“Heç bir status haqda söhbət gedə bilməz” – İlham Əliyev
Azərbayan prezidenti İlham Əliyev İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan ordusunun nəzarəti altına keçən Füzuli və Cəbrayıl rayonlarında olub.
- Sülh razılaşması imzalanandan sonra Azərbaycan və Ermənistan nə əldə edib?
- Şərh: Bəs Ermənistan silahlı qüvvələri Azərbaycana qaytarılan rayonlardan çıxmasa?
Əliyevin göstərişi ilə Füzuli rayonunun Alxanlı qəsəbəsindən Şuşa şəhərinə yeni yolun inşası başlayıb. “Bu yolun çox böyük əhəmiyyəti var. Çünki bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır”, – Azərbaycan prezidenti qeyd edib.
“Hazırda münaqişənin siyasi həlli mərhələsidir. Bu mərhələdə də Azərbaycan istədiyinə nail olur və olacaq. Münaqişənin hərbi mərhələsi başa çatıb. <…> Biz düşməni məcbur etdik ki, kapitulyasiya aktına imza atsın və beləliklə, bizim bu günə qədər işğal altında qalan Ağdam, Laçın və Kəlbəcər rayonları da yaxın günlərdə Azərbaycana qayıdır” – Əliyev bəyan edib.
Azərbaycan prezidenti həmçinin Dağlıq Qarabağın hazırda Rusiya sülhməramlı qüvvələrinin yerləşdiyi hissəsinin taleyi ilə bağlı məsələyə də toxunub:
“Ərazi bütövlüyümüzü bərpa etmişik, işğalçıları işğal edilmiş torpaqlardan qovmuşuq, ikinci erməni dövlətinin yaradılmasına imkan verməmişik, heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var. Çoxmillətli, çoxkonfessiyalı, mütərəqqi Azərbaycan dövləti var. Bütün Azərbaycan vətəndaşları, bütün xalqların, dinlərin nümayəndələri normal yaşayırlar, mehribanlıq, sülh şəraitində yaşayırlar. Erməni xalqı da belə yaşayacaq. Bizim erməni xalqı ilə işimiz yoxdur”.
“Bizim bütün hərbçilərimiz, Füzuli və işğaldan azad edilmiş başqa torpaqlarda yaşamış sakinlər bilməlidirlər ki, biz bütün bu yerləri bərpa edəcəyik. Mən demişdim, Füzulidə bir dənə də bina tapılmadı ki, orada Azərbaycan bayrağı ucaldılsın. Amma biz bərpa edəcəyik. İndi müvafiq göstərişlər verildi, planlı şəkildə bunu edəcəyik, beynəlxalq ekspertləri dəvət etmişik, onlar da gələcəklər. Bütün dəymiş ziyanı birlikdə hesablayacağıq. Ondan sonra şəhərsalma üzrə mütəxəssisləri – həm Azərbaycan mütəxəssislərini, həm xarici mütəxəssisləri dəvət edəcəyik. Onlar da gələcəklər, yeni bir şəhərsalma planı qurulacaqdır. Kəndlərin, şəhərlərin, infrastrukturun, ekologiyanın bərpası – bütün bu planlar var”, – Azərbaycan prezidenti qeyd edib.