmin otağa apardılar. Balışımı qaldırıb altındakı pulu göstərib dedilər ki, “xanım bu nədir?”. Dedilər ki, pulu sayım. Mən pula əl vurmayacağımı dedim”.
“Mənə qaçaqmalçılıqla yanaşı, sərhəd pozuculuğu maddəsi əlavə edin”
Vəkil Elçin Sadıqov şahidlərin bir-birini öncədən tanıması barədə nəsə hiss edib-etmədiyini soruşub.
“Saxlanıldığım Azadlıq Prospekti metrostansiyası ilə evim arasında məsafə 30 dəqiqədir. Lakin ikinci hal şahidini tapa bilmirdilər. Buna görə saxlanıldığım yerin yanında bir saat yarım qara mikroavtobusun içində oturub gözlədik. Hal şahidi də digər polis avtomobilində oturub gözləyirdi. Polis ikinci hal şahidinə yolüstü mərkəzi bir yer dedi və o, bizi orada gözlədi.
Yolüstü onu götürdülər və davam edib evə çatdıq. Polis ilə ikinci hal şahidi telefonda çox səmimi danışırdı və onlar qarşılaşanda çox yaxşı görüşdülər. Bu səbəbdən mən əmin oldum ki, hər iki şahid bu kimi işlər üçün polislə əməkdaşlıq edən şəxslərdir”, – Fatimə Mövlamlı deyib.
Vəkilin digər sualına cavabında Mövlamlı bildirib ki, 17 yaşından 21 yaşınadək onun ölkədən çıxışı qadağan edilib.
“Cəmi bir dəfə, 21 yaşımda, çıxış qadağasının götürüldüyünü mənə dediklərində Tbilisiyə getdim. Bu 1 gecə, 2 günlük səyahət idi. İstədim mən də nə vaxtsa ölkə xaricinə çıxmış olum. Mənə qaçaqmalçılıqla yanaşı sərhəd pozuculuğu maddəsi əlavə edin. Çünki mən ölkədən çıxa bilməmişəmsə, necə xaricdən qaçaqmalçılıq etmişəm?”
“8-9 saat qolumda qandalla saxlanılmışam”
Vəkilin bir digər sualına cavabında o, həbs olunanadək bu iş üzrə şahid qismində dindirilmədiyini deyib.
“Deyilirdi ki, saxlanılarkən qeyri-insani rəftara məruz qalmısınız. Bu nə ilə bağlı olub?”, – vəkil Rövşanə Rəhimli soruşub.
“Pis rəftar bununla bağlı olub ki, mən səhər 11-də saxlanılandan axşam saat 7-8-ə kimi hər yerə qolum qandallı formada aparılmışam. Hətta dəmir əllərimi kəsməsin deyə köynəyimin qolunu dəmirin altına salırdım.
Müvəqqəti saxlanma yerinə aparılanda da qolumda qandal olub, oradan məhkəməyə aparılanda da. Məhkəmədən Bakı İstintaq Təcridxanasına yola düşənədək qandallı olmuşam. Yəni saxlanıldığım günün sabahısı da bu davam edib”,- jurnalist cavabında deyib.
“Günah babamın babasının babasındadır”
Daha sonra Ramin Deko sərbəst ifadəsini səsləndirmək üçün kürsüyə gəlib. O, öncəki proseslərin birində ifadəsini səsləndirsə də, yenidən çıxış etmək istədiyini bildirmişdi.
“Mən SSRİ-dən qalma, otaqları nimdaş, dar, komaya bənzər bir məktəbdə oxumuşam. Birinci sinfi bitirəndə “Əlifba” bayramı görməsəm də, aldadıb “Müəllim” şeirini əzbərlətdirmişdilər. Şeirin ilk bəndi beləydi: Ey hörmətli müəllim! Hər könüldə yerin var. Hər kənddə, hər şəhərdə, Sənin meyvələrin var. Hə, indi o müəllimlərin meyvələri, yəni bizlər kənddə, şəhərdə deyilik, istintaq təcridxanalarında, cəzaçəkmə müəssisələrində, üstündə lobya-badımcan olan piştaxtaların arxasındayıq. Belə ömür sürürük.
Həbsimə görə peşman deyiləm. Amma buna görə bir kimsəni də qınamıram. Günahkar varsa, o da mənim ulu babamdır. Yəni babamın, babasının, babasının, babası. Bizim şəcərəmiz uzaq Altaydan gəlib. Hara? At belində basa-basa gəlib Lənkərana çıxıblar. Ay zalım balası, atın yüyənini bir azca sağa döndərsən İsveçə, Belçikaya, ən pis halda, Latviyaya gedib çıxırdın. Nə işin vardı Lənkəranda? Yaxşı, gəlirsən, heç olmasa, İçərişəhər tərəfdə atları saxla, orada özünə məskən qur, 4-5 sot torpaqda ev tik. İndi 700-800 min qiyməti olardı, mən də sənə “Allah rəhmət eləsin” deyərdim. Məsələn, mən o evi satıb, cənab prokurorla, hörmətli məhkəməylə anlaşardım. Təəssüf ki, özünü də yordun, məni də zibilə saldın”.
“Həbsimə görə cənab prezidentə təşəkkür edirəm”
“Yox, mən Azərbaycanda doğulmağımdan da, burada yaşamağımdan da, jurnalistikayla məşğul olmağımdan peşman deyiləm. Əsla! Əksinə, bizlər yəni, 12 nəfər çox gözəl “cinayətkar yığınıyıq”! Bəli, qəbullanıram, etiraf edirəm ki, bəlkə də harada yaşadığımın, nə işlə məşğul olduğumun fərqində deyilmişəm. Bilməmişəm ki, Azərbaycanda korrupsiyadan, nepotizmdən, diktaturadan danışmaq, yazmaq, reportajlar hazırlamaq bir cinayətdir.
Oxuduğum kitablarda, televiziyalarda, hətta konstitusiyada ölkəmizin müstəqil, vətəndaşların azad olduğu qeyd edilib. O da vurğulanıb ki, hər kəs fikrini deməkdə azaddır. Yəni mən belə eşitmişəm, oxumuşam. Bunları icra edəndə, reallaşdıranda həbs olunmuşam. Bildim ki, həqiqətləri bizim ölkədə demək cinayət imiş.
Həbsimə görə kimsəni qınamıram. İndiki dövrdə ən yaxşı yer elə həbsxanadır. Universiteti bitirsəm də, magistr təhsili almağa imkan olmadı. Amma həbsxanalar ən yaxşı təhsil müəssisələridir. Ona görə də məni tutanlara – bu planı ortaya qoyanlara, icazəsini alanlara, icazəsini verənə, icra edənlərə təşəkkür edirəm. 15 ildir jurnalistikada görmədiyimi, yaşamadığımı, ölkəmin əsl üzünü, astarını həbsxanada gördüm. Həbsimə fərman verdiyiniz üçün, Cənab Prezident, sizə təşəkkür edirəm. Nə yaxşı ki, məni həbs etdirdiniz!”.
“Biz prezidentin şəxsi dustaqlarıyıq, bizimlə hörmətlə davranın”
“Məhkəmədən xüsusi gözləntim yoxdur. Siz qərar verəcək şəxs deyilsiniz. Bunu bildiyim üçün, buna görə siz sonda nə iş oxuyacaqsınızsa, sizə lənət yağdırmayacam. Mənə kəsiləcək işə görə rahat yata bilərsiniz. O cümlədən mənə kəsilən hökmə görə sizə verilən ənam da halal xoşunuz olsun. Amma çalışın mənim kimi digər 11 nəfərin də halallığını alın. Halallıq yaxşı şeydir.
Sizdən bir ricam var. Bizi sevməyə bilərsiniz, bizə nifrət də edə bilərsiniz, bu sizin təbii haqqınızdır, amma bizə hörmət etməlisiniz. Biz küçə uşaqları olsaq da, yoldan ötənlər deyilik. Biz ölkə başçısı İlham Əliyevin şəxsi razılığı, xeyir-duası, icazəsiylə həbs olunmuşuq. Prezidentin şəxsi dustaqlarına yuxarıdan aşağı baxmayın. Hörmətlə davranın!”
Jurnalist ifadəsini səsləndirməyi başa çatdırıqdan sonra dövlət ittihamçısı ona suallar ünvanlamaq istəyib. O, bu sualları cavablandırmayacağını bildirib.
Dövlət ittihamçısının bir sualı “niyə polisin etdiyi çəkiliş zamanı 38 min avronun sizə aid olduğunu etiraf etmisiniz?” olub. Jurnalist bu sualla bağlı replika edib: “Yoldaşlarımı xilas etmək üçün”. Dövlət ittihamçısının digər sualları əvvəlkilərlə isə eyni olub.
Dövlət ittihamçısının “BJM ilə maliyyə əlaqəniz olubmu?” sualı vəkil Bəhruz Bayramovun etirazına səbəb olub. O, bildirib ki, belə ağır ittihamlar qoyulursa, dövlət ittihamçısı özü buna dair sübutlar təqdim etməlidir.
“Ortada sübutlar yoxdur, insanları həbs etmisiniz və özlərindən soruşursunuz ki, maliyyə əlaqəniz olubmu?”, – vəkil deyib.
Daha sonra vəkillər sual səsləndirərkən jurnalist dövlət ittihamçısının qeyd etdiyi video çəkiliş barədə danışıb.
“Mən saxlanılarkən 2 video çəkiliş aparılıb. Biri 1-ci hissədir, digəri 2-ci hissə. 1-ci hissədə taksinin baqajını açıb pulu göstərirlər. Mən bu 30 min avronun mənə aid olmadığını bildirirəm. Çünki onlar özləri baqajdakı çamadanımı açıb paltarların üstünə, yəni orta hissəyə bu pulu qoymuşdular.
Daha sonra aralarındakı danışığı eşitdim. Dedilər ki, əgər üzərinə götürmürsə, keçin o birilərini həbs edin. Mən digər həmkarlarım həbs olunmasın deyə polisin çamadanıma qoyduğu pulun özümə aid olduğun dedim. Bu video çəkilişin 2-ci hissəsindədir.
Daha sonra məni Bakı Şəhər Baş Polis İdarəsinə gətirdiklərində koridorda Aynur Elgünəş ilə Natiq Cavadlını gördüm. Başa düşdüm ki, artıq hər kəs həbs olunub və mən kimisə xilas edə bilməyəcəm.
Ondan sonra ifadə almaq üçün məni müstəntiqin otağına apardılar və mən ifadəmdə qeyd etdim ki, mənim üzərimdə sadəcə 8 min avro şəxsi vəsaitim olub və bu ölkəyə gətirmək üçün qanuni həddi keçən miqdar deyil. 30 min avro isə polis tərəfindən mənim çamadanıma qoyulub”.
Vəkilin sualını cavablandırarkən Ramin Deko deyib ki, hava limanında yoxlanışdan keçib, çölə çıxdıqdan sonra 20 dəqiqə taksinin gəlməsini gözləyib. Taksi ilə yola düşdükdən 5 dəqiqə sonra isə saxlanılıb.
Messi haqqında müzakirə
Vəkil Cavad Cavadovun “Sən Messi fanatısan, Argentina və Messi uduzdu. Bu haqda nə deyə bilərsən?” sualına Ramin Deko “İspaniya qalibdir” qarşılığı verib.
Dövlət ittihamçısı Vüsal Abdullayev isə məhkəmədən sualın çıxarılmasını və vəkilə yazılı xəbərdarlıq verilməsini tələb edib. Üstəlik əlavə edib ki, əgər vəkil bir daha belə suallar verərsə, onun barəsində Vəkillər Kollegiyasına şikayət edəcək.
Təqsirləndirilən jurnalistlər buna etiraz ediblər. Onlar bunu vəkilin təhdid edilməsi saydıqlarını bildiriblər.
“Belə çıxır ki, hakim prokurorun dediyi ilə oturub-durur”, – Aynur Elgünəş və Şəmşad Ağa deyiblər.
“Cavad Cavadov mənim vəkilimdir. Əgər onun başından bir tük əksik olsa burada özümü yandıraram”, – Nurlan Libre şüşə qəfəsin içindən ritorik formada deyib. Onun sözləri vəkil tərəfindən alqışlarla qarşılanıb.
“Rayona toylara gedirik, orada görürük ki, insanlar Messi və digər futbolçuların adından 3 manat, 5 manat toya pul yazdırırlar. Yəni bu, xalq arasında davamlı işlənən xoş söhbətdir, nə var ki, burada?”, – vəkil Bəhruz Bayramov söz alaraq deyib.
Daha sonra hakim Zaur Hacıyev vəkil Cavad Cavadova şifahi xəbərdarlıq verildiyini elan edib.
Ramin Dekoya son sual Ülviyyə Əlidən gəlib.
“Ötən proseslərdə bir neçə dəfə vəsatət verildi ki, jurnalistlərin məhkəmə proseslərində iştirakı təmin olunsun. Bunu təmin etməsələr də sağ olsunlar ki, bizim iştirakımızı təmin ediblər. Sualım bununla bağlıdır ki, saxlanılarkən hər hansı fiziki və psixoloji zorakılığa, ümumiyyətlə pis rəftara məruz qalmısanmı?”.
Ramin Deko cavabında bunlara məruz qalmadığını bildirib.
Növbəti məhkəmə prosesi avqustun 7-nə təyin olunub.
Meydan TV məhkəməsində sərbəst ifadələr