DTX-nin beş ölkəni əhatə edən terror işi: ittihamlar nədir, hansı məlumatlar açıqlanmayıb?
DTX-nin beş ölkədə əməliyyatı
Azərbaycanda dini ayinlər üçün toplanan pulların kriptovalyuta vasitəsilə terror təşkilatlarına ötürüldüyü iddia olunur. Dövlət Təhlükəsizliyi Xidmətinin sentyabrın 18-də yaydığı məlumat bu maliyyə xəttini ictimai və dini xadimlərə qarşı sui-qəsd hazırlığı ilə eyni cinayət işində birləşdirir.
Ancaq açıqlamanın mediada yayımlanan mətnində pulun məbləği, onu qəbul etdiyi iddia olunan təşkilatlar və əməliyyatların keçirildiyi beş ölkənin adları yoxdur.
Açıq mənbələrdəki məlumatlar işin miqyasını müstəqil təsdiqləməyə imkan vermir. Əldə olan materiallar isə, əsasən istintaqı aparan qurumun versiyasını təkrarlayır.
İrəli sürülən ittihamlar
DTX təqsirləndirilən şəxslər kimi Vüqar Abdullayev, Cəlal Hacıyev, Cavid Əliyev, Nicat Əhmədov, Nazim Əliyev, İlkin Həsənzadə, Ayxan Hüseynov, Elşən Əsgərov, Fəxrəddin İmanov, Nail Rəsulov və Elgün İsmayılovun adlarını açıqlayıb. Beləliklə, saxlanılanların sayı 10 göstərilsə də, ittiham olunanların siyahısında 11 nəfər var. Məlumatda bu fərq izah edilmir.
Onlara Cinayət Məcəlləsinin terrorçuluğun maliyyələşdirilməsi, cinayətkar birlik yaratma, dövlət və ya ictimai xadimin həyatına sui-qəsdə hazırlıq və digər əməllərlə bağlı maddələri üzrə ittihamlar irəli sürülüb. Qurumun məlumatına görə, məhkəmə onların barəsində həbs qətimkan tədbiri seçib.
İki epizodu birləşdirən şəxs
DTX-nin versiyasında Cəlal Hacıyevin adı həm sui-qəsd hazırlığı, həm də maliyyələşdirmə epizodunda keçir. Qurum Vüqar Abdullayev və digərlərinin hədəf seçilən insanların marşrutları və mühafizəsi barədə məlumat topladığını bildirir. Hacıyevin isə xaricdəki əlaqələri vasitəsilə silahlı münaqişələrdə iştirak edən şəxslərə və terror təşkilatlarına pul ötürülməsini təşkil etdiyi iddia olunur.
Bu iki epizod eyni işdə təqdim edilsə də onların maliyyə baxımından necə əlaqəli olması göstərilməyib. Xaricə göndərildiyi deyilən vəsait Azərbaycandakı sui-qəsd hazırlığını da maliyyələşdiribmi? Eyni şəxslərin adı keçsə də, pulun dövriyəsi ilə hücum planı arasındakı əlaqəni göstərən faktlar təqdim edilməyib.\
Pulun izinə necə düşülüb?
Qurumun məlumatında vəsaitin sosial şəbəkələrdə dini ayinlərin icrası adı ilə yayılan saxta elanlardan toplandığı deyilir. İstintaqın pulun mənbəyi və köçürmə mexanizmləri üzrə dəlillər əldə etdiyi bildirilir.
Bu iddianın yoxlanması üçün elanların arxivi, ödəniş rekvizitləri, əməliyyat tarixləri və pulu qəbul edən tərəflərin müəyyənləşdirilməsi əhəmiyyətlidir. Pul verənlər elanların həqiqi məqsədini bilirdilərmi, yoxsa özləri də aldadılmışdılar? Bunlar fərqli məsuliyyət məsələləridir.
Kriptovalyutanın qeyd olunması da maliyyə zəncirini özlüyündə izah etmir. Hansı rəqəmsal aktivdən istifadə edildiyi, köçürmələrin kimə aid olduğu və alıcıların terror təşkilatları ilə əlaqəsinin necə müəyyənləşdirildiyi də göstərilməyib.
Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun – FATF-nin 2023-cü il hesabatı sosial şəbəkələrdə vəsait toplanması və virtual aktivlərin terrorçuluğun maliyyələşdirilməsində sui-istifadə risklərini təsvir edir. Hesabat eyni zamanda pulun terror məqsədinə yönəldiyini sübut etməyin çətinliklərini və qanuni ianə fəaliyyətinin qorunmasını vurğulayır.
Bu beynəlxalq təcrübə DTX-nin təsvir etdiyi mexanizmin mümkün olduğunu göstərir. Konkret şəxslər barədə ittihamın doğruluğunu isə həmin cinayət işinin sübutları müəyyənləşdirməlidir. Hələlik bu sübutlar ictimaiyyətə açıqlanmayıb.
DTX-nin beş ölkədə əməliyyatı