Bakıda polis həyat yoldaşını polis şöbəsində uşaqlarının gözü qarşısında öldürüb
Bakıda polis serjantı İsmayıl Məmmədov ondan şikayətə gələn 27 yaşlı həyat yoldaşı Xanım Məmmədovanı polis şöbəsində güllələyərək öldürüb. Bu qətl Azərbaycan cəmiyyətində etirazlara səbəb olub. Amma qatilə haqq qazandıranlar da tapılıb.
- Gürcüstanda femisid: elan olunmuş ölümlərin xronikası
- Bakıda etiraz aksiyasının iştirakçıları polis idarəsində döyülüb
- Azərbaycanda kinorejissor açıq-saçıq geyinən qadınları zorlamağa çağırış edib
Nə baş verib?
Sentyabrın 30-da səhər Bakı şəhəri Nizami rayonu 24 saylı polis şöbəsində qətl hadisəsi baş verib.
27 yaşlı Xanım Məmmədova əri ilə bağlı şikayət ərizəsi yazmaq üçün polis şöbəsinə gəlib – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən verilən məlumatda deyilir. Qadın ərinin onu tez-tez döydüyündən şikayət edib. Bu haqda polis əməkdaşları qadının ərinə – həmkarları polis serjantı İsmayıl Məmmədova xəbər veriblər.
Polis şövəsinə gələn İsmayıl Məmmədov tabel silahından atəş açaraq həyat yoldaşını qətlə yetirib. “Xəzər Xəbər”in məlumatına görə, Məmmədov qadına iki övladının gözləri qarşısında on beş dəfə atəş açıb.
Bundan dərhal sonra İsmayıl Məmmədov hüquq-mühafizə orqanlarına təslim olub. “Xüsusi amansızlıqla törədilmiş qəsdən adamöldürmə” maddəsilə cinayət işi açılıb. Məmmədovu 14 ildən 20 ilə qədər həbs cəzası gözləyir.
Qohumlar nə deyir?
Qətlə yetirilən qadının xalası Nəsibə Məmmədovanın sözlərinə görə, bacısı qızının əri həmişə qısqanc olub:
“Mən özüm Bakıda yaşayıram, amma bacımqızı ərə gedəndən sonra bircə dəfə də bizə gəlməyib. Mən onun telefon nömrəsini də bilmirdim. İsmayıl ona evdən çıxmağa da icazə vermirdi”.
Məlum olub ki, Xanım İsmayılova Bakı Dövlət Universitetinin Riyaziyyat Fakültəsini bitirib.
“Xanım ikinci kursda oxuyanda onlar tanış olublar. Onların iki uşağı qaldı. Böyüyü artıq məktəbə gedir, balaca isə bağçaya”.
Medianın məlumatına əsasən Xanım Məmmədova 19 yaşında ərə gedib.
Cəmiyyətin reaksiyası
“Azərbaycanda idbar “dəyərlər sistemi” mövcuddur. Cəmiyyətin bir parçası kimi polis də bu sistemə sadiqdir. Sual olunur, niyə polis ondan şikayətə gələn arvadını niyə güllələyib? Çünki o, həmkarları qarşısında bu biabırçılığa dözə bilməyib. Çünki o, həmkarlarının da bizim cəmiyyətin həmin dəyərlər sisteminin daşıyıcısı olduqlarından əmindir. Onların qanun qoruyucusu təfəkkürü yoxdur, onlar oğrü təfəkkürünə sahibdirlər.
Avtokratik hökumət bu dəyərlər sistemi haqda bilir və vaxtaşırı ondan öz rəqiblərinə qarşı istifadə edir. Ya intim videolarla, ya da başqa vasitələrlə. Onlar gözəl bilirlər ki, insanlar heç kimi korrupsiyaya görə, digər qanunsuz əməllərə görə qınamayacaqlar, amma buna görə qınayacaqlar”, – tarixçi Altay Göyüşov yazıb.
“Bu gün səhər oxuduğun birinci xəbər qadının polis şöbəsində öldürülməsi oldu. Əgər polis şöbəsində belə bir şey edə bilibsə, onun evdə qadının başına nə oyun açdığını təsəvvür etmək dəhşətlidir. Şikayətə gələnə qədər qadın nələr yaşayıb?
Düşünürəm ki, indi bəzi başqa polislər də, digər zorakı kişilər də həyat yoldaşlarına bu hadisəni misal gətirirlər. Deyirlər ki, qadının gedə biləcəyi heç bir yer yoxdur, birdən “əsəbləri dozməsə”, elə polis şöbəsindəcə onları öldürə bilərlər.
Bugünkü hadisə Azərbaycanın hüquq-mühafizə orqanlarının əsl sifətidir, onların zərərçəkən qadınlara, ölkədə qadınlara qarşı zorakılıq probleminı münasibətinin nümunəsidir.
Azərbaycan elə budur. Qadın qətlləri siyasidir”, – feminist Gülnarə Mehdiyeva yazıb.
Amma sosial şəbəkələrdə qatili dəstəkləyənlər də tapılıb.
“Yaxşı eləyib. Bir-iki belə hadisə olsa, bəlkə ölkədə boşanmaların sayı azalar. Qadın ərinin sözünə baxmalıdır, onun icazəsi olmadan küçəyə çıxmamalıdır, onun vəzifəsi uşaq tərbiyə eləməkdir”, – sosial şəbəkələrin Azərbaycan seqmentinin istifadəçilərindən biri yazıb.
Bunun ardınca
Elə həmin gün, sentyabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində odlu silahdan atəş açaraq həyat yoldaşını öldürən Cabunçu rayon Məhkəməsinin keçmiş hakimi Fəqan Əhmədovun işi üzrə proses sona çatıb.
Məhkəmənin qərarı ilə F. Əhmədov cəzasını ciddi rejimli islah müəssisəsində keçirməklə 10 il müddətinə azadlıqdan məhrub edilib.