Gürcüstan əcnəbi turistləri iyulun 1-dən qəbul edəcək
Mayın 11-dən Tbilisiyə giriş və çıxış yenidən açılacaq – şəhər aprelin 15-dən koronavirus pandemiyasına görə bağlıdır. Hökumət ölkədə karantin qadağalarının yumşaldılması haqda elan edib.
Mayın 7-ə olan məlumata əsasən, Gürcüstanda 615 koronavirusa yoluxma halı qeydə alınıb. 5002 nəfər karantin rejimindədir, 485 nəfər isə xəstəxanalarda nəzarət altında saxlanılır. Koronavirusa yoluxanlardan 275 nəfər sağalıb, 9 nəfər ölüb.
● Mayın 14-dən Rustavi və Qardabani şəhərləri açılacaq.
● Mayın 18-dən isə Marneuli açılmalıdır, orada martın 23-dən sərt karantin rejimi qüvvədədir.
Komendant saatı hələ də qüvvədə qalır – Gürcüstanın bütün ərazisində 21:00-dan 06:00-a qədər hərəkət etmək qadağası aradan qaldırılmayacaq.
Bundan başqa, mayın 11-dən Gürcüstanda daha bir neçə məhdudiyyət ləğv ediləcək:
● Bütün növ istehsal sahələri işini bərpa edəcək.
● Paltar və ayaqqabıdan başqa küçədən girişi olan bütün pərakəndə və topdan satış mağazaları açılacaq.
Məhdudiyyətlərin aradan qaldırılması ticarət mərkəzlərinə şamil edilmir – onlar hələlik qapalı qalacaq.
● İyunun 15-dən Gürcüstanda daxili turizm yenidən işə düşəcək.
● İyulun 1-dən Gürcüstan əcnəbi turistlərin üzünə açılacaq.
- Koronavirus Çinin Uhan laboratoriyasından çıxıb, yoxsa informasiya gizlədilib? Qərb Çini nədə ittiham edir?
- Gürcüstan və koronavirus – uğur, yoxsa şans?
- “Roma Papasından daha böyük katolik olmaq”. Gürcüstanlı ekspertlər iqtisadi böhrandan çıxış yolları haqda
- Gürcüstan: turizmin aqibəti necə olacaq?
Baş nazir Giorgi Qaxariyanın sözlərinə görə, Gürcüstan sərhədlərini açan və əcnəbi turist qəbul edən ilk ölkələrdən biri olacaq.
“Bu gün Ümumdünya Turizmin İnkişafı Təşkilatı hələ də standartlar müəyyən etdiyi zaman, məsələn, Avropa ölkələrində turizmin açılması üçün, biz erkən mərhələdə qərar qəbul etdik və otelləri karantin zonasına çevirdik. Bu, bizə böyük təcrübə və rəqabət üstünlüyü qazandırdı – Gürcüstanın artıq yüksək risk qrupuna daxil olan insanlara necə xidmət göstərilməsi ilə bağlı təcrübəsi olacaq”, – Qaxariya deyib.
Gürcüstanda ilk koronavirusa yoluxma halı 2020-ci il fevralın 26-da təsdiqlənib. Martın 21-də Gürcüstanda fövqəladə vəziyyət, martın 31-də isə ümumi karantin rejimi elan olunub. Gürcüstanın dörd böyük şəhəri – Tbilisi, Kutaisi, Batumi və Rustavi aprelin 15-dən bağlanıb. Mayın 5-dən Batumi və Kutaisiyə giriş-çıxışa qoyulan qadağa aradan qaldırılıb.