Ermənistanda fövqəladə vəziyyət rejimi bir ay uzadılıb
Ermənistanda koronavirusa yoluxan pasiyentlərdən bir nəfər də vəfat edib. Bu, artıq 14-cü ölüm halıdır.
11:00-a olan məlumata əsasən, 26 yeni koronavirusa yoluxma halı qeydə alınıb və yoluxanların ümumi sayı 1039 nəfərə çatıb. Onlardan 211 nəfəri sağalıb, 14 nəfəri ölüb.
- Pandemiya: ABŞ-da kütləvi məzarlıqlar. Avstriya, Almaniya və Danimarka karantini yumşaldır. Foto
- Şimali Qafqazda koronavirus: bütün regionlar yoluxub, İnquşetiyanın baş müftüsü vəfat edib
Səhiyyə Nazirliyinin mətbuat katibi Facebook səhifəsində bildirib ki, həkimlərin xilas edə bilmədiyi 67 yaşlı qadına ikitərəfli pnevmoniya diaqnozu qoyulub və o, şəkərli diabet kimi xroniki xəstəlikdən də əziyyət çəkirmiş.
Hələ ötən həftə səhiyyə naziri bildirib ki, ölkədə koronavirusa yoluxanlarla təxminən 3000 nəfər tibb işçisi məşğul olur. Onlardan 300 nəfəri təcrid zonalarında, 1700 nəfəri tibb mərkəzlərində, 1000 nəfəri epidemioloji tədbirlərdə çalışır.
“Onlar bir aydan çoxdur ki, tamam başqa həyat yaşayırlar ki, xəstəlik daha çox insanlar arasında yayılmasın. Onlar demək olar ki, yatmırlar, normal qidalanmırlar və doğmalarını görmürlər. Amma əgər bizim hər birimiz bu işdə səy gösrətməsək, onlar gücsüz qalacaqlar. Biz hamımız başa düşməliyik ki, hər birimiz xəstəliyin yayılmasının qarşısının alınmasına görə məsuliyyət daşıyırıq”, – Arsen Torosyan öz Facebook səhifəsində yazıb.
Bununla əlaqədar olaraq, aprelin 11-də baş nazir hökumətə tapşırıb ki, fövqəladə vəziyyətin bir ay da uzadılması haqda qərar hazırlansın. Aprelin 13-də hökumət qərarı təsdiqiləyib.
Ermənistanda ilkin olaraq martın 16-dan aprelin 14-ə qədər fövqəladə vəziyyət elan olunmuşdu. Evdən yalnız xüsusi ehtiyac olduğu zaman çıxmaq olardı – pasportla və “hərəkət anketi ilə”. Pozuntulara polis nəzarət edirdi. İndi fövqəladə vəziyyət rejimi mayın 14-ə qədər uzadılıb.
Hökumət həmçinin aprelin 13-dən bəzi biznes növləri, məsələn, tütün, sement, gips, inşaat malları istehsalı üzərindən məhdudiyyətlərin qaldırılması haqda da qərar qəbul edib. Baş nazir Nikol Paşinyanın verdiyi izahata görə, bu, iqtisadiyyatın tamam çökməməsi üçün lazımdır. Üstəlik, bu, işləyən və müvafiq olaraq əməkhaqqı alan insanların sayını da artıracaq.
Cəmi bir gün insanların daha azad hərəkət etməsinə icazə veriləcək. Baş nazirin müavini, fövqəladə vəzyyət elan ediləndən həm də komendant olan Tiqran Avinyan bildirib ki, “yalnız aprelin 14-də 00:01-dən 23:59-a qədər bütün şəxslərə özünütəcrid məqsədilə daimi yaşayış yerlərindən istənilən başqa yerə getməyə icazə veriləcək”.