Yanvarın 24-də Bakı-Şuşa və Bakı-Ağdam marşrutları üzrə ilk sərnişin reysləri həyata keçiriləcək. Səfərlər ancaq Azərbaycan vətəndaşları üçün ildə bir dəfə və gecələməmək şərtilə mümkündür. Bütün marşrut üzrə avtobusları polis əməkdaşları müşayiət edəcək.
Bakıda Şuşa və Ağdam şəhərləri istiqamətinə mütəmadi avtobus marşrutlarının açılmasına həsr olunmuş brifinq keçirilib. Bu şəhərlər ikinci Qarabağ müharibəsindən sonra Azərbaycanın nəzarəti altına qayıdıb.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun sözlərinə görə, bu səfərlər üçün əsas şərt sərnişinlərin təhlükəsizliyinin təmin edilməsidir.
Marşrutlar və qiymətlər
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbəri Anar Rzayev qeyd edib ki, yeni avtobus marşrutları üzrə biletlərin qiymətini açıqlayıb.
Bakı – Ağdam 9,40 manat [$5,53]
Bakı — Şuşa 10,40 manat [$6,12]
Əhmədbəyli – Şuşa 7 manat [$4,12]
Bərdə – Ağdam 5 manat [$2,94]
Füzuli aeroportu – Şuşa 6 manat [$3,53]
Əhmədbəyli-Şuşa reysi həftədə 4 dəfə, Bakı-Şuşa reysi isə həftədə 2 dəfə həyata keçiriləcək.
Fizuli beynəlxalq aeroportundan Şuşa şəhərinə olan reys bu hava limanında təyyarələrin enmə vaxtı ilə sinxronlaşdırılacaq.
Biletləri xüsusi yaradılmış “yolumuzqarabaga.az” saytından əvvəlcədən almaq mümkündür.
Ancaq ildə bir dəfə
Rzayev əlavə edib ki, hər bir Azərbaycan vətəndaşı ildə ancaq bir dəfə Ağdam və Şuşa şəhərinə səfər edə bilər.
Şəhidlərin ailə üzvləri, ikinci Qarabağ müharibəsi iştirakçıları, milli qəhrəmanlar üçün səfərlər pulsuz olacaq.
Ancaq COVID-pasportu olan şəxslərin səfərinə icazə verilir.
Polis müşayiəti ilə
Azərbaycan DİN İctimai Təhlükəsizlik Baş İdarəsinin rəis müavini Eldəniz Məmmədovun sözlərinə görə, qeyd olunan istiqamətlərdə mütəmadi avtobus marşrutları polis əməkdaşlarının müşayiətilə həyata keçiriləcək.
“Bu, səfər müddətində mümkün problemlər halında polisin zamanında müdaxiləsi üçün vacibdir”, – o əlavə edib.
Səfər edəcək insanlar üçün minalardan təmizlənmiş yerlərin sxemləri hazırlanıb – Məmmədov bildirib.
Gecələməmək şərtilə
Brifinqdə bildirilib ki, təhlükəsizlik nöqteyi-nəzərindən səfər edənlərə gecə Ağdam və Şuşada qalmağa icazə verilməyəcək. “Vətəndaşlar orada bir neçə saat keçirə biləcəklər”, – Rəhman Hümmətov bildirib.
Onun sözlərinə görə, gələcəkdə əcnəbilər üçün Ağdam və Şuuşaya turist səfərləri təşkil oluna bilər.