Bu gün Azərbaycanda İkinci Qarabağ müharibəsində qazanılmış qələbə qeyd olunub. Ölkənin bir çox şəhərlərində zəfər yürüşləri təşkil olunub. Ən böyük zəfər yürüşü isə Bakıda keçirilib.
8 noyabr 2020-ci il tarixində Azərbaycan ordusu Şuşa şəhərini azad edib. Bir gün sonra İkinci Qarabağ müharibəsinə nöqtə qoymuş üçtərəfli bəyanat imzalanıb. 8 noyabr tarixi Azərbaycanda Qələbə günü elan edilib.
Hərbi liseyin kursantları 440 metrlik Azərbaycan bayrağını şəhərin mərkəzindən Hərbi qənimətlər parkına qədər daşıyıblar. Onları Sərhəd qoşunlarının süvari dəstəsi və İkinci Qarabağ müharibəsinin veteranları, həmçinin hərbi orkestr müşayiət edib.