Hakimlər pijamada gəlmişdi
“Natiqi 22:30 radələrində saxlayaraq, Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə gətirdilər, təxminən gecə yarısı isə Ağır Cinayətlər Məhkəməsinə apararaq, 4 ay müddətinə həbs olunması ilə bağlı tələsik qərar çıxardılar, – Natiq Cəfərlinin vəkili Cavad Cavadlı deyir. – Hakimlər pijamada gəlmişdi.
Avqustun 12-dən 13-nə keçən gecə məşhur iqtisadçı və ReAl ictimai-siyasi hərəkatının idarə heyətinin üzvü Natiq Cəfərli 4 ay müddətinə həbs edilib.
Vəkilin sözlərinə görə, siyasətçi və iqtisadçıya Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə – bu əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. “Belə həbs müddətləri ağır cinayətlər törədildikdə təyin olunur, 192-ci maddə isə ümumiyyətlə dekriminalizasiya olunub, – vəkil deyir. – Biz Apelyasiya Məhkəməsində bu qərarın ləğvinə nail olmağa çalışacağıq.
Onun sözlərinə görə, hazırda Natiq Cəfərli 1 saylı Kürdəxanı İstintaq Təcridxanasında saxlanılır.
Vəkil və Cəfərlinin həmkarları Cəfərlinin əslində siyasi səbəblər üzündən həbs olunduğu qənaətindədirlər.
“Natiq tənqidi müsahibələri və sosial şəbəkələrdəki yazıları ilə məşhurdur. O, korrupsiya, neftin qiymətinin düşməsi, manatın devalvasiyasının səbəbləri haqqında çox danışırdı. Güman ki, həbsinin səbəbi də məhz bununla başlıdır, – onun ReAl hərəkatındakı tərəfdaşı Nicat Məlikov deyir.
“ReAlın rəhbəri İlqar Məmmədov artıq dörd ilə yaxındır ki, həbsxanadadır, bu yaxınlarda üç il sürən həbsdən sonra təşkilatın idarə heyətinin üzvü Rəsul Cəfərov azadlığa çıxıb və nəhayət, Natiq Cəfərlini həbs ediblər, – idarə heyətinin daha bir üzvü Erkin Qədirli deyir. – “ReAl referendumla bağlı təşəbbüs qrupunun yaradılması üçün 45 mindən çox imza vərəqəsi toplayıb. Natiqin həbsi “ReAlın ətrafında daha çox adam yığacaq.
“Həbs üçün səbəb çoxdur, – Rəsul Cəfərov deyir. – Birincisi, Natiq bir fəal kimi, İlqara həbsxanada çox kömək edirdi və “ReAlın ən mühüm layihələrinə görə cavabdehdi. Bundan başqa, bir iqtisadçı kimi, tənqidi məqalələr yazırdı. Üçüncü səbəb də qarşıdan gələn referendumdur. O, bizim MSK-da qeydiyyatdan keçən təşviqat qrupumuzun məsul müvəkkili idi. Qanunsuz sahibkarlıqla bağlı cinayət işinə gəlincə, o hələ bir il bundan əvvəl açılıb, görünür, hakimiyyət gözləyirdi, işini dayandıracağını düşünürdü.
Müxalif AXCP rəhbəri Əli Kərimli sosial şəbəkədəki səhifəsində yazıb: “Natiq bəyin ictimai-siyasi fəaliyyətinə görə həbs edildiyinə əminəm. Bu həbsi siyasi repressiya kimi qiymətləndirirəm və Natiq bəyə azadlıq tələb edirəm.
Hakim “Yeni Azərbaycan partiyası iqtisadçının həbsi ilə bağlı heç bir şərh verməyib. Bundan əvvəl Xarici İşlər Nazirliyi və prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dəfələrlə Azərbaycanda siyasi məhbusların olmadığını bildirib.
Sosial şəbəkələrdə bu xəbər ancaq siyasətdən xəbəri olan istifadəçilər tərəfindən müzakirə olunur. Təəssüf və acı yumorsuz da ötüşmür, bəzən “ReAl hərəkatının özü ilə bağlı da diskussiyalar yaranır. Yeri gəlmişkən, hərəkat üzvlərinin həbsləri ilə əlaqədar olaraq daha da populyarlaşır.
“Aydındır ki, “ReAl hələ ki, (İlqarın həbsindən sonra) o qədər də məşhur təşkilat deyil, bizim hörmətli Natiq də tutulmalıydı ki, hamı anlasın ki,
1. “ReAl həqiqətən də real alternativdir,
2. İslahatlar olmayacaq, axıra qədər durmaq, mövqeləri möhkəmləndirmək və hər şeyin öz-özünə dağılacağını gözləmək lazımdır.
“Facebookda səhifə işlədirəm. Qorxuram, birdən qanunsuz sahibkarlıqda ittiham edib basarlar içəri.
“Öyrəşmişik buna və adi qəbul edirik. Anlayırıq ki, bu yolda həbslər, zorakılıqlar qaçılmazıdır. REAL-çılar, daha möhkəm olun, indi bizim birliyə daha çox ehtiyacımız var.
“ReAl ictimai hərəkatı sentyabrın 26-da baş tutacaq referenduma qarşı təbliğat aparmaq niyyətindədir. Hərəkat nəzərdə tutulan düzəlişləri prezident hakimiyyətinin gücləndirilməsi və cəmiyyətin hüquq və azadlıqlardan məhrum edilməsi ilə əlaqələndirir. Natiq Cəfərli düzəlişlərlə bağlı mənfi mövqeyini dəfələrlə səsləndirib.
İctimai hərəkatın rəhbəri İlqar Məmmədov artıq 4 ildir ki, həbsxanadadır. O, İsmayıllı rayonunda iğtişaşların təşkilində ittiham olunub. Avropa İnsan Haqları Məhkəməsinin bu qərarı ləğv etməyinə baxmayaraq, Məmmədov hələ də həbsxanadadır. “Amnesty International İlqar Məmmədovu vicdan məhbusu elan edib. Avropa Şurasının baş katibi Torbyorn Yaqland Azərbaycan tərəfinin siyasi məhbusların azadlığa buraxılması ilə bağlı tələbləri yerinə yetirmədiyini pisləyib
Dərc edilib 14.08.2016