İyunun 10-dan Azərbaycanda koronavirus pandemiyasına görə 2020-ci ilin martından davam edən karantin rejimində bəzi yumşalmalar qüvvəyə minib. Ticarət mərkəzləri, idman zalları, çimərliklər və məbədlər fəaliyyətini bərpa edib. Amma idman zallarına və məbədlərə COVID-pasportsuz girmək mümkün deyil.
Hökumət artıq iyulun 1-dən bir ildən çoxdur ki bağlı olan digər yerlərin açılacağını da anons edib. Bunlar teatrlar, kinoteatrlar və konsert zallarıdır. Koronavirusla Mübarizə üzrə Operativ Qərargah nümayəndələrinin bəyanatlarına əsasən, bu məkanlara da ancaq COVID-pasportu olanlar buraxılacaq.
COVID-pasportu ölkədə istifadə olunan dörd vaksindən birinin hər iki dozasını vurduran və son altı ayda COVID-19 virusuna yoluxub, sağalanlar xüsusi sayt vasitəsilə əldə edə bilər.
JAMnews Bakı küçələrində sorğu keçirib və Azərbaycanın paytaxt sakinlərinin COVID-pasport almaq istəyib-istəmədiklərilə maraqlanıb.