Bakıda metro bağlanıb və avtomobilçilər cərimə olunur
Nəticə – basabas avtobuslar və şəhər sakinlərinin narazılığı
Bakıda karantin rejimi çərçivəsində metropolitenin fəaliyyəti dayandırılıb və xüsusi ehtiyac olmadan şəhərdə maşına sürən avtomobilçilər cərimə olunur.
Aprelin 1-i səhər saatlarına olan rəsmi məlumata əsasən, Azərbaycanda 298 Covid-19 virusuna yoluxma halı qeydə alınıb. Yoluxanlardan beşi ölüb, iyirmi altısı sağalıb. Ölkədə gücləndirilmiş karantin rejimi tətbiq olunub.
Karantin rejiminin ilk günlərində Bakı metropoliteni məhdudlaşdırılmış qrafik üzrə – səhər və axşam bir neçə saat işləyirdi. Amma bu vəziyyəti daha da pisləşdirdi, vaqonların basabas olmasına və stansiya girişlərində izdihamların toplanmasına səbəb oldu.
Bir neçə gün sosial şəbəkələrdə bununla bağlı qəzəbli paylaşımlar ediləndən sonra martın 31-də metro tamam bağlandı. Şəhər sakinlərinə avtobuslarla hərəkət etmək və xüsusi ehtiyac olmadan evdən çıxmamaq göstərişi verildi. Adi avtobuslardan başqa metropoliten marşrutu üzrə hərəkət edən xüsusi ekspreslər də dövriyyəyə buraxıldı. Amma problem daha da dərinləşdi – əvvəl metro ilə gedib-gələnlər də avtobusla hərəkət etmək məcburiyyətində qaldı.
Azərbaycanda təşkilat və müəssisələrin əksəriyyəti öz fəaliyyətini dayandırsa da, hər gün işə getmək məcburiyyətində olan insanlar da çoxdur. İşverənlərin isə çoxu öz personalının işə rahat gedib-gəlməsinin qayğısına qalaraq xüsusi nəqliyyat təşkil etmir.
Avtomobilçilərə gəlincə, yol polisi martın 29-dan onlarla bağlı reydə başlayıb. Son iki sutka ərzində 382 avtomobil saxlanılıb – “Turan” agentliyi xəbər verir. Üç sürücü cərimə olunub, qalanlarına xəbərdarlıq edilib. Görünən odur ki, bu tədbir Baş Yol Polisi İdarəsinin şəxsi təşəbbüsü ilə həyata keçirilir, çünki Nazirlər Kabinetinin karantin qaydaları ilə bağlı qərarında fərdi avtomobillərin hərəkəti ilə əlaqədar heç bir məhdudiyyət nəzərdə tutulmayıb.