Klub stendapı Yerevana qayıdır
Yerevanda klub stendapı, Kond-haus
Demək olar ki, hər həftə bir qrup insan Yerevanın ən “itirilmiş” yerlərindən olan Kond-hausun yarımzirzəmi məkanına toplaşır. Onlar stendap artistləri və bu sənət növünün pərəstişkarlarıdır.
Çıxışlar adətən axşam saat on ərəfəsində başlayır. Pab qaranlıqdır, hava siqaret tüstüsündən ağırlaşıb, ziyarətçilər isə (pivə sağ olsun) artıq yaxşı əhvaldadırlar. Kimsə özünü pilləkanda oturub, çünki balaca zirzəmidə bütün yerlər tutulub.
Ani Barseqyan mikrofonu götürür və toplaşanları salamlayır.
Ani komandadakı qadın stendapçılardan biridir. Adətən tədbirləri o aparır.
Öz ilk “Açıq mikrofon”unu (“Open mic”) Ani 2020-ci ildə keçirib. “Open mis” zamanı stendapçılar kiçik auditoriya qarşısında çıxış edirlər, onların reaksiyasına görə gələcəkdə hansı tədbirlərdə çıxış edəcəkləri və ümumiyyətlə çıxış edib-etməyəcəkləri ilə bağlı qərar verirlər.
Aninin çıxış etməli olduğu tədbir koronavirus pandemiyasına görə elan olunmuş ümumi lokdauna görə təxirə salınıb.
Bir neçə aydan sonra məhdudiyyətlər aradan qaldırılandan sonra müharibə başlayıb.
Belə güman etmək olardı ki, Ermənistanda klub stendapının inkişafı qeyri-müəyyən zamana qədər təxirə salınıb. Müharibədən sonrakı Ermənistanda heç kimin gülmək və güldürmək həvəsi yoxdur. Amma müharibə bitəndən yarım ilə yaxın vaxt keçib və stendap qayıdıb.
Stendapçıların çıxışları Yerevan pablarında demək olar ki, hər həftə baş tutur.
Müharibədən sonrakı stendap
Ani müharibədə yaxınını itirmiş minlərlə Ermənistan vətəndaşından biridir. Yumor və gülüş, onun sözlərinə görə, ağrının öhdəsindən gəlməyə kömək edib və edir.
Ani də müharibədən danışır. Məsələn, çıxışlarından birində o, uniformanın seksuallaşdırılması haqda danışır. Məgər forma seksual olduqda əsgəri öldürməyəcəklər?
“Bu çıxışımdan sonra bir kişi mənə yaxınlaşıb, soruşdu ki, niyə əsgərlərimizi lağa qoyuram? İdeya da ondan ibarət idi ki, mənim dostum bu formada dəfn olunmuşdu və mən onu seksuallaşdırmaq istəmirdim”, – Ani danışır.
Amma müharibə və faciəvi itkilər mövzusuna toxunulduğunda xüsusi yanaşma lazımdır.
“Müharibə ilə bağlı çox zarafat olmuşdu. Düşünmürəm ki, zarafata uyğun olmayan hansısa mövzu var. Amma əgər siz ağrılı mövzulara toxunursuzsa, bunu elə etməlisiz ki, auditoriya bunu anlasın”, – Ani deyir.
Ermənistan stendapında qadınlar və “18+” yumor
“Standup club Yerevan” Ermənistanda ilk olaraq “18+” tədbirləri senzurasız keçirir. Ani komandadakı üç qadından biridir, kişilər iki-üç dəfə çoxdur. Hesab olunur ki, publika qadın stendapına daha zəif reaksiya verir, amma Ani xüsusi olaraq narahat olmur, çünki bir sıra üstünlüklər görür.
“Biz (qadınlar – red) səhnədən ikibaşlı leksikadan istifadə edərək mübahisəli mövzularda danışanda, bu, publikada şok təsiri yaradır, amma eyni zamanda insanlara açılmağa kömək edir”, – Ani deyir.
Senzurasız yomor doğrudan da yaxşı qarşılanır, Aninin də bununla bağlı izahı var. Onun publikası bu cür zarafatlara hazırdır və açıqdır. Bütün hallarda çıxışlar həmişə bir sıra xəbərdarlıqları nəzərdə tutur: əgər siz istənilən mövzuda zarafata hazır deyilsizsə, ən yaxşısı tamaşalara gəlməməkdir – tamaşa “18+” və ya “21+” olacaq.
Yumorun çözdüyü problemlər
Aninin yumoru çıxışlarının praktiki olaraq hamısında sezilən vahid tematik xəttə sahibdir. Onun zarafatları qadınlar, ailə, müharibə, boyfrend, seksizm, diskriminasiya haqdadır. Bunlar bizdə “zarafata qapalı” mövzulardır.
“Bir dəfə mən çox yaxın şeylər haqda danışdığıma dair fidbek aldım. Və bu onların ürəyincə olmuşdu, amma məhz buna görə onlar üçün gülməli deyildi. Düzü, məhz bu, mənim ən sevimli stendap komediya janrımdır – sən güldürmürsən, sadəcə insanlarla söhbət edirsən.
Onların reaksiyaları qəhqəhəli gülüş deyil, bir növ müsbət duyğudur. Və siz auditoriyanızı narahat edən problem haqda danışdığınız zaman onlar tənha olmadıqlarını anlayırlar. Bunda terapevtik effekt var. Bu cür yanaşma onlar üçün sadəcə zarafatdan daha çox şey açır”.
Ani vacib sosial və mədəni problemlər haqda yumor vasitəsilə danışır, amma bildirir ki, onun gülüş yolu ilə həll etmək istədiyi yeganı problem tabu mövzuları götürmək və onlara daha yüngül yanaşmaqdır.
Klub stendapının gələcəyi
Ani öz maddi gələcəyini stendapla bağlamr. Onun da, komandanın digər üzvlərinin də başqa peşələri var və stendap onlar üçün hobbidir.
Ermənistanda klub stendapının gələcəyi hələ də dumanlıdır. Bu sahənin inkişaf edəcəyini, yoxsa entuziastlar sayəsində ayaqda qalan kiçik auditoriyalı Yerevan submədəniyyətində qalacağını təxmin etmək çətindir.
Bu cür mürəkkəbb suallara cavab verməkdənsə, stendapçılar sadəcə ən yaxın şənbə axşamı “Standup club Yerevan”a gəlib şənlənməyi təklif edirlər.
Bu hekayə “Trayektoriya” media layihəsinin bir hissəsidir. Layihə Cənubi Qafqazda münaqişənin həyatlarına toxunduğu insanlardan bəhs edir. Bütün Cənubi Qafqazdan olan müəlliflər və redaktorlarla işləyir və münaqişələrin heç birində tərəflərdən heç birini dəstəkləmir. Bu səhifədəki materiallara görə müəlliflər məsuliyyət daşıyır. Əksər hallarda toponimlər müəlliflərin cəmiyyətlərində qəbul olunduğu kimi istifadə edilir. Layihə Avropa İttifaqının dəstəyilə GoGroup Media və International Alert təşkilatları tərəfindən həyata keçirilir.