“Əsas instinkt” – Rusiya XİN-i Serbiya prezidentini necə təhqir edib?
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın Serbiya prezidentinin ünvanına sosial şəbəkədə etdiyi təhqiramiz paylaşım Serbiyada qəzəb doğurub.
Serbiya prezidenti Aleksandr Vuçiç Vaşinqtona gedib və orada ABŞ-ın vasitəçiliyi ilə Kosovo ilə iqtisadi əməkdaşlıq haqda razılaşma imzalayıb.
Zaxarova bu hadisəni o dərəcədə kobud şəkildə şərh edib ki, bu, diplomatik qalmaqal səbəbi olub.
• Çeçenistan rəhbəri ABŞ-ın sanksiyalarına iki pulemyotla cavab verib
Rusiya XİN-in rəsmi nümayəndəsi Facebook akkauntunda Ağ Evdə Serbiya prezidentinin kabinetin ortasında stulda, ABŞ prezidentinin isə masa arxasında əşyəşdiyini əks etdirən fotonu paylaşıb.
Bu fotonun altında isə o, digər bir foto – “Əsas instinkt” filmindən baş qadın qəhrəmanın polis şöbəsində polisin diqqətini yayındırmaq üçün ayağını ayağının üstünə aşırdığı kadrın skrinşotunu yerləşdirib.

Zaxarova bu kollaja belə bir mətn də yazıb:
“Əgər Sizi Ağ Evə dəvət edib, stulu isə belə, Siz dindirmədəymişsiz kimi qoyublarsa, #2 fotodakı kimi əyləşin. Siz kim olursunuzsa olun. Sadəcə inanın”.
Serbiya prezidenti cavabında bildirib ki, “şüuraltı insan haqda daha çox şey deyir, Mariya Zaxarova daha çox özü haqda deyib, primitivizm və bəsitlik daha çox ondan və bunu dərc edənlərdən xəbər verir”.
“Onlar Serbiyanın hərbi neytral ölkə olduğunu və NATO-ya daxil olmağa hazırlaşmadığını, qazı və silahı onlardan alan yeganə ölkə olduğunu dəyərləndirmirlər.
Mən başqasının primitivizmini izah etməyəcəyəm”, – Vuçiç deyib.
Zaxarova bundan sonra üzr istəyib və bildirib ki, onun paylaşımı yanlış anlaşılıb.