"Ermənistana Rusiya əvəzinə alternativ satış bazarları tapmaqda kömək etmək istəyirik" - Niderlandın xarici işlər naziri
Niderland erməni sahibkarlara dəstək verəcək
“Niderland Ermənistan sahibkarlarına, o cümlədən gülçülük sahəsində fəaliyyət göstərənlərə məhsulları üçün Rusiyadan kənarda alternativ satış bazarları tapmaqda kömək etmək niyyətindədir”, – Niderlandın xarici işlər naziri Tom Berendsen Yerevanda bildirib.
Ermənistanlı həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında o vurğulayıb ki, Rusiyanın tətbiq etdiyi iqtisadi məhdudiyyətlər Ermənistan biznesi üçün çətinliklər yaradır. Bu, xüsusilə gülçülük sahəsinə də aiddir.
“Biz Avropa İttifaqının avtonom ticarət tədbirlərinin tətbiqi nəticəsində Ermənistan üçün yaranan imkanları alqışlayırıq. Ümid edirik ki, Ermənistan bu fürsətdən tam şəkildə yararlanacaq. Niderland Ermənistan iqtisadiyyatının şaxələndirilməsi prosesini dəstəkləməyə davam edəcək”, – nazir qeyd edib.
Sentyabrın 24-də Aİ Şurası Ermənistandan idxal olunan mallara münasibətdə avtonom ticarət tədbirlərinin tətbiqinə dair reqlamenti yekun olaraq təsdiqləyib. Sənəd idxal rüsumlarının ləğvi hesabına Ermənistanın Avropa İttifaqına ixracının təxminən 80 faizini liberallaşdırır. Güzəştli ticarət rejimi iki il müddətində qüvvədə olacaq.
Mətbuat konfransında nazirlər iqtisadiyyatdan humanitar sahəyə qədər geniş məsələlər spektrini müzakirə ediblər. Nazirlərin açıqlamalarından əsas məqamlar.
- Ermənistanda Rusiyaya ixrac məhdudiyyətlərinə necə reaksiya verirlər: fermerlərin fikirləri, statistik məlumatlar
- Rusiyanın tətbiq etdiyi məhdudiyyətlərə cavab olaraq Ermənistandan Aİ-yə mal ixracı üçün güzəştli rejim
- “Ermənistanı müstəqilliyindən məhrum etmək üçün növbəti cəhdə hazırlıq gedir” – Paşinyan
Niderlandın xarici işlər naziri itkin düşənlərin axtarışına dəstək barədə
Niderlandın xarici işlər naziri Ermənistan və Azərbaycanın son bir ildə sülh prosesi çərçivəsində atdığı addımları alqışlayıb.
“Bu regionda sülhün bərqərar olması üçün prosesin sülh sazişinin imzalanması ilə başa çatması son dərəcə vacibdir. Biz sizi tam dəstəkləyirik”, – o vurğulayıb.
Berendsen həm Ermənistana, həm də Azərbaycana yönəlmiş yeni təşəbbüsün başladıldığını elan edib.
Söhbət hər iki tərəfdən itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün maliyyə vəsaitinin ayrılmasından gedir:
“Burada etimad körpülərinin qurulması həyati əhəmiyyət daşıyır ki, bu da sülh prosesinin ayrılmaz hissəsinə çevrilsin. Niderland maliyyə dəstəyi göstərməyə, həmçinin imkan daxilində digər formalarda yardım etməyə hazırdır”.
Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan bu təşəbbüsə görə həmkarına təşəkkür edib:
“İtkin düşmüş şəxslər məsələsi həm Ermənistan, həm də Azərbaycan üçün son dərəcə həssas və vacibdir. Fikrimcə, bu, Niderland kimi üçüncü tərəflərin iştirakının və töhfəsinin hamı tərəfindən müsbət qarşılanacağı sahədir”.
Jurnalistlərin Bakıda saxlanılan erməni məhbuslarla bağlı sualına Niderlandın xarici işlər naziri birbaşa cavab verməyib. O, yalnız ölkəsinin Ermənistanla Azərbaycan arasında davamlı sülhün bərqərar olmasını dəstəklədiyini bir daha bildirib. Nazir qeyd edib ki, bu yolda həm “sadə, həm də mürəkkəb məsələlər” həll edilməlidir.
“Ola bilsin, siyasi motiv var”: Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri ölkənin Aİİ-dən çıxarılması niyyəti barədə
Jurnalistlər Avrasiya Hökumətlərarası Şurasının bu yaxınlarda Ermənistanın Avrasiya İqtisadi İttifaqından mümkün çıxarılması ilə bağlı hazırladığı sənədə dair erməni nazirin fikrini öyrənmək istəyiblər. Sənədin özündə qeyd olunur ki, Rusiyanın himayəsi altında fəaliyyət göstərən bu iqtisadi birliyin nizamnaməsində hər hansı ölkənin üzvlüyünə digər üzvlərin qərarı ilə xitam verilməsi mexanizmi nəzərdə tutulmayıb. Deməli, üzvlük statusunun dəyişdirilməsinin yeganə hüquqi yolu Ermənistanın özünün qərar qəbul etməsidir.
Lakin sənədi hazırlayan Hökumətlərarası Şuranın ekspertləri Ermənistanın üzvlüyünün dayandırılması ilə bağlı mövqelərini Vyana Konvensiyasına istinadla əsaslandırırlar. Konvensiya çoxtərəfli müqavilənin əhəmiyyətli dərəcədə pozulması halında digər dövlətlərin həmin ölkənin birlikdə üzvlüyünə xitam verməsinə imkan yaradır.
“Belə bir ssenarinin mümkün olması üçün digər tərəfdaşların hərəkətlərindən narazı qaldığı, təşkilatdan çıxarmaq və ya üzvlüyünü dayandırmaq istədiyi ölkə həmin təşkilat çərçivəsində öhdəliklərini pozmalıdır. O zaman qalan dörd tərəfdaş deyə bilərdi: ‘Siz bizim qaydalarımızı pozursunuz, əziz beşinci dostumuz. Sağ olun, salamat qalın’. Halbuki Ermənistan heç bir öhdəliyi pozmayıb və pozmaq niyyətində də deyil”, – Ararat Mirzoyan Konvensiyanın müddəalarını şərh edərkən bildirib.
O vurğulayıb ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri vicdanla yerinə yetirib və Aİİ üzrə tərəfdaşlarından da eyni münasibəti gözləyir.
Nazirin fikrincə, Aİİ üzrə tərəfdaşlar Ermənistanı təşkilatdan çıxarmaq üçün hüquqi əsaslar tapmağa çalışıblar, lakin o, irəli sürülən arqumentlərlə razılaşa bilmir:
“Hamımız başa düşürük ki, burada siyasi motiv, bəlkə də hüquqşünaslara siyasi əsaslandırma tapmaq üçün verilmiş siyasi tapşırıq var”.
Ermənistandakı ekspertlər tərəfdaş ölkələrin bu addımlarını Ermənistanın xarici əlaqələrini şaxələndirmək və Avropa İttifaqı ilə yaxınlaşmaq siyasəti ilə əlaqələndiriblər.
Mirzoyan isə əmin edib ki, Yerevan qərarını öz dövlət maraqlarına və suveren hüquqlarına əsaslanaraq qəbul edəcək. Bu hüquqlar heç bir halda sövdələşmə predmeti ola bilməz. Eyni zamanda, Ermənistan birlik üzrə tərəfdaşları ilə konstruktiv əməkdaşlığı davam etdirəcək. Aİİ-yə Ermənistandan başqa Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir.
Ermənistan və Niderland arasında ikitərəfli əməkdaşlıq haqqında
Ararat Mirzoyan Niderlandın həm Ermənistanda demokratik islahatların həyata keçirilməsinə, həm də Ermənistanla Avropa İttifaqı arasında münasibətlərin dərinləşdirilməsinə verdiyi dəstəyi yüksək qiymətləndirib.
Onun sözlərinə görə, təkbətək söhbət və ardınca geniş tərkibdə keçirilən görüş zamanı tərəflər Cənubi Qafqazda və daha geniş regionda vəziyyəti, eləcə də ikitərəfli gündəlikdə duran məsələləri, xüsusilə iqtisadi əməkdaşlığı müzakirə ediblər. Danışıqlarda 2025-ci ilin martında iki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamədə müəyyən edilmiş prioritetlərin həyata keçirilməsinə xüsusi diqqət yetirilib.
“Siyasi dialoq çox yüksək səviyyədədir. O, fəal və səmərəlidir. İqtisadi əməkdaşlığın da tədricən inkişaf etdiyini görürük. Göstəricilər artır. Lakin başa düşürük ki, hələ reallaşdırılmamış böyük potensial var”, – nazir bildirib.
O, müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinin planlaşdırıldığını açıqlayıb. Bunlara, xüsusilə səhiyyə, infrastruktur, kənd təsərrüfatı və gülçülük daxildir. Gülçülük sahəsinə toxunan nazir bildirib ki, artıq “bizim gül istehsalı ilə məşğul olan şirkətlərimizlə dünyaca məşhur Niderland şirkətləri arasında əməkdaşlıq qurulub”.
Bundan əlavə, İnkişaf etməkdə olan ölkələrdən idxalın təşviqi mərkəzi (CBI) Ermənistanda birillik proqramın icrasına başlayıb. Təşəbbüs quru meyvə və çərəz istehsalı ilə məşğul olan 21 Ermənistan şirkətinin ixrac potensialını inkişaf etdirməyə və onların Niderland və digər Aİ ölkələrinin bazarlarına çıxışını təmin etməyə yönəlib.
Niderland erməni sahibkarlara dəstək verəcək