Ermənistan Türkiyə və Azərbaycan sərhədlərinə gedən dəmir yolunu öz gücü ilə bərpa etməyə başlayır
Ermənistan dəmir yolunu özü bərpa edir
Ermənistan Gümrü-Axurik və Yerasx dəmir yolu sahələrinin bərpası üçün hazırlıq işlərinə başlayıb. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib.
“Bu işləri özümüz həyata keçirəcəyik. Qalan sahələrə gəlincə isə, o cümlədən rusiyalı tərəfdaşlarımızla işgüzar danışıqları davam etdirəcəyik”, – deyə o bildirib.
Söhbət Türkiyə və Azərbaycan sərhədləri istiqamətində yerləşən dəmir yolu sahələrindən gedir. Yerevan daha əvvəl onların bərpasını Rusiyaya təklif etmişdi. Bu sahələrin bərpası və tikintisi Ermənistanın nəqliyyat blokadasının tam aradan qaldırılmasına imkan verəcək.
Rusiya isə hələlik bu istiqamətdə işləməyə hazır olduğunu bildirməyib. Eyni zamanda, Moskva dəmir yolu üzrə konsessiyadan imtina etmək niyyətində olmadığını açıqlayıb.
2008-ci ildən Ermənistan dəmir yolları “Cənubi Qafqaz Dəmir Yolu” şirkətinin konsessiya idarəçiliyinə verilib. Şirkət isə öz növbəsində “Rusiya Dəmir Yolları”nın 100 faiz törəmə müəssisəsidir. Müqaviləyə əsasən, konsessiya müddəti 30 il nəzərdə tutulub. Lakin 2008-ci ildən bəri Ermənistan dəmir yollarında yükdaşımaların həcmi iki dəfə azalıb, bəzi marşrutlar fəaliyyətini dayandırıb, məcburi investisiyalar isə kağız üzərində qalıb.
- Rəy: “Rusiya Dəmir Yolları” şirkətinin Ermənistandan çıxması üçün hər şey edilməlidir
- Rəy: “Ermənistan Rusiyanın TRIPP layihəsində iştirak edə bilməyəcəyinə işarə edir”
- Ankara-Yerevan münasibətlərinin normallaşmasında gecikmənin günahkarı kimdir? Bakı nə dərəcədə təsir edir?
Paşinyan: “Beynəlxalq dəmir yolları Ermənistanı kənarda qoymamalıdır”
Nikol Paşinyan son brifinqində bildirib ki, Ermənistanın dəmir yolu ilə bağlı mövqeyi dəyişməyib və dəyişməyəcək, çünki bu, obyektiv zərurətdən irəli gəlir.
“Beynəlxalq dəmir yollarının həm də bizim hərəkətsizliyimiz ucbatından Ermənistanın lap yaxınlığından keçib ölkəmizi kənarda qoymasına tamaşa edə bilmərik. Bu, yolverilməzdir”, – deyə o bildirib.
Paşinyan vurğulayıb ki, “Cənubi Qafqaz Dəmir Yolu” şirkəti bütün proseslərə cəlb olunub, yəni “onlar” (Rusiya tərəfini nəzərdə tutur) baş verənlərin hamısından xəbərdardır.
Baş nazirin sözlərinə görə, dəmir yolları Ermənistanın mülkiyyətidir və ölkənin maraqlarına xidmət etməlidir.
“Başqa cür ola bilməz. Başqa variant mümkün deyil. Biz deyə bilmərik ki, bəli, bu bizim dəmir yolumuzdur, amma qoy əvvəlki kimi dalana dirənsin. Bu, mümkün deyil”, – deyə Paşinyan bildirib.
Jurnalistlər Rusiyanın konsessiya idarəçiliyində olan bu iki sahəni Ermənistanın necə bərpa edəcəyini soruşublar. Paşinyan təfərrüata varmayıb. O bildirib ki, bütün məsələlər hüquqi məsləhətləşmələr və işgüzar müzakirələr çərçivəsində həll olunacaq.
Kontekst
2026-cı ilin fevralında Paşinyan bəyan edib ki, Ermənistan regional dəmir yolu kommunikasiyalarının yaradılması üzrə rəqabət üstünlüklərini itirir. O, bunun səbəbi kimi Ermənistan dəmir yolunun Rusiya şirkətinin idarəçiliyində olmasını göstərib:
“Biz nə edəcəyimizi düşünməliyik, çünki bu, bir, iki, üç və ya dörd ilin məsələsi deyil”.
Baş nazirin sözlərinə görə, dəmir yolunun çatışmayan hissələrinin bərpası Ermənistan üçün nə maliyyə, nə də texniki baxımdan böyük problem deyil. Lakin daha yüksək hərəkət sürətini təmin etmək lazımdır. Dəmir yolunun müasir tələblərə uyğunlaşdırılması üçün isə əlavə investisiyalar tələb olunacaq.
Vacib məqam ondan ibarətdir ki, konsessiya müqaviləsinin birtərəfli qaydada ləğvi imkanı var. Lakin Yerevan bu yolla getmək istəmir. Hələlik Ermənistan hakimiyyəti həll yollarını dostluq münasibətləri məntiqində axtarmağa meyllidir.
Bununla bağlı Paşinyan konsessiyanın həm Ermənistan, həm də Rusiya ilə dost münasibətlərdə olan hansısa ölkəyə verilməsi imkanından da danışıb. Lakin apreldə baş tutan Paşinyan-Putin görüşündən əvvəl Moskva konsessiyadan imtina etmək niyyətində olmadığını bəyan etmişdi.
Ermənistan dəmir yolunu özü bərpa edir