Gürcüstanda 18 yaşından Çinin SinoVac vaksinasiyasına qeydiyyat açılıb
Gürcüstanın 18 yaşdan yuxarı vətəndaşları artıq COVID-19-a qarşı Çinin “SinoVac” peyvəndi ilə vaksinasiyadan keçmək üçün qeydiyyatdan keçə bilərlər. Onlar üçün qeydiyyat aprelin 27-də saat 20:00-dan başlayıb. Qeydiyyat www.moh.gov.ge portalında mümkündür. Bu haqda səhiyyə naziri İmmunlaşdırma Şurasının iclasından sonra bildirib və qeyd edib ki, görüşdə əsas mövzu Çin vaksini olub.
“Qərara alınıb ki, bu gün 20:00-da 18 yaşdan yuxarı vətəndaşlar üçün portal açılacaq, orada vaksinasiyadan ötrü qeydiyyatdan keçmək mümkün olacaq. Bunun səbəbi ondadır ki, bir sıra mühüm tədqiqatlar var, onlara əsasən, Sinopharm 18 yaşdan 60 yaşa qədər vətəndaşlar üçün təhlükəsiz vaksindir. Buna görə də şura beynəlxalq qərara etibar edir və biz vətəndaşlarımıza bu peyvəndi vurdurmaq imkanı veririk”, – Yekaterina Tikaradze bildirib.
Nazirin sözlərinə görə, evlərə gedəcək xüsusi hazırlanmış “peyvənd zabitləri” vətəndaşlara qeydiyyatdan keçməyə kömək edəcəklər. Bu cür qərar qeydiyyat portalında vaxtaşırı yaranan probllemlərlə əlaqədar olaraq qəbul edilib.
Xəstəliklərə Nəzarət Milli Mərkəzinin məlumatına əsasən, ölkədə 40 095 nəfər koronavirusa qarşı vaksinasiyadan keçib. Ötən gecə 1542 nəfərə peyvənd vurulub. Vaksinasiyadan keçən ümumi 40 095 nəfərdən 3622 nəfər hər iki dozanı ala bilib.
Çininin “SinoVac” peyvəndinə hələlik Ümumdünya Səhiyyə Təşkilatından icazə verilməyib, amma Macarıstan nizamlayıcısından avtorizasiyaya malikdir.
Buna baxmayaraq, aprelin əvvəlində Gürcüstana 100 min doza SinoVac gətirilib, aprelin sonuna qədər lisensiya alacağı və yalnız bbundan sonra vaksinasiya prosesinə daxil ediləcəyi şərtilə.
Bununla belə, Gürcüstan hökuməti peyvəndi avtorizasiyadan əvvəl vaksinasiya prosesinə daxil etmək qərarı alıb. Səhiyyə nazirinin müavini Tamar Qabuniyanın sözlərinə görə, bunun səbəbi 55 yaşa qədər insanlar arasında “AstraZeneca” peyvəndinin istifadəsinin məhdudlaşdırılması və epidemioloji vəziyyətin ağır olmasıdır.
Gürcüstanda koronavirusa yoluxma halları çoxalıb. Son 24 saat ərzində ölkədə 1578 nəfərdə COVID-19 aşkarlanıb, 17 nəfər vəfat edib. Bu, dekabrdan bəri ən böyük ölüm sayıdır.