Hazırkı baş nazir Nikol Paşinyanın istefasını tələb edən Ermənistan müxalifəti artıq müvəqqədi hökumətin başçısı vəzifəsinə namizədini müəyyən edib. Onların planlarına görə baş nazir könüllü şəkildə istefaya getməli, yeni hökumət başçısı isə növbədənkənar parlament seçkiləri təşkil etməli, özü bu seçkidə iştirak etməməli və heç bir siyasi qüvvəni dəstəkləməməlidir
Birləşmiş 17 müxalifət partiyasının əksəriyyəti keçid hökumətinin başçısı vəzifəsinə vahid namizəd irəli sürür. Bu, Ermənistanın İctimai Şurasının keçmiş sədri, 90-cı illərdə müstəqillik elan ediləndən sonra qısa müddət Ermənistanda baş nazir olmuş Vazgen Manukyandır. O, həmçinin 1992-93-cü illərdə Ermənistanın müdafiə naziri vəzifəsini də tutub.
17-lər koalisiyasına daxil olan müxalif “Maariflənmiş Ermənistan” partiyası Nikol Paşinyanın istefası tələbini dəstəkləyir, amma baş nazir vəzifəsinə öz namizədini – Edmon Marukyanı təklif edir.
Ermənistanın hazırkı baş nazirinin istefası tələbiAzərbaycan və Rusiya ilə birlikdə üçtərəfli razılaşmanı imzalaması ilə bağlıdır. Minlərlə insan və müxalifət bu sənədi kapitulyasiya razılaşması və Qarabağda ərazilərin könüllü təhvil verilməsi hesab edir.
Ermənistanın baş naziri vəzifəsinə 16 müxalif partiyanın namizədinin adını “Vətən” partiyasının lideri, Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan açıqlayıb:
“Biz onun namizədliyini irəli sürdük, çünki onun təcrübəsi var, o, bu gün ölkəyə gərək olan ciddi yol keçib”.
Əvvəl birləşmiş müxalifət baş nazirin istefası ilə birlikdə üçtərəfli sənədin ləğv edilməsini də tələb edirdi, amma indi bu ideyadan vaz keçib. Hazırkı məqamda müxalifətin məqsədi baş naziri dəyişməkdir. Çünki münaqişənin nizamlanması üzrə gələcək danışıqlarda “danışıq aparan şəxsi” dəyişmək istəyirlər. Onların fikrincə, bu, imzalanmış bəyanatı Ermənistan tərəfi üçün müəyyən qədər daha sərfəli edə buləcək bir insan olmalıdır.
Bildirilir ki, müxalifətin namizədi Vazgen Manukyan növbəti mitinqdə çıxış edəcək və gələcək addımlarla bağlı planı təqdim edəcək.
Niyə Edmon Marukyan?
“Maariflənmiş Ermənistan” partiyası bəyan edib ki, müxalifətin vahid namizədini dəstəkləməyəcək. Əgər baş nazir vəzifəsi vakant qalacağı təqdirdə partiya öz namizədini – Edmok Marukyanı irəli sürəcək.
“Maariflənmiş Ermənistan” parlament fraksiyasının katibi Gevorq Qorqisyan bildirib ki, onlar 16 siyasi qüvvənin baş nazir vəzifəsinə öz namizədini irəli sürmək haqqına hörmətlə yanaşırlar:
“Amma bu vəziyyətdə keçid hökumətinin başçısı vəzifəsinə tərəflərin heç biri ilə körpüləri yandırmayan və ya öz baş nazirinə görə məsuliyyəti üzərinə götürə biləcək konkret siyasi komandası olan biri seçilə bilər”.