Gürcüstanın baş naziri siyasi böhran səbəbilə istefa verib
Gürcüstanın baş naziri Giorgi Qaxariya istefa verib. Bu haqda o, hökumət administrasiyasılnın xüsusi brifinqində bildirib.
Qaxariya bildirib ki, onun istefasının əsas səbəblərindən biri dünən müxalif “Vahid Milli Hərəkat” partiyasının lideri Nika Meliya haqda məhkəmənin çıxardığı hökm olub. O, qeyd edib ki,siyasi eskalasiya təhlükəsi olduğu bir vaxtda Nika Meliyanın həbsini lüzumsuz hesab edir.
Qaxariyanın sözlərinə görə, onun istefasının səbəbi komanda ilə razılığa gələ bilməməsidir.
“Təəssüf ki, mən bu məsələ ilə bağlı öz komandamla bir fikrə gələ bilmədim, buna görə də istefa vermək qərarına gəldim. Mən inanmaq istəyirəm ki, bu addım ölkəmizin siyasi məkanında qütbləşməni azaldacaq, çünki əminəm ki, bizim aramızda qütbləşmə və konfrontasiya ölkəmizin gələcəyi üçün ən böyük riskdir”, – Qaxariya deyib.
Qaxariyanın qərarından əvvəl ABŞ səfirliyinin və amerikalı senator Cim Rişin bəyanatları səslənib.
ABŞ səfirliyinin bəyanatında deyilir ki, hazırkı böhran seçki və məhkəmə sistemləri ilə bağlı uzun illərdir sürən problemlərlə bağlıdır.
“Nika Meliya haqda məhkəmə qərarından sonra yaranan hazırkı təhlükəli vəziyyət seçki və məhkəmə sistemlərində uzun illərdir sürən problemlərlə əlaqədardır.
Hakimiyyət və müxalifətin bu gün səhər maksimum təmkin göstərmələri lazımdır.
Ən mühüm məsələlərin yeganə həll yolu dinc danışıqlardır. Biz hamını sakitliyi qorumağa və zorakılıqdan çəkinməyə çağırırıq”, – səfirliyin bəyanatında deyilir.
“Amerikanın səsi” ilə söhbətində ABÇ senatoru Cim Riş bildirib ki, Meliyanın həbsi haqda qərar Gürcüstan demokratiyası üçün təhlükəlidir.
“Meliyanın həbsi çox tez-tez təkrarlanan siyasi motivli həbslərdən biridir və Gürcüstan siyasi partiyaları arasında davam edən danışıqları mütləq çətinləşdirəcək. Gürcüstanın məhkəmə sisteminin müstəqilliyinin pisləşməsi ilə bağlı narahatlığım bugünkü hadisələrlə dərinləşdi”, – senator deyib.

Tbilisi şəhər məhkəməsi dünən Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliyanın həbsi haqda qərar qəbul edib.
Meliya dövlət çevrilişi cəhdində ittiham olunur. Meliyanın 2019-cu il iyunun 20-də Rusiya Dövlət Dumasının deputatının Gürcüstan parlamentinə dəvətinə qarşı keçirilən etirazlar zamanı etirazçıları parlament binasına daxil olmağa çağırdığı bildirilir.
Meliya məhkəmənin seçdiyi qətimkan tədbirinə uyğun olaraq girov ödəməkdən imtina etdiyi üçün prokurorluq siyasətçinin həbsi ilə bağlı məhkəməyə müraciət edib.
Gürcüstan parlamenti Meliyanın deputat toxunulmazlığının ləğv edilməsinə səs verib.