Gürcüstanda mühüm seçki islahatı – konstitusiyaya dəyişiklik ikinci oxunuşdan keçib
Uzun müddət hakimiyyət və müxalifət arasında mübahisə mövzusuna çevrilən Gürcüstan parlamentinə seçkilər haqda konstitusiyaya dəyişiklik layihəsi Gürcüstan parlamentində ikinci oxunuşdan keçib.
150 deputatdan 115 nəfəri dəyişikliklərin lehinə, üç nəfər əleyhinə səs verib, bir nəfər bitərəf qalıb. Müxalif “Vahid Milli Hərəkat” və “Avropa Gürcüstanı” fraksiyaları səsvermədə iştirak etməyib.
Seçkilərdə nə dəyişir?
Konstitusiya düzəlişlərinə əsasən, 2020-ci il parlament seçkilərində 120 deputat proporsional sistem üzrə, partiya siyahıları ilə, 30 nəfər isə majoritar dairələrdən seçiləcək.
Qüvvədə olan qanunvericiliyə əsasən, 150 deputatdan 77 nəfəri partiya siyahıları, 73 deputat isə majoritar sestemlə (yəni 73 majoritar seçki dairəsindən) seçilir.
- Gürcüstanda proporsional seçki sistemi uğrunda mübarizə niyə vacibdir?
- Pandemiya Gürcüstanın iqtidar partiyası üçün şansdır?
Müxalifətin fikrincə, bu sistem iqtidar partiyasına üstünlük verir və seçici iradəsini lazımi səviyyədə ifadə etmir.
2019-cu ilin yayında izdihamlı aksiyalardan sonra “Gürcü arzusu” iqtidar partiyasının lideri Bidzina İvanişvili etirazçıların tam proporsional sistemə keçməklə bağlı əsas tələbinə əməl edəcəyinə söz verib.
Amma 2019-cu ilin noyabrında hakim partiyadan olan deputatlar səsvermə zamanı bu dəyişiklikləri dəstəkləməyib, buna görə də Tbilisidə yenidən etiraz aksiyaları başlayıb və 8 martda imzalanan razılaşma ilə sona çatıb.
Qanunvericiliyə ediləcək başqa bir mühüm dəyişiklik – 40 faiz səs toplaya bilməyən partiyanın birpartiyalı hökumət qurmaq hüququna sahib olmaması ilə bağlıdır.
Layihəyə əsasən, partiyalar üçün seçici baryeri hazırki 5 faiz əvəzinə cəmi 1 faiz təşkil edəcək.
Müxalifət niyə səs verməyib?
Hər iki partiya bəyan edib ki, müxalif fəal Giorgi Rurua həbsdən azad edilməyənə qədər dəyişikliklərlə bağlı səsvermədə iştirak etməyəcəklər.
Müxalifət bütün “siyasi məhbusların” azad edilməsinin hakimiyyətlə müxalifət arasında martın 8-də imzalanan razılaşmanın bir hissəsi olduğuna israr edir. Məhz o zaman xarici diplomatların vasitəçiliyi ilə konstitusiya dəyişiklikləri ilə bağlı razılaşma əldə edilib.
“Gürcü arzusu” iqtidar partiyasının təmsilçiləri indiyə qədər razılaşmada müxalifətçilərin həbsdən azad edilməsi ilə bağlı müddəanın olduğunu inkar edir və bildirirlər ki, Gürcüstanda siyasi məhbuslar yoxdur. Bununla belə razılaşma əldə ediləndən və qərbli diplomatların çağırışlarından sonra müxalifətçi liderlər Qiqi Uqulava və İrakli Okuraşvili azadlığa buraxılıblar.
Qərbli diplomatlar, amerikalı konqresmenlər və Avropa Parlamentinin deputatları dəfələrlə Gürcüstan hakimiyyətini Ruruanı azad etməyə çağırıb.
Müxalif “Mtvari arxi” telekanalının sahiblərindən biri olan Giorgi Rurua 2019-cu ilin noyabrında qanunsuz silah saxlama ittihamı ilə həbs olunub.
Parlament dəyişikliklərlə bağlı bir daha səsvermə keçirməlidir, üçüncü oxunuşda dəyişikliyin qəbul edilməsi üçün ən azı 113 səs lazımdır.
Dəyişikliklər qəbul edilərsə, 120/30 prinsipli seçki modeli 2024-cü ilə qədər qüvvədə olacaq. 2024-cü ildə baş tutacaq növbəti seçkilər artıq tam proporsional sistem üzrə keçirilməlidir.