Avropa Komissiyası Gürcüstana Avropa İttifaqına üzv olmaq üçün namizəd statusu verib
Gürcüstan Aİ-yə namizəd statusu alıb
Dekabrın 14-də axşam saatlarında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bildirib ki, Avropa Komissiyası Gürcüstana Avropa İttifaqına üzv olmaq üçün namizəd statusu verib.
Avropa liderləri həmçinin qərara alıblar:
- Ukrayna və Moldova ilə Avropa İttifaqına daxil olmaq üzrə danışıqlar başlayır.
- 2022-ci ilin dekabrında Aİ üzvlüyünə namizəd olmuş Bosniya və Herseqovina ilə “ölkə üzvlük meyarlarına cavab vermək üçün kifayət qədər səviyyəyə çatdıqda danışıqlar başlayacaq”, – Şarl Mişel X-də yazır. Avropa Şurası Avropa Komissiyasına 2024-cü ilin mart ayına qədər irəliləyiş hesabatını təqdim etməyi tapşırıb.
Şarl Mişel yazır: “Bu, xalqlar və qitəmiz üçün güclü ümid siqnalıdır”.
“Bu, Ukraynanın, Avropanın qələbəsidir. Həvəsləndirən, ruhlandıran və güc verən qələbə”, – Ukrayna prezidenti Vladimir Zelenski X-də yazıb.
Gürcüstanın baş naziri İrakli Qaribaşvili də sevincli mesaj paylaşıb: “Təbrik edirəm! Avropa Şurası Gürcüstana Aİ üzvlüyünə namizəd statusunun verilməsi barədə qərar qəbul edib!”
Bu qərardan əvvəl Avropa Şurasının Baş Katibliyi genişlənmə ilə bağlı rəy dərc edib. Şura Gürcüstanı Aİ dəyərlərinə açıq-aşkar sadiqliyini nümayiş etdirməyə, islahat proqramı üzrə irəliləyişi davam etdirməyə və Komissiyanın müəyyən etdiyi şərtlərə əməl etməyə çağırıb.
● Şura ümumilikdə yaxşı qanunvericilik bazasını, institusional strukturu və fəal vətəndaş cəmiyyətini, o cümlədən monitorinq təşkilatlarını alqışlayır və bildirir ki, bu, Gürcüstanda demokratik və qanunun aliliyi islahatlarının inkişafı üçün güclü zəmin yaradır.
● Aİ Nazirlər Şurası vurğulayır ki, Gürcüstan media azadlığı və plüralizm, fikir, toplaşma və ifadə azadlığı da daxil olmaqla fundamental hüquqlara tam hörməti təmin etməli, LGBT icmasının hədə-qorxu, zorakılıq və ayrı-seçkilikdən qorunmasını təmin etməlidir.
“Şura Gürcüstanın Aİ-nin xarici və təhlükəsizlik siyasətinin ümumi mövqelərinə və məhdudlaşdırıcı tədbirlərə, o cümlədən Rusiya və Belarusa qarşı uyğunluğunu əhəmiyyətli dərəcədə gücləndirəcəyinə dair güclü gözləntisini vurğulayır. Bu, ölkənin Avropa İttifaqına daxil olmaq üçün strateji seçiminin bariz əlaməti olacaq”, – sənəddə deyilir.