Erməni hüquq müdafiəçisi Bakıda 20 il həbs cəzasına məhkum edilən Ruben Vardanyan işi üzrə AİHM-ə şikayət verib
Ruben Vardanyanın işi üzrə AİHM-ə şikayət
Hüquq müdafiəçisi və vəkil Siranuş Saakyan keçmiş tanınmamış Dağlıq Qarabağ Respublikasının sabiq dövlət naziri Ruben Vardanyanın işi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) şikayət təqdim edib. O bildirib ki, AİHM-də Vardanyanın maraqlarını şəxsən özü təmsil edəcək. Siranuş Saakyan uzun illərdir Avropa Məhkəməsində erməni məhbusların hüquqlarını müdafiə edir.
“Şikayətdə İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın səkkiz maddəsinin pozuntuları hərtərəfli hüquqi və faktiki əsaslarla ətraflı şəkildə təqdim olunub”, – deyə onun mediaya təqdim etdiyi və sosial şəbəkələrdə yaydığı bəyanatda bildirilir.
Ruben Vardansan hazırda Azərbaycanın həbsxanalarında saxlanılan 19 ermənidən biridir. Bakı Hərbi Məhkəməsi onu 2026-cı ilin fevralında 20 il müddətinə azadlıqdan məhrum edib.
Müdafiə tərəfi nəhayət, Vardanyan işi üzrə hökmün surətini əldə edib. Bu sənəd olmadan AİHM-ə şikayət təqdim etmək mümkün deyildi. Saakyanın sözlərinə görə, Azərbaycan bütün bu müddət ərzində məhkəmə qərarını təqdim etməyib. Məhz buna görə də şikayət yalnız iyulun 19-da AİHM-ə göndərilib.
Məhkəmə Vardanyanı ağır cinayətlər törətməkdə təqsirli bilib. O, xüsusilə müharibənin başlanmasında, terrorizmin maliyyələşdirilməsində və insanların deportasiyasında ittiham olunur.
Eyni zamanda, erməni hüquq müdafiəçiləri Bakıdakı məhkəmə prosesini “hüquqi deyil, siyasi proses” kimi qiymətləndirirlər. Vardanyanın özü isə məhkəmə araşdırmasını “tamaşa və ədalət mühakiməsinin imitasiyası” adlandırıb. Bu səbəbdən o, Bakı Hərbi Məhkəməsində keçirilən iclaslar zamanı vəkilinə müdafiəsi üçün hər hansı arqument irəli sürməyi qadağan edib.
“Ədalətli məhkəmə araşdırması hüququnu əvvəldən inkar edən sistemdə hüquqları müdafiə etmək həqiqətən mümkün deyil. Buna görə Ruben Vardanyan ədalət uğrunda mübarizəni beynəlxalq hüquqi mexanizmlər vasitəsilə davam etdirmək qərarına gəlib”, – deyə Siranuş Saakyan bildirib.
- Azərbaycan həbsxanalarında saxlanılan dörd etnik erməni Ermənistana təhvil verilib
- Azərbaycanda həbsdə olan ermənilərin taleyi necə olacaq? İlham Əliyev onları azad edə bilərmi?
- “Məhkəmə iclasları açıq-aşkar teatrdır”: Ruben Vardanyan vəkilindən imtina edib
Vardanyan işi üzrə detallar
Hüquq müdafiəçisi bəyanatında işlə bağlı bəzi detalları da açıqlayıb. O bildirib ki, Bakı Hərbi Məhkəməsi hökmü tam şəkildə elan etməyib. Ailə hökmün mətnini vəkillərə təqdim etdikdən sonra məlum olub ki, “Vardanyan Azərbaycan Cinayət Məcəlləsinin 21 maddəsi üzrə irəli sürülmüş 41 bəndlə təqsirli bilinib”.
Hüquq müdafiəçisinin sözlərinə görə, hökmdə Vardanyanın şəxsi təqsiri faktlar və ya sübutlarla təsdiqlənməyib.
“Əvəzində məhkəmə belə nəticəyə gəlib ki, “cinayətkar birlik” adlandırdığı, tanınmamış Artsax rəhbərliyi 1988-ci ildən Dağlıq Qarabağda fəaliyyət göstərib. Vardanyanın isə bu “birliyə” 2020-ci ilin dekabrında qoşulduğu iddia olunur. Halbuki həmin dövrdə o, Moskvada yaşayırdı.”
Bundan başqa, vəkilin sözlərinə görə, məhkəmə Vardanyanın mülki inzibati vəzifə tutmasını hakimiyyətin zorla ələ keçirilməsi kimi qiymətləndirib. Onun kommersiya və xeyriyyə fəaliyyəti qanunsuz sahibkarlıq və terrorizmin maliyyələşdirilməsi kimi dəyərləndirilib. Laçın dəhlizi vasitəsilə Qarabağa gəlməsi isə Azərbaycanın dövlət sərhədini qanunsuz keçməsi kimi qiymətləndirilib.
“Vardanyan məhkəmə prosesini əvvəlcədən planlaşdırılmış və qurama hesab etdiyinə, həmçinin ölkədaxili hüquqi müdafiə vasitələrini səmərəsiz saydığına görə hökmdən apellyasiya şikayəti verməyib”, – deyə Saakyan vurğulayıb.
Kontekst
Bakı Hərbi Məhkəməsi fevralın 17-də iri rusiyalı və erməni sahibkar, dollar milyarderi və xeyriyyəçi Ruben Vardanyanı 20 il müddətinə azadlıqdan məhrum edib. Onun işi keçmiş Qarabağ rəhbərlərinin işlərindən ayrıca araşdırılıb.
Hökm elan edildikdən bir ay sonra Vardanyanın ailə üzvləri bəyanatla çıxış ediblər. Onlar bildiriblər ki, Vardanyan ailəsi ilə telefon danışığı zamanı Azərbaycanın ombudsmanı Səbinə Əliyevaya müraciət etməyə çalışıb. Lakin telefon əlaqəsi kəsilib.
Ailə mütəmadi olaraq beynəlxalq ictimaiyyətə müraciət edərək bildirir ki, Azərbaycanda yalnız Vardanyan deyil, digər erməni məhbuslar da institusional müdafiədən məhrumdur. Onlar ölkədə “insan hüquqlarının müdafiəsi üçün müstəqil mexanizmlərin” olmadığını vurğulayırlar. Bundan əlavə, məhbusların ailələri ilə əlaqəsini təmin edən Beynəlxalq Qızıl Xaç Komitəsi də Azərbaycandakı fəaliyyətini dayandırıb.
Fevralın 5-də, keçmiş dövlət nazirinə hökm elan edilməsindən iki həftə əvvəl, Azərbaycan məhkəməsi Qarabağın digər keçmiş rəhbərlərini ömürlük azadlıqdan məhrum edib. Onların arasında keçmiş prezident Arayik Harutyunyan, Müdafiə Ordusunun komandanı Levon Mnatsakanyan, komandan müavini David Manukyan, parlamentin spikeri David İşxanyan və xarici işlər naziri David Babayan var. Keçmiş prezidentlər Arkadi Qukasyan və Bako Saakyan isə 20 il müddətinə azadlıqdan məhrum ediliblər.
Bakı bütün məhbuslara terrorizmdən soyqırımı törətməyədək ağır ittihamlar irəli sürüb. Arkadi Qukasyan və Bako Saakyan barəsində daha yüngül hökm onların yaşı ilə izah olunur. Azərbaycan qanunvericiliyinə əsasən, 65 yaşdan yuxarı şəxslər ömürlük azadlıqdan məhrum edilə bilməzlər.
Qeyd etmək lazımdır ki, müstəqil media nümayəndələri və hüquq müdafiəçiləri məhkəmə proseslərində iştirak edə bilməyiblər. Dinləmələr barədə məlumatları dövlətə məxsus və hökumətyönlü Azərbaycan nəşrləri yayıblar.
Ruben Vardanyanın işi üzrə AİHM-ə şikayət