Gürcüstanın baş naziri: biz danışıqlar üçün Azərbaycan və Ermənistan nümayəndələrini qəbul etməyə hazırıq
Gürcüstan Tbilisidə dialoq məqsədilə münaqişə tərəflərinin nümayəndələrinin görüşünü təşkil etməyə hazırdır – Gürcüstanın baş naziri Georgi Qaxariya sentyabrın 30-da Azərbaycan və Ermənistan arasındakı hərbi qarşıdurma ilə bağlı bəyanatla çıxış edib.
“Bizim ümumi marağımız regionda sülhün mümkün qədər tez bərqərar olmasıdır. Gürcüstan bu prosesi bütün mümkün vasitələrlə dəstəkləməyə, o cümlədən də Tbilisidə münaqişə tərəfləri nümayəndələri arasında dialoqun aparılması məqsədilə görüş keçirməyə hazırdır”, – baş nazirin bəyanatında deyilir.
•Qarabağda hərbi əməliyyatlar, yenilənir. Reportajlar, video/foto
•Gürcüstan öz ərazisindən silah tranzitinə imkan verməyəcək
Qaxariya ATƏT-in Minsk Qrupunun həmsədrlərini və beynəlxalq aktorları münaqişənin eskalasiyasına son qoymaq və dialoqu bərpa etmək üçün öz imkanlarından maksimum yararlanmağa çağırıb.
Onun sözlərinə görə, Gürcüstanı hər iki ölkə ilə mehriban qonşuluq münasibətləri bağlayır.
“Tarixən Gürcüstanda yaşayan azərbaycanlılar və ermənilər ölkəmizin, o cümlədən də ümumilikdə regionun inkişafında və möhkəmlənməsində böyük rol oynayıblar. Eyni zamanda onların sülh içində birgə yaşamı gürcülərin, ermənilərin və azərbaycanlıların Cənubi Qafqazı sülh və inkişaf zonasına çevirmək potensialına malik olduqlarına dair yaxşı nümunədir”, – baş nazir deyib.