Ermənistan və Rusiya rəhbərləri Moskvada qazın qiyməti və digər ciddi məsələləri müzakirə ediblər
Ermənistanın baş nazir səlahiyyətlərini yerinə yetirən Nikol Paşinyan rəsmi səfərlə Moskvada olub. O, artıq Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Son zamanlar Rusiya və Ermənistan arasında razılaşdırılmalı olan bir sıra məsələlər toplanıb. Onlardan biri yeni qaz sazişinin şərtləridir.
Görüşün protokol hissəsi
Media üçün açıq keçən görüşün əvvəlində Vladimir Putin Nikol Paşinyanı salamlayıb və bildirib ki, Ermənistan və Rusiya arasında mal dövriyyəsi artır:
“Düşünürəm ki, bu, yaxşı dinamikadır, onu saxlamaq lazımdır. Biz bunu eləməyə hazırıq, bizdən asılı olan her şeyi edəcəyik ki, münasibətlərin bu səviyyəsi bizdə yalnız bu sahədə yox [iqtisadiyyatda], həm də digər istiqamətlərdə də qorunsun. Təhlükəsizliyin təminatı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı xətti ilə əməkdaşlığımızı da nəzərdə tuturam. İqtisadiyyatda Avrasiya İqtisadi İttifaqı çərçivəsində planlı əməkdaşlıq haqda danışarıq”.
Paşinyan cavabında deyib ki, Ermənistan bütün istiqamətlər üzrə Rusiya ilə münasibətləri inkişaf etdirmək niyyətindədir:
“Əminəm ki, Ermənistanın yeni seçilən parlamenti bizim parlament münasibətlərini də inkişaf etdirəcək. Biz iqtisadi münasibətlərimizlə bağlı da pozitiv köklənmişik və bundan sonra da Avrasiya İqtisadi İttifaqı çərçivəsində inteqrasiyaya istiqamətlənmişik.
Mən artıq görüşlərimizin sayını itirmişəm. Amma protokoldakı uşaqlar mənə dedilər ki, xarici liderlərdən Rusiya Federasiyasına ən çox gələnlərdən biriyəm, daha dəqiqi lider üçlüyə daxiləm. Mən əminəm, düşünürəm ki, bu bizim xüsusi strateji münasibətlərimizin kontekstini vurğulayır. Və mən əminəm ki, münasibətlərin bu dinamikasını qoruyacağıq. Və ümid edirəm ki, hələ inkişaf da etdirəcəyik. Əlbəttə ki, biz gələn il Sizi rəsmi səfərlə Ermənistana gözləyirik. Və bu bizim üçün çox xoş olacaq”.
• Rusiya Ermənistanın silah təchizatını davam etdirir
• Ermənistanın baş naziri: Rusiya regionda müharibəyə imkan verməyəcək
• “Qazprom Ermənistan” şirkəti vergidən yayınmada ittiham olunur
Putin və Paşinyan nə haqda jurnalistərin qarşısında danışmayıblar?
Putin və Paşinyan görüşünün yekunundan cavabları gözlənilən bir sıra məsələlər var.
1
Son zamanlar bütün Ermənistan mediası Rusiyanın Ermənistana verdiyi qazın qiymətinə yenidən baxacağı haqda yazır. Və yeni qaz müqaviləsi danışıqların mövzularından biri kimi elan olunub. Yerevan Rusiyada qazı daha ucuz qiymətə, ya da heç olmasa hazırda aldığı qiymətə, yəni min kubmetri 150 dollara almaq ümidindədir. Rusiya tərəfinin məsələyə yanaşması danışıqlara qədər açıqlanmayıb.
2
Ermənistanın baş nazir səlahiyyətlərini yerinə yetirən Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin arasındakı beşinci görüş Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibinin təyinatı məsələsinin öz həllini tapmadığı fonda keçirilib.
Olayın tarixçəsi belədir: bir ay əvvəl Ermənistan bu vəzifəni tutan nümayəndəsi Yuri Xaçaturovu geri çağırıb. Onun adı “1 mart” hadisələri ilə bağlı cinayət işində hallanır. 2018-ci ilin iyulunda Yerevanda Xaçaturovun 2008-ci il 1 mart hadisələrində iştirakı ilə bağlı istintaq başlayıb. O zaman mitinqin dağıdılması nəticəsində 10 nəfər həlak olub. Həmin vaxt Xaçaturov Silahlı Qüvvələrin Yerevan qarnizonunun komandanı olub və istintaqın versiyasına görə, nümayişin dağıdılmasına rəhbərlik edib.
Rəsmi Yerevan Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın da daxil olduğu bu hərbi ittifaqdakı mandatını özündə saxlamaq ümidindədir. Amma mediada bildirilir ki, təşkilatın digər üzvləri yeni baş katib posuna Belarus nümayəndəsini təyin etməyə meyillidirlər.
Rusiya tərəfi onun himayəsi altında fəaliyyət göstərən təşkilatın baş katibinin Ermənistanda cinayət məsuliyyətinə cəlb olunmasından qəzəblidir. Rusiya gözləyirdi ki, Ermənistan rəhbərliyi təşkilatın nüfuzuna xələl gəlməsin deyə əvvəlcə öz nümayəndəsini bu vəzifədən geri çağıracaq.
3
Ermənistanda çoxları hesab edir ki, Rusiya rəhbərliyi vətənində konstitusiya quruluşunun devrilməsində günahlandırılan Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın həbsindən də narazıdır. Yenə də söhbət həmin səs-küylü “1 mart” işindən gedir.
Danışıqlardan əvvəl Ermənistan mediası narazılıq amilinin aşkar olduğu və Moskvanın Nikol Paşinyanı növbədənkənar parlament seçkilərində təbrik etməməsi amilinin də buna şahidlik etdiyi haqda yazırdı. Seçki dekabrın 9-da baş tutub, səslərin 70 faizindən çoxunu da Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” bloku qazanıb.
4
Dekabrın əvvəlində Ermənistanın ikinci böyük şəhəri Gümridə yerləşən Rusiya hərbi bazası ilə bağlı növbəti qalmaqal baş verib. Burada qadın qətlə yetirilib və qətlin törədilməsində Rusiya hərbi bazasının hərbçisi ittiham olunur. Bu ilk hal olmadığı üçün Yerevanda Rusiya səfirliyi qarşısında sözügedən bazanın Ermənistan ərazisindən çıxarılması tələbi ilə etiraz aksiyası keçirilib. Düzdür, bunun dərhal ardınca yenə də səfirliyin qarşısında “Əbədiyyən Rusiya ilə” şüarı altında başqa aksiya da baş tutub. Amma birinci aksiya Rusiya tərəfinin nəzərindən qaçmayıb.
Ermənistan-Rusiya münasibətləri
Ermənistan və Rusiya strateji tərəfdaş ölkələrdir. Rəsmi Yerevan Moskvanın bütün inteqrasiya təşəbbüslərində iştirak edir. Söhbət Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından gedir. “Məxməri inqilabdan” sonra Ermənistan hakimiyyəti bəyan edib ki, xarici siyasətlə bağlı vektor dəyişikliyi etmək niyyətində deyillər. Rusiya yenə də Ermənistanın əsas ticari-iqtisadi tərəfdaşı olaraq qalır.