General Rövşən Əkbərov kimdir və niyə həbs olunub
Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərov həbs olunub. İstintaq müddəti dövründə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. İddialara görə, Əkbərovun həbsinin səbəbi onun 20 il əvvəl törətdiyi cinayət əməlidir.
- Avropa Məhkəməsi Azərbaycanı daha yeddi iddia üzrə cərimələyib
- Azərbaycanlı jurnalist Əfqan Muxtarlı Gürcüstan hakimiyyətini məhkəməyə verib
- Aksiyaya görə cəza: azərbaycanlı feministin sosial şəbəkədəki səhifəsi oğurlanıb
Azərbaycan Baş Prokurorluğundan verilən məlumata görə, general-leytenant Rövşən Əkbərov Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi üzrə həbs olunub. Qeyd olunub ki, ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcək.
20 il əvvəl Ukraynada nə baş verib?
“Qafqazinfo” saytının əldə etdiyi məlumata görə, Rövşən Əkbərov qəsdən adam öldürmədə ittiham olunur. Bu barədə vaxtilə mətbuatda məlumatlar da yer alıb.
Həmin xəbərlərə əsasən, cinayət işi 20 il əvvəl Ukraynanın paytaxtı Kiyevdə törədilib.
Belə ki, Rövşən Əkbərov Ukraynanın paytaxtında iş adamı Elçin Əliyevi şəxsi münasibətlər zəminində qətlə yetirib. O vaxt yayılan məlumatlara görə, azərbaycanlı iş adamının ürək nahiyəsinə hərbi bıçaqla zərbələr endirilmişdi.
Avropa məhkəməsi Ukraynadakı qətllə bağlı hansı hökmü çıxarıb?
2014-cü ildə Avropa İnsan Haqları Məhkəməsi Ukraynada 2001-ci ildə qətlə
yetirilmiş azərbaycanlı iş adamı Əliyevin ailəsi tərəfindən qaldırılmış iddiaya baxıb.
Bu iş üzrə general Rövşən Əkbərovun adı keçirdi.
Ukraynada hüquq-mühafizə orqanları bu ölüm işində azərbaycanlı general Rövşən Əkbərovun iştirakını təsdiq etdikdən sonra cinayət işini Azərbaycan prokurorluğuna göndərib.
Azərbaycan tərəfi isə bu cinayət işinin istintaqını, sadəcə olaraq, aparmayıb və cinayət işinə xitam verib. Əliyevlər ailəsi AIHM-nə şikayətlərində maddi təzminat tələbi irəli sürməyib.
Rövşən Əkbərov kimdir?
56 yaşlı general-leytenant Rövşən Əkbərov Bakı və Şəmkir korpuslarının komandiri olub. O, 2021-ci ilin fevral ayının əvvəllərində müdafiə nazirinin əmri ilə ehtiyata göndərilib.
R.Əkbərov Bakıdakı 42 saylı orta məktəbdə, daha sonra Cəmşid Naxçıvanski adına hərbi məktəbdə təhsil alıb. 1982-ci ildə Kiyev Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olur.
1986-cı ildə təyinatla Zaqafqaziya hərbi dairəsi komandanlığının sərəncamına göndərilib. Bir il sonra xidmət etdiyi ordunun tərkibində Əfqanıstana ezam olunub.
1988-ci ildə Zaqafqaziya Hərbi Dairəsinə qayıdan R.Əkbərov 1989-cu ildə xidmət etdiyi alayda bölük komandiri vəzifəsinə təyin edilir.
Birinci Qarabağ müharibəsində iştirak edən Rövşən Əkbərov 1995-ci il mart hadisələri zamanı Xüsusi Təyinatlı Polis Dəstəsinin zərərsizləşdirilməsində iştirak edib.
Rövşən Əkbərov 1999-cu ildə Bakı Ali Hərbi Dənizçilik Məktəbinin, 2002-ci ildə isə Ukrayna Hərbi Akademiyasının müdavimi olub.
2002-ci ildən general-leytenantdır.
Azərbaycan Respublikası prezidentinin 5 oktyabr 1994-cü il tarixli fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Ailəlidir, dörd övladı var.