Azərbaycanda maska taxmayanlar cərimə olunacaq. Sadcə vətəndaşlar üçün bu cərimə 50 manat [30 dollara yaxın], vəzifəli şəxslər üçün 100 manat [59 dollara yaxın], hüquqi şəxslər üçün (təşkilatlar) 200 manat [118 dollara yaxın] təşkil edəcək. Qayda təkrar pozularsa, məbləğ iki qat artacaq.
Azərbaycanda artıq nəqliyyatda, bazarda, mağazalarda, müəssisələrdə və digər xidmət göstərilən yerlərdə maska taxmaq məcburidir. Həmçinin açıq havada insanların çox olduğu və məsafə saxlamağın çətin olduğu yerlərdə, avtobus dayanacaqlarında və ya bankomat növbələrində də mütləq maska taxmaq lazımdır.
Hazırda Azərbaycanda koronavirusa yoluxanların ümumi sayı 5 min nəfərdən çoxdur. Bütün karantin məhdudiyyətlərinin aradan qaldırılması fonunda hər gün 200-ə yaxın yeni yoluxma halı qeydə alınır. Bu, “karantindən əvvəl” gün ərzində qeydə alınan yoluxma səviyyəsindən iki dəfə artıqdır.