Azərbaycanda işsizlərə yenə 190 manat verəcəklər. Amma bəzilərinə
Azərbaycanda işsizlər, o cümlədən də koronavirus pandemiyasına görə işini itirənlər iyunda 190 manat [112 dollara yaxın] həcmində birdəfəlik yardım alacaqlar. Analoji kompensasiya artıq aprel və may aylarında, ölkədə sərt karantin tətbiq olunduğu zaman ödənilib. İndi karantin “qayıdıb” deyə hakimiyyət ödənişi təkrarlamaq qərarına gəlib.
- Koronavirusu gizlətmək, yoxsa iqnor etmək? Hər ikisi! Bakıdan hekayə
- Tanınmış azərbaycanlı jurnalist atasının ölümündə səhiyyəni günahlandırıb
- Koronavirus və qanun: Azərbaycanda karantinin hüquqi tərəfi
Karantin və kompensasiya haqda
Azərbaycanda sərt karantin rejimi mayın ortasında aradan qaldırılıb. Bundan sonra yoluxmaların sayı kəskin artmağa başlayıb və indi hər gün 500 civarında yoluxma halı təsdiqlənir. Buna görə də iyunun 21-dən iyulun 5-ə qədər ölkənin bəzi regionlarında yenidən vətəndaşların hərəkətinə məhdudiyyət tətbiq edilib, ərzaq mağazaları və apteklərdən başqa bütün ticarət obyektləri bağlanıb, kafe və restoranlar işləmir.
Aprel-may aylarında bütün ölkə üzrə 600 min nəfərə yaxın vətəndaş bu yardımı alıb. Yardımı alanlar arasında çoxdan bəri işsiz olanlar və işsizliyinin pandemiya və karantinlə heç bir əlaqəsi olmayanlar da olub.
Birdəfəlik yardımı sərt karantin tətbiq olunan Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin, o cümlədən də Abşeron, Yevlax, Cəlilabad və Masallı rayonlarının sakinlərinə ödənəcək. Daha doğrusu, əvvəlki aylarda qeydiyyatdan keçən və yardım alanlara. Onların hamısı bir daha yoxlanılacaq ki, hələ də işsiz olduqlarına və heç bir gəlirlərinin olmadığına əmin olsunlar.
“Çox azdır və heç də həmişə ədalətli deyil”
Yardımın təkrar ödəniləcəyi haqda xəbər ekspertlər və cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Hələ ötən dəfə çoxları bununla bağlı aşağıdakıları qeyd edirdilər:
- Birincisi, 190 manat çox azdır;
- İkincisi, ölkədə karantinə görə gəlirsiz qalan və ümumiyyətlə işsiz olanların sayı 600 mindən çoxdur;
- Üçüncüsü, ödəniş sistemi nizamlanmayıb və nəticədə konpensasiya almaq haqqı olanların çoxu onu əldə edə bilməyib.
Hazırkı ödənişlə bağlı iqtisadçı Qubad İbadoğlu yazıb:
“Bu qərar verilərkən yenə də nəzərə alınmayıb ki, bəzi şəxslər ətraf rayonlarda yaşasalar da Bakıda, Sumqayıtda və Gəncədə işləyirlər. Belə olan halda onları kənara qoymaq ədalətsizlikdir”.
Bundan başqa, ötən dəfə sərt karantin üzündən biznesini dayandırmaq məcburiyyətində qalan sahibkarlara hakimiyyət kompensasiya ödədi ki, onlar öz işçilərinə əməkhaqqı ödəyə bilsinlər. Bu dəfə bu haqda heç nə məlum deyil.
Azərbaycanda karantin rejimi avqustun 1-ə qədər uzadılıb. Bu, kütləvi tədbirlərin keçirilməsinə qoyulan qadağanın davam etməsi və sərhədlərin bağlı qalması deməkdir.