Gürcüstan yardım üçün NATO-ya müraciət edib
Epidemiya ilə mübarizə üçün Tbilisiyə tam təchizatlı 100 səhra hospitalı lazımdır
Koronavirusun yüngül formasına yoluxanlar xəstəxanaya yerləşdirilməyəcək. Səhiyyə naziri Yekaterina Tikaradzenin sözlərinə görə, bu cür xəstələri karantin şəraitində müalicə edəcəklər. Bu tədbir xəstəxanaların hədsiz dolmasının qarşısını almağa kömək edəcək və eyni zamanda yoluxanların ailə üzvlərinin də yoluxması riskini azaldacaq.
Aprelin 7-i saat 10:00-a olan məlumata əsasən, Gürcüstanda 196 koronavirusa yoluxma halı qeydə alınıb. 4735 nəfər karantində, 383 nəfər stasionarda saxlanılır. 39 pasiyent sağalıb, 2 nəfər ölüb.
Koronavirusa yoluxanların 81 nəfərində pnevmoniya müşahidə olunur. Onlardan birinin vəziyyəti kritikdir, o, süni nəfəs aparatına qoşulub. Xəstələr arasında iki hamilə qadın var. Onlar özlərini yaxşı hiss edirlər.
worldometers.info resursunun məlumatına əsasən, Gürcüstanda 1 milyon nəfər sakin arasında cəmi 692 nəfərə koronavirus testi edilir və bu, Avropada ən aşağı göstəricilərdən biridir. Bundan daha aşağı göstərici ancaq Ukraynadadır – 1 milyon nəfərdən 146 nəfər yoxlanılır. Azərbaycanda yoxlanılanlar 1 milyon nəfərə 4438, Ermənistanda isə 1735 nəfərdir.
Aprelin 3-də Gürcüstan pandemiya ilə mübarizə çərçivəsində “NATO-nun Fəlakətlərə Reaksiya üzrə Mərkəzinə” (EADRCC) müraciət edərək 100 nəzarət-buraxılış məntəqəsinin təchiz edilməsində yardım istəyib. Bunun üçün 100 səhra mətbəxi, 100 səhra tibb məntəqəsi, 2500 düşərgə çarpayısı, 100 generator, 100 soyuducu, 100 elektrik çaydanı və s. lazımdır.
Sameqrelo regionu bağlana bilər
Epidemioloqlar hələ də koronavirus xəstəsi olan 33 yaşlı idmançının təmasda olduğu insanların çevrəsini müəyyən etməyə çalışır. O, fövqəladə vəziyyət elan olunsa da, Tbilisini tərk edib, Sameqreloya gələrək regionun müxtəlif şəhərlərində: Zuqdidi, Salencixa və Çxorotskuda qohumlarını ziyarət edib. Aprelin 4-də onun covid-19 virusuna yoluxduğu aşkarlanıb və indi idmançı klinikaların birində müalicə olunur. Onun sözlərinə görə, ümumilikdə 17 nəfərlə təmasda olub.
Anakliyanın karantin zonasına 17 nəfər köçürülüb. Onların arasında hamilə qadın və iki azyaşlı uşaq da var. İdmançı ilə birbaşa və dolayı təmasda olan insanların sayı artıq 90 nəfərə çatıb. Region administrasiyası nümayəndələrinin sözlərinə görə, bu insanların bir neçəsində diaqnoz təsdiqlənərsə, Sameqrelo regionu tamamən bağlanacaq.
Bir həkim-infeksionistin xəstədən yoluxduğu Saçxere şəhər xəstəsanasının 100 əməkdaşı “sürətli testlə” koronavirus yoxlamasından keçib. Yeni yoluxanlar aşkarlanmayıb, amma bununla belə, azı 10 əməkdaş özünütəcrid şəraitində qalıb. Xəstəxana adi rejimdə işləyir.
Milli bankın daha 9 əməkdaşında koronavirusa yoluxma halı təsdiqlənib. Onların hamısı daha əvvəl yoluxan 7 həmkarları ilə təmasda olublar. Virusun ötürülməsinin pul əskinasları ilə baş verdiyi təxmin edilir.
Batumidə xəstəliyin ilk daxili yayılması halı qeyd olunub – 60 yaşlı qadın qarın boşluğunda kəskin ağrı və diareya şikayəti ilə tibbi yardım üçün müraciət edib. Təcili yardımın həmin qadınla təmasda olan 6 həkimi özünütəcrid rejiminə keçirilib.
Gürcüstan hakimiyyəti preventiv məqsədlərlə Tbilisi və Kaxeti regionunda, həmçinin Qərbi Gürcüstanın Senaki və Zuqdidi şəhərlərində aqrar bazarları bağlayıb. Bütün ticarətçilərin və alıcıların temperaturunun ölçüldüyü, pulların dezinfeksiya edildiyi, hətta ütüləndiyi Poti bazarı da artıq qapalıdır.
- Fövqəladə vəziyyət – hüquqlar və vəzifələr
- Qafqazda koronavirus. Yenilənir
- Tbilisi koronavirus epidemiyası günlərində, aprel gəldi. Video
Gürcüstanda ilk koronavirusa yoluxma halı 2020-ci il fevralın 26-da qeydə alınıb. Gürcüstanda pandemiyanın qarşısnın alınması üçün martın 21-də fövqəladə vəziyyət elan olunub, martın 31-dən isə bütün ölkə ərazisində karantin tətbiq edilib.