Ermənistan səmasında Rusiya helikopteri vurulub. Azərbaycan faciəvi səhvdən bəhs edir
Rusiyanın Mi-24 helikopteri noyabrın 9-da Ermənistan ərazisi üzərində Azərbaycanın Naxçıvan bölgəsi tərəfdən vupulub.
«2 heyət üzvü həlak olub, daha 1 nəfər orta ağırlıqlı xəsarətlərlə baza hava limanına təxliyə edilib», – Rusiya Müdafiə nazirliyinin bəyanatında bildirilir.
Azərbaycan XİN Rusiya helikopterinin atəşə tutulmasını səhv adlandırıb və xüsusi bəyanatda “faciəvi hadisənin Rusiya tərəfinin əleyhinə yönəlmədiyini” bildirib.
Rusiya Müdafiə nazirliyi: helikopter necə vurulub
Rusiya Müdafiə nazirliyi “Mi-24 helikopterinin yerdən Daşınabilən hava hücumundan müdafiə sistemi tərəfindən atəşə tutulduğunu” elan edib Daşınabilən hava hücumundan müdafiə sistemi (DHMS) müharibələrdə aviasiya ilə mübarizədə effektiv vasitə kimi tətbiq olunur.
Həmçinin Rusiyanın Ermənistanda dislokasiya olunmuş 102-ci hərbi hissəsinin komandanlığı helikopterə kim tərəfindən atəş açıldığını müəyyənləşdirir.
Rusiya Müdafiə nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov helikopterin Ermənistan ərazisinin hava fəzasında döyüş əməliyyatları zonasından aralıda vuruldğunu bəyan edib.
Ermənistan: Rusiya helikopterinin düşdüyü və partladığı yer müəyyən edilib
Hadisədən dərhal sonra Ermənistan fövqəladə hallar nazirliyi Ararat bölgə böhran mərkəzinə Rusiya helikopterinin vurulduğu və Yerasx kəndindən Paruyr Sevak kəndinə gedən dərədə partladığı barədə həyəcan siqnalının daxil olduğunu təsdiqləyib.
Azərbaycan XİN: “Faciəvi hadisə Rusiya tərəfinin əleyhinə yönəlməyib"
Azərbaycan XİN tezliklə təcili bəyanatla çıxış edərək Rusiya helikopterinə səhvən zərbə endirildiyini təsdiqləyib.
Azərbaycan XİN-in bəyanatında bildirilir ki, faciəvi hadisənin səbəbi “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında aktiv toqquşmaların getdiyi bir zamanda uçuşun Ermənistan-Azərbaycan sərhəddinin bilavasitə yaxınlığında baş verməsi” olub.
«Uçuş sutkanın qaranlıq vaxtında, aşağı yüksəklikdə, HHM radar aşkarlaması zonasından kənarda baş verib. Qeyd olunan rayonda əvvəllər Rusiya HHQ-nin helikopterlərinə rast gəlinməyib.
«Sadalanan faktorlar kontekstində və bölgədə gərgin vəziyyət fonunda, Ermənistan tərəfinin mümkün təxribatları ilə əlaqədar yüksək döyüş hazırlığını nəzərə alaraq hədəfə atəş açmaq qərarı qəbul edilib», – bəyanatda deyilir.
Azərbaycan “təsadüfi xarakter daşıyan və Rusiya tərəfinin əleyhinə yönəlməyən” faciəvi hadisə ilə əlaqədar üzrxahlığını bildirir”.
«Azərbaycan tərəfi həlak olan heyət üzvlərinin ailələrinə səmimi başsağlığı verir və xəsarət alanların tezliklə sağalmasını arzulayır.
Azərbaycan tərəfi həmçinin müvafiq kompensasiyanın ödənilməsinə hazır olduğunu bəyan edir”, – Azərbaycan XİN bildirir.