Rusiya prezidenti koronavirus peyvəndinin yaradıldığı haqda bildirib: inanmaq olarmı?
Mənbə – The Washington Post
Çərşənbə axşamı avqustun 11-də Rusiya prezidenti Vladimir Putin Rusiyada koronavirus peyvəndinin yaradıdılğı və qeydiyyatdan keçdiyi haqda bildirib. Dünya bunu şübhə və həyəcanla qarşılayıb.
Peyvəndi kim yaradıb?
Rəsmi hesabatlara əsasən, peyvəndin yaradıcısı Qamaleya adına Virusologiya İnstitutudur. İnstituta Rusiyanın Müdafiə Nazirliyi – pandemiya ilə mübarizə üçün ən böyük vəsaitlərin ayrıldığı qurum yardım edib.
Niyə dünya şübhə ilə reaksiya verib?
Bütün ölkələrdə yeni dərman və peyvəndlərin standart sınaq sxemi qəbul olunub. Əsas hədəf yeni preparatların effektivliyinə və təhlükəsizliyinə əmin olmaqdır.
Birinci mərhələ – laboratoriya tədqiqatları.
İkinci mərhələ – heyvanlar üzərində sınaqlar.
Üçüncü mərhələ – kiçik könüllülər qrupu (bir neçə min insan) üzərində sınaq.
Dördüncü mərhələ – on minlərlə insan üzərində sınaq.
• Narkomaniya karantində. Pandemiya dövründə Abxaziyada nakotiklərlə mübarizənin özəlliyi
Rusiyada prosesin üçüncü mərhələsi başa çatıb, bununla belə sınaqdan keçirilən insanların sayı 400 nəfər olub (Müdafiə Nazirliyinin müddətli xidmət əsgərləri). Dördüncü mərhələ ümumiyyətlə başlamayıb, amma peyvəndin artıq qeydiyyatdan keçirildiyi elan olunub. Prezident Putin bəyan edib ki, yeni peyvənd artıq onun qızına vurulub.
Dünyanın reaksiyası gecikməyib.
Ümumdünya Səhiyyə Təşkilatı tam sınaq silsiləsini keçməyən preparatların istifadəsinin yolverilməz olduğu haqda xəbərdarlıq edib.
ABŞ səhiyyə naziri bəyan edib ki, koronavirus əleyhinə peyvənd hazırlayan zaman onun ölkəsi qlobal birinciliyə yox, preparatın etibarlılığına və effektivliyinə can atır.
Hətta Rusiyanın Klinik Tədqiqatların İştirakçıları Assosiasiyası da hökumətə təhlükəsizliyi sübut olunmayan yeni peyvəndin istifadəsinə yol verilməməsi çağırışı ilə müraciət edib.
Putinin qızına gəlincə, çoxsaylı sosial şəbəkə istifadəçiləri xatırladırlar ki, Putin iki qızının olduğunu bildirsə də, onların adları və həyatları ilə bağlı bütün məlumatlar tam gizli saxlanılır. Böyüdükdən sonra heç kim heç vaxt onların ataları ilə birlikdə şəklini görməyib.
Bundan sonra nə olacaq: kimdən və nə zaman peyvənd gözləmək olar?
Koronavirusa qarşı peyvəndin hazırlanması ilə ABŞ və Avropada bir neçə elmi qrup məşğul olur.
Mütəxəssislərin fikrincə, ən çox Böyük Britaniyada Oksford Universitetinin alimləri irəliləyiblər, onlar ilk olaraq yeni virusun genomunu aça biliblər.
Planetdəki hər kəsi narahat edən məsələ tam sınaq silsiləsindən keçmiş, həqiqətən effektli və təhlükəsiz peyvənd nə zaman yaranacaq?
ABŞ prezidenti Tramp bildirirdi ki, bu, 2020-ci ilin sonuna qədər baş verəcək, amma bu, daha çox seçkiqabağı vədə bənzəyir. Alimlərin çoxu real müddət kimi 2021-ci ilin yanvar-fevral aylarını göstərirlər.
Bununla yanaşı Rusiya hökuməti elan edib ki, peyvənd ilk olaraq müəllimlərə və tibb işçilərinə vurulacaq. Bu prosedurun könüllü olub-olmayacağı haqda məlumat verilmir.