Gürcüstan dövləti əhalinin bir hissəsinin 3 aylıq kommunal xərclərini ödəyəcək
Dövlət aylıq elektrik və qaz sərfiyyatı son üç aylıq dövrdə (martdan maya qədər) müvafiq olaraq 200 kilovat və 200 kubmetri aşmayan ölkə sakinlərinin həmin dövr üçün kommunal xərclərinin ödənişini öz üzərinə götürüb. Dövlət bu kateqoriyadan olan vətəndaşların su və zibilin təmizlənməsinə görə xərclərini də ödəyəcək.
1 aprel 10:00-a qədər Gürcüstanda 115 koronavirusa yoluxma halı qeydə alınıb. 5106 nəfər karantində, 294 nəfər stasionarda saxlanılır. 22 pasiyent sağalıb.
Başqa sözlə, Tbilisidə (Tbilisi və regionlarda elektrik və qazın qiymətləri fərqlidir) hökumət aylıq elektrik sərfiyyatı 35 larini (10 dollara yaxın), regionlarda isə 33 larini aşmayan, analoji olaraq qaza görə Tbilisidə aylıq sərgiyyatı 92 lari, regionlarda isə 82 larini aşmayan abonentlərin xərcini ödəyəcək.
Regional inkişaf və infrastruktur naziri Maya Skitişvilinin sözlərinə görə, hökumət 1 200 000 ailənin elektrik və 671 000 ailənin qaz xərcini maliyyələşdirmiş olacaq.
Baş nazir Giorgi Qaxariya fövqəladə vəziyyətin elan olunması nəticəsində işini itirən insanlara yardım ediləcəyinə dair də söz verib: “Biz bu vətəndaşlarımızın hamısını identifikasiya edirik, bundan sonra birbaşa hədəf yardımlarının təqdim edilməsinə keçəcəyik”.
- Gürcüstanda koronavirus epidemiyası səbəbilə iki şəhər – Marneuli və Bolnisi təcrid olunub
- Bütün Gürcüstan ərazisində karantin elan olunub
Epidemiyanın qarşısını almaq üçün Gürcüstanda martın 21-dən fövqəladə hal elan olunub. Martın 23-dən daxili epidemioloji partlayış təhlükəsi səbəbilə Kvemo Kartli regionunda Marneuli və Bolnisi şəhərləri bağlanıb.
Epidemidanın genişlənməsinin yüksək riski üzündən martın 31-dən bütün Gürcüstan ərazisində 21:00-dan 6:00-a qədər komendant saatı tətbiq edilib.