Deportasiya və “beynəlxalq axtarış”: Bakı-Moskva münasibətlərində yeni eskalasiya
Azərbaycan-Rusiya münasibətlərində yeni eskalasiya
Avqustun 17-də Bakı ilə Moskva arasında münasibətlərin nə qədər kövrək qaldığını göstərən iki hadisə eyni günə təsadüf edib. Rusiya Moskvadakı Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənovu Azərbaycana deportasiya edib. Azərbaycan isə üç Rusiya vətəndaşı – “Moskva 24” telekanalının aparıcısı İvan Knyazev, polittexnoloq və media eksperti Semyon Uralov, eləcə də jurnalist və Rusiya nəqliyyat nazirinin müşaviri Aleksey Çadayev barəsində beynəlxalq axtarış elan edib.
Hadisələrin eyni gün baş verməsi onları ilk baxışda qarşılıqlı cavab addımları kimi göstərir. Lakin Həsənovun deportasiyası avqustun 17-də başlanmış proses deyil, onun işi ən azı bir neçə aydır davam edib. Buna görə iki qərar arasında birbaşa səbəb-nəticə əlaqəsi olduğunu söyləmək üçün açıq sübut olmasa da, hər iki hadisə artıq uzun müddətdir pisləşən Azərbaycan-Rusiya münasibətlərinin ümumi məntiqinə uyğun gəlir.
Bəxtiyar Həsənovun deportasiyası
Açıq mənbələrə görə, Bəxtiyar Həsənov 2026-cı ilin iyununda Rusiyada saxlanılıb və xarici vətəndaşların müvəqqəti saxlanma mərkəzinə yerləşdiriib. O, deportasiya qərarından şikayət etsə də, məhkəmə şikayəti təmin etməyib.
Mənbələr Həsənovun Rusiya vətəndaşlığının ləğv edilməsi 2025-ci ilin sentyabrında baş verib. “Agentstvo” hələ 2025-ci ilin payızında Həsənovun 2019-cu ildə verilmiş pasportunun Rusiya dövlət bazasında etibarsız kimi göstərildiyini müəyyən edib. Həsənov həmin vaxt vətəndaşlıqdan məhrum edilməsi barədə məlumatı təkzib edirdi.
Əsas suallardan biri vətəndaşlığın hansı hüquqi əsasla ləğv edilməsidir. Açıq mənbələrdə bunun tam və aydın izahı yoxdur.
Məsələni siyasi baxımdan əhəmiyyətli edən başqa bir məqam da Həsənovun statusudur. O, uzun illər Moskvanın rəsmi diaspor və millətlərarası münasibətlər strukturları ilə əməkdaşlıq etmiş, ictimai şuralarda təmsil olunmuş şəxs idi. Buna görə onun deportasiyası Rusiyadakı Azərbaycan diasporuna yönələn təzyiqlərin daha geniş tendensiyasının tərkib hissəsi kimi də qiymətləndirilir.
Diaspor üzərində artan təzyiq
2025-ci ilin yayından etibarən Rusiyada Azərbaycan diasporunun bir sıra tanınmış nümayəndələri vətəndaşlıqdan məhrum edilib, saxlanılıb və ya ölkədən çıxarılıb. Arşad Xankişiyev, Elşən İbrahimov və Cavid Rzayevin adları bu kontekstdə hallanıb.
Rusiya tərəfdəki millətçi və Kremlə yaxın media resursları bu tədbirləri əsasən qanunsuz miqrasiya, cinayət əlaqələri və təhlükəsizlik məsələləri ilə izah edir. Lakin müxtəlif şəxslər üzrə irəli sürülən ittihamların hamısına dair ictimaiyyət üçün əlçatan və yekun məhkəmə materialları yoxdur.
- “Sputnik Azərbaycan” əməliyyatı: Rusiya ilə gərginliyin yeni mərhələsi
- Qarabağ “mübahisəli ərazi”dirmi? – Kreml mesaj verir, Bakı cavab qaytarır
- Köhnə elitanın çöküşü? Ramiz Mehdiyevin həbsi Azərbaycanda nəyi dəyişdi?
Bu proses xüsusilə 2025-ci ilin iyununda Yekaterinburqda azərbaycanlı ailələrə qarşı keçirilən əməliyyatdan sonra daha siyasi məna qazandı. Əməliyyat zamanı Səfərov qardaşlarının ölümü Bakıda sərt reaksiya doğurdu. Moskva hadisəni illər əvvəl törədilmiş cinayətlərin istintaqı ilə əlaqələndirirdi, Azərbaycan tərəfi isə saxlanılanlara qarşı zorakılıq və işgəncə iddialarını ön plana çıxarırdı.
Həmin dövrdən etibarən diaspor məsələsi tədricən sırf ictimai və mədəni sahədən çıxaraq iki ölkə arasında siyasi təzyiq vasitələrindən birinə çevrilməyə başladı.
Bakının üç Rusiya vətəndaşına qarşı ittihamları
Avqustun 17-də Azərbaycan Baş Prokurorluğu İvan Knyazev, Semyon Uralov və Aleksey Çadayev barəsində cinayət işi çərçivəsində axtarış elan edildiyini bildirilib.
İstintaq Uralovun Yutub kanalında iyulun 14-də və avqustun 13-də yayımlanan proqramlarla bağlıdır. Azərbaycan tərəfinin versiyasına görə, həmin çıxışlarda ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün pozulmasına, terror fəaliyyətinə və milli nifrətin qızışdırılmasına çağırışlar səslənib.
Cinayət işi Azərbaycan Cinayət Məcəlləsinin 214-2, 281.2 və 283.2.1-ci maddələri ilə aparılır. Məhkəmə hər üç şəxs barəsində qiyabi həbs qərarı verib.
Azərbaycan mediasının yayımlardan götürdüyü fraqmentlərdə Bakıya qarşı mümkün hərbi əməliyyat, Xəzər dənizi istiqamətində hərbi təzyiq və Azərbaycan rəhbərliyinə qarşı fiziki zor tətbiqi ilə bağlı fikirlər yer alır. Bununla belə, Baş Prokurorluq yayımların tam transkriptini, ekspertiza materiallarını və ittihamların əsaslandırıldığı bütün epizodları ictimaiyyətə açıqlamayıb.
Uralov və Çadayev nə deyir?
İttiham olunan şəxslər Bakının mövqeyini qəbul etmirlər. Aleksey Çadayev milli nifrətin qızışdırılması ittihamını rədd edərək tənqidlərinin Azərbaycan xalqına deyil, ölkənin siyasi rəhbərliyinə yönəldiyini bildirib.
Semyon Uralov isə Azərbaycan hüquq-mühafizə orqanlarının qərarını siyasi xarakterli addım kimi təqdim edib. Sonrakı Telegram paylaşımlarında o, post-sovet ölkələrinin siyasi sistemlərinə, o cümlədən Azərbaycan hakimiyyətinə qarşı sərt ritorikasını davam etdirib.
Bu reaksiyalar işin hüquqi müstəvidən kənara çıxaraq iki ölkənin informasiya məkanındakı qarşıdurmanın da bir hissəsinə çevrildiyini göstərir.
“Beynəlxalq axtarış” həbs demək deyil
Azərbaycan mediasında işlədilən “beynəlxalq axtarış” ifadəsi avtomatik olaraq şəxsin başqa ölkədə həbs ediləcəyi anlamına gəlmir.
“Interpol” vasitəsilə qırmızı bildiriş verilərsə belə, bu, beynəlxalq həbs orderi sayılmır. Ayrı-ayrı dövlətlər şəxsin saxlanılıb-saxlanılmaması məsələsini öz qanunvericiliyinə uyğun həll edir. Üstəlik, “Interpol”un nizamnaməsi təşkilatın siyasi, hərbi, dini və irqi xarakterli işlərə müdaxiləsini qadağan edir.
Bu səbəbdən Bakının sorğusunun nəticəsi təqdim edilən hüquqi sübutların məzmunundan və işin digər dövlətlər tərəfindən sırf cinayət işi, yoxsa siyasi mübahisənin davamı kimi qiymətləndirilməsindən asılı olacaq.
Ukrayna amili
Son gərginlik Azərbaycan-Rusiya münasibətlərində Ukrayna mövzusunun da əhəmiyyətinin artdığı dövrə təsadüf edir.
Avqustun 6-da xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra ilk dəfə rəsmi səfərlə Kiyevə gedib və İrpini ziyarət edib. Azərbaycan bir daha Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində ərazi bütövlüyünə dəstəyini ifadə edib. Tərəflər, həmçinin Azərbaycandan Ukraynaya qaz tədarükü imkanını müzakirə ediblər.
Avqustun 16-17-də Ukraynanın keçmiş prezidenti Viktor Yuşenkonun Bakıya səfəri və İlham Əliyevlə görüşü də bu siyasi fonda baş verib. Əliyevə İrpin şəhərinin fəxri vətəndaşı vəsiqəsinin təqdim edilməsi Moskvada xüsusilə simvolik jest kimi qəbul oluna bilər.
Bu hadisələrlə Həsənovun deportasiyası arasında birbaşa əlaqəni sübut edən məlumat yoxdur. Lakin Azərbaycan rəhbərliyinin Ukrayna məsələsində Moskvadan fərqli mövqeyini getdikcə daha açıq nümayiş etdirməsi Rusiya siyasi dairələrində narazılığın artdığı ümumi mənzərəyə uyğun gəlir.
Qarşılıqlı təzyiqin yeni mexanizmləri
Son iki ildə Bakı ilə Moskvanın münasibətlərində diqqət çəkən dəyişikliklərdən biri hüquq-mühafizə və inzibati mexanizmlərin siyasi münasibətlərin bir hissəsinə çevrilməsidir.
Rusiya Azərbaycan diasporunun nümayəndələrinə qarşı vətəndaşlıq, miqrasiya və cinayət qanunvericiliyindən istifadə edir. Azərbaycan isə öz növbəsində Rusiya mediası ilə əlaqəli şəxslər və Azərbaycana qarşı təhdid hesab etdiyi çıxışlarla bağlı cinayət təqibi mexanizmlərinə müraciət edir.
Bu, hər iki tərəfin hüquqi arqumentlərini avtomatik olaraq əsassız etmir. Ancaq hüquqi qərarların münasibətlərdə siyasi böhranların ardınca gəlməsi onların seçmə tətbiqi və siyasi məqsədlər üçün istifadə olunması barədə sualları qaçılmaz edir.
Münasibətlər hara gedir?
Hazırkı mərhələdə Azərbaycanla Rusiya arasında tam siyasi qopma ehtimalı yüksək görünmür. İki ölkəni ticarət, nəqliyyat, logistika və regional təhlükəsizlik kimi sahələrdə ciddi qarşılıqlı maraqlar birləşdirir.
Ancaq münasibətlərin əvvəlki səviyyəyə qayıtdığını söyləmək də çətindir. Əksinə, formalaşan model daha çox məhdud əməkdaşlıqla müşayiət olunan siyasi etimadsızlığa bənzəyir.
Bu qarşıdurmada ən həssas mövqedə isə Rusiyada yaşayan azərbaycanlılar və iki ölkə arasında ictimai əlaqələri təmin edən diaspor strukturları qala bilər. Diaspor nümayəndələrinin dövlətlərarası münaqişənin alətinə çevrilməsi, xüsusən də proses etnik ritorika ilə müşayiət olunarsa, gərginliyin diplomatik müstəvidən cəmiyyətlərarası münasibətlərə keçməsi riskini artırır.
Avqustun 17-də baş verənlər buna görə ayrıca iki hüquqi qərardan daha çox məna daşıyır. Onlar Bakı ilə Moskvanın əməkdaşlığı tam dayandırmadan, lakin bir-birinə qarşı siyasi və hüquqi təzyiq imkanlarını getdikcə daha fəal sınaqdan keçirdiyi yeni münasibətlər modelini göstərir.
Azərbaycan-Rusiya münasibətlərində yeni eskalasiya