Ermənistanın baş naziri: Rusiya regionda müharibənin baş verməsinə imkan verməyəcək
Rusiya regionda müharibənin baş verməsinə imkan verməyəcək, Ermənistanın baş naziri Nikol Paşinyan bildirib:
“İnana bilmirəm ki, Ermənistanın strateji tərəfdaşı və dostu olan Rusiya regionda hərbi əməliyyatların bərpasına imkan verməmək üçün öz rıçaqlarına əl atmayacaq”.
Eyni zamanda Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesini davam etdirmək hazırlığını bildirib. Amma birtərəfli güzəştlərin mümkünlüyü istisna edib:
“Azərbaycanın təcavüzkar millitarist ritorikası bizim üçün yolverilməzdir. Biz vaxtaşırı olaraq həmsədrlərə bildiririk ki, nizamlamaya hazırıq, amma bunun üçün etimad ab-havası lazımdır, hansını ki Azərbaycan dağıdır. Siz Ermənistan tərəfindən bir dənə də olsun oxşar addım görməmisiz. Biz Azərbaycanın qarşılıqlı güzəştlərə getməyə hazır olması ilə bağlı siqnal alsaq, tək hökumət səviyyəsində deyil, bütün millətlə bizim üçün güzəştlərin sərhədlərini müzakirə edəcəyik”.
Ermənistanın baş naziri həm də özünün NATO samittində iştirakını və bununla bağlı Rusiyadan gələn neqativ reaksiyanı şərh edib. O qeyd edib ki, Ermənistanın xarici siyasətinə zidd olan tədbirlərdə iştirak etməyib.
Paşinyan bir daha vurğulayıb ki, Ermənistan xarici siyasət vektorunun kəskin dəyişilməsinə getməyəcək. Ermənistan Rusiyanın eqidası altında fəaliyyət göstərən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında qalacaq.
Bu KTMT üzvü olan Belarus tərəfindən təşkilata üzv olmayan və Ermənistanla münaqişədə olan Azərbaycana silah satılması kontekstində deyilib:
“Belarus prezidenti ilə görüşə gəlincə, bu məsələ [Azərbaycana silah satışı – JAMnews] qaldırılıb və mən öz narahatlığımı bildirmişəm. Bu məsələ gündəmdə qalacaq. Biz KTMT-dəyiksə, deməli sizin bizim qarşımızda, bizim də sizin qarşınızda öhdəliyimiz var.
Vəzifəmiz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində iştirak səmərəliliyini artırmaq və deməli KTMT-nin səmərəliliyini artırmaqdır, bunun üçün hər şey edəcəyik”.
Avtopa İttifaqı ilə münasibətlərə gəlincə, baş nazir hesab edir ki, Brüsseldə heç də hamı Ermənistandakı dəyişiklikləri görmür:
“Bir çox Aİ tərəfdaşları mənimlə görüşlərdə bildiriblər ki, Ermənistanda dəyişikliklər gözləyirlər. Avropa İttifaqında Ermənistandakı dəyişiklikləri görməyən vəzifəli şəxslərin olması məni təəccübləndirir.
Biz maliyyə dəstəyi üçün [Avropa qurumlarından] heç nə etməmişik və etməyəcəyik. Etdiyimiz hər şey xalqın bizə etibar etdiyi mandatı doğrultmaq üçündür. İstəyirəm ki, bu, aydın olsun”.
Paşinyan həm də rusiyalı prankerlər Leksus (Aleksey Stolyarov) və Vovanın (Vladimir Kuznetsov) onun adından Aİ-nin yüksəkvəzifəli şəxslərinə qalmaqallı zənglərini də şərh edib. Onlar hardasa 20 dəqiqə Avropa Komissiyasının sədri Jan-Klod Yunker, sonra da Aİ-nin xarici işlər və təhlükəsizlik məsələləri üzrə nümayəndəsi Federika Moqerini ilə söhbət edib:
“Yumordan başqa, müəyyən siyasi informasiyanı dəqiqləşdirmək istəyi görürəm. Düşünürəm ki, bu söhbətlərin müəllifləri anlamağa çalışırlar ki, deyək ki, nə dərəcədə Avropa İttifaqı Ermənistandakı inqilabi proseslərə kömək edib. Ümidvaram ki, dəqiqləşdirib bitiriblər. Bizim diplomatlardan xahiş etdim ki, avropalı tərəfdaşlara onlarla telefonda danışmadığımı çatdırsınlar”.