Bakıda metro yenidən açılacaq, amma çoxları bundan narazıdır, yoluxma statistikası isə yüksək qalır
Martın 22-dən karantin rejimi çərçivəsində bağlanan Bakı metropoliteni mayın 9-dan yenidən işə düşəcək. Bununla belə yalnız işdən arayışı və ya sms-icazəni göstərəndən sonra insanlar metroya buraxılacaqlar.
Həmçinin metroda tibbi maska taxmaq məcburi olacaq. Hakimiyyət stansiyalardakı apteklərdən maska almağın mümkün olacağını da vəd edib.
Həmçinin metronun gücləndirilmiş rejimdə işləyəcəyi də bildirilib – qatarlar arasında intervallar minimuma endiriləcək.
Ay yarım ərzində metro bağlı olduğu müddətdə bütün yük avtobusların üzərinə düşüb. Karantin və onu müşayiət edən bütün məhdudiyyətlərə baxmayaraq, avtobuslarda hər gün basabas olurdu, xüsusən də mərkəzdən şəhərin kənar rayonlarına gedən avtobuslarda.
Bir çox Bakı sakinləri metronun açılacağı xəbərinə şübhə ilə yanaşıb. İnsanlar hesab edirlər ki, bu, vəziyyəti yaxşılaşdırmayacaq, əksinə, pisləşdirəcək, yoxlama səbəbilə girişlərdə böyük növbələr əmələ gələcək, Bakı metropolitenində sosial məsafəni gözləmək isə ümumiyyətlə mümkün deyil.
- “Səhərə qədər rəqs edəcəm. Və döymə döydürəcəm”, – bakılılar karantindən sonrakı planlarını bölüşürlər
- Koronavirusa yoluxmaq nə deməkdir? Xəstələnib-sağalanlar danışır
- Pandemiya Gürcüstanın turizminə necə təsir edib?
Son günlər Azərbaycanda COVID-19 virusuna yoluxma statistikası xeyli yüksəlib, baxmayaraq ki, az əvvəl azalma müşahidə olunurdu.
Son sutka ərzində ölkədə 75 yeni yoluxma və 25 sağalma qeydə alınıb.
Beləliklə, yoluxanların ümumi sayı 2279 nəfərə çatıb, onlardan 28 nəfər ölüb, 1576 nəfər sağalıb.
Bununla belə hakimiyyət mütəmadi olaraq virusun yayılmasının qarşısını almaq istiqamətində atdıqları addımların səmərəli olduğu və digər ölkələr üçün nümunə ola biləcəyi haqda bəyanatlar səsləndirirlər. Yoluxanların sayının artmasında isə karantin qaydalarına əməl etməyən “şüursuz” vətəndaşları günahlandırırlar.
Azərbaycanda mayın 31-ə qədər qüvvədə qalacaq karantin rejimi tədricən yumşaldılır.