Ermənistan məxməri inqilabının lideri hesab edir ki, onun hökuməti xalq qarşısında bütün öhdəliklərini yerinə yetirib
Yerevanda Ermənistan baş nazirinin səlahiyyətlərini yerinə yetirən Nikol Paşinyanın mətbuat konfransı baş tutub. O, bildirib ki, tələsmir və bütün suallara cavab verməyə çalışacaq. Nəticədə, mətbuat konfransı 4 saata qədər davam edib.
Paşinyan nədən başlayıb?
Nikol Paşinyan mətbuat konfransına hökumətinin xalq qarşısında vəd etdiyi bütün öhdəlikləri yerinə yetirdiyini bəyan etməklə başlayıb. O, inqilab zamanı səslənən vədləri nəzərdə tutur.
“Biz hakimiyyət dəyişikliyi istəyini reallaşdıracağımızı demişdik, həm də zorakılıqsız. Demişdik ki, korrupsiya ilə güzəştsiz mübarizə aparacağıq. Bu gün bu öhdəlik tam yerin yetirilib – mübarizə maksimum geniş miqyasda aparılır. Demişdik ki, növbədənkənar parlament seçkilərinə nail olacağıq. Və sizin köməkliyinizlə oktyabrın ikisində Milli Məclis binasını bir neçə saatlıq mühasirəyə alaraq biz bunu elədik. Müvafiq olaraq inqilab dövründə verdiyimiz bütün vədləri yerinə yetirdik”.
Nikol Paşinyanın fikrincə, onun və komandasının ən mühüm xidməti “hakimiyyəti xalqa qaytarmaları” olub.
• Ermənistan və difər KTMT üzvləri arasında qalmaqal qızışır
• Nikol Paşinyan hakimiyyətinin 100 günü
Ən aktualı – KTMT ətrafında qalmaqal
Jurnalistlərin ilk sualları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı olub. Paşinyan təsdiqləyib ki, Belarus və Qazaxıstan prezidentlərindən izahat tələb etmək niyyətindədir. Daha əvvəl Paşinyan artıq bildirmişdi ki, müttəfiq dövlətlərin rəhbərlərinin davranışından narazıdır. Bu narazılıq Lukaşenko və Nazarbayevin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına yeni baş katibin təyin edilməsi məsələsinə necə reaksiya vermələri ilə bağlıdır.
“Biz Ermənistanın maraqları ilə bağlı məsələlərdə susmağı planlaşdırmırıq, biz ardıcıl və prinsipial olaraq, üstəlik də tərəfdaşlıq atmosferində Ermənistanın milli maraqlarının müdafiəsini davam etdirəcəyik”.
Baş nazir səlahiyyətlərini yerinə yetirən Paşinyan həmçinin bildirib ki, əgər dekabrın 6-da Sankt-Peterburqda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yeni baş katibinin namizədi müəyyənləşməsə, konsensus axtarışları davam edəcək.
Nikol Paşinyan narazıdır və Minskin Bakıya silah satmasını yolverilməz hesab edir.
O xatırladıb ki, Belarus Azərbaycana bir partiya “Polonez” yaylım atəşi reaktiv sistemi çatdırıb.
“Bizim mövqeyimiz aydındır: biz belə sövdələşmələri pisləyirik, bu əməllərin Ermənistan Respublikasının milli maraqlarına qarşı yönəldiyini hesab edirik və düşünürük ki, onlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının mahiyyətinə ziddir… Biz qarşılıqlı şəkildə münasibətləri aydınlaşdırmalıyıq”.
Nikol Paşinyan bir daha vurğulayıb ki, bu hərbi blokun üzvləri bir-biri qarşısında öhdəliklərini anlamalıdır. O, qeyd edib ki, Ermənistan hakimiyyəti bu təşkilatda üzvlüyünə yeni əhəmiyyət qazandırmaq istəyir:
“Biz tam olaraq öhdəliklərimizə əməl edirik, təəssüf ki, eyni şeyi bəzi tərəfdaşlarımız haqqında deyə bilmirik”.
“Yaranmış vəziyyətlə bağlı Rusiya rəhbərliyinin mövqeyi nədən ibarətdir?” sualına Paşinyan lakonik cavab verib:
“Bu məsələdə Rusiyanın mövqeyini tam konstruktiv hesab edirəm”.
Ermənistanın İranla bağlı mövqeyi dəyişməyəcək
Nikol Paşinyan həmçinin Amerikanın İrana qarşı sanksiya tətbiq etməsi məsələsini də şərh edib. O qeyd edib ki, bununla bağlı Ermənistan-İran münasibətlərində dəyişiklik olmayacaq:
“Biz qonşuyuq və yalnızca yaxşı səviyyədə münasibət saxlamamalıyıq, həm də bu münasibətləri yeni səviyyəyə çıxarmağa çalışmalıyıq. Məsələn, şirkət Amerika və İran şirkətləri ilə əlaqədədir. Belə olur ki, amerikalı tərəfdaş şirkəti seçim qarşısında qoyur: mənimlə işi davam etdirmək istəyirsənsə, İran tərəfi ilə əməkdaşlığa son qoy. Bu fərdi məsələdir.
Hökumət səviyyəsində isə bizim mövqeyimiz məlumdur, bu təqdim olunub, Ermənistan-İran və Ermənistan-Gürcüstan münasibətləri üzrə bizim maraqlarımız təqdim olunub. Ümid edirəm ki, amerikalı tərəfdaşlar vəziyyətə anlayışla yanaşacaq, çünki bizim üçün Ermənistan-Amerika münasibətlərini sürətlə inkişaf etdirmək çox vacibdir”.
Nazirliklər daha az olacaq
Daxili siyasi məsələlərə gəlincə, Paşinyan qeyd edib ki, hələ dövlət aparatının idarə olunmasının səmərəliliyinin yüksəldilməsinə nail olmaq lazımdır. Bununla əlaqədar nazirliklərin sayının azaldılması planlaşdırılır.
“Hökumət strukturu ümumilikdə çox dəyişəcək. Bu gün bizim 17 nazirimiz var, müəyyən zaman kəsiyindən, parlament seçkilərindən sonra nazirlərimizin sayı xeyli az olacaq. Avtomotik say azaltma olmayacaq, məzmunlu dəlişiklik olacaq. Bununla da nazirliklərin funksiyalarında dəyişikliklər baş verəcək, çünki onların məsuliyyət çərçivələri genişlənəcək”.
İri məbləğləri dövlət büdcəsinə qaytarmaq mümkün olub
Korrupsiya ifşaları ilə bağlı sual səslənib. Nikol Paşinyan bəyan edib ki, bu aylar ərzində dövlət büdcəsinə 10 milyard dram (20 milyon dollar) qaytarmaq mümkün olub, 64 milyard dram (130 milyon dollardan çox) həcmində vəsaitin mənimsənilməsi və sui-istifadəsi ilə bağlı cinayət işi qaldırılıb.
“Hər şey bununla bitirmi? Yox. Niyə bitmir? Çünki istintaq orqanlarının imkanları müəyyən dərəcədə məhduddur. Onlar var gücləri ilə çalışırlar. Bu araşdırmalar bitəndə digərləri başlayacaq”.